Gəncə şəhərinin nümayəndə heyəti Avropa layihəsində iştirak edir

2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncə digər Avropa şəhərləri ilə bərabər “100 faiz gənclərin dostu olduğunu təsdiq etmiş şəhər” layihəsində iştirak edir.

Avropa İttifaqının təsis etdiyi “Erasmus+” proqramının KA2 Strateji Əməkdaşlıq bölməsi tərəfindən maliyyələşən və Portuqaliyanın Braqa şəhərinin Gəncə, Kluj-Napoka, Riqa, Türin, Valensia və Varna şəhərləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi beynəlxalq layihə çərçivəsində bu şəhərlərə səfərlər ediləcək, gənclər üçün mövcud maliyyə imkanları ilə, infrastruktur və gənclərlə bağlı proqramlarla tanışlıq olacaq.

İyunun 24-30-da Riqaya səfər etmiş layihə heyəti və layihəyə tərəfdaş qismində qoşulmuş şəhərlər Riqada gənclərin işini qiymətləndirəcək və şəhərin gənclər sahəsində 100 faizlik göstərici üzrə hansı yerdə olduğunu müəyyənləşdirəcək. Bu görüşün 2016-cı ilin may ayında Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə layihə 2015-2017-ci illəri əhatə edəcək.

Gəncə şəhərini bu layihədə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi və onun sədri Elmir Vəliyev, həmçinin Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov təmsil edir. Əldə olunan nəticələrə əsasən, şəhərlərə “100 faiz”, “75 faiz”, “50 faiz” və “25 faiz” titulları veriləcək.

Dosye.org

COMMENTS