Top.Mail.Ru

Gəncə təhsilində ÖZBAŞINALILQ – Prezidentə müraciət olundu

Gəncə təhsilində ÖZBAŞINALILQ – Prezidentə müraciət olundu

Əməkdar müəllim, Prezident mükafatçısı, şair, 8 şeir kitabının müəllifi, Azərbaycan yazıçılar, Jurnalistlər, aşıqlar birliyinin üzvü, “Qızıl Qələm” Mükafatı laureatı, 1995-ci ildən bəri YAP-ın üzvü, Gəncə Şəhər Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya Müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Çox hörmətli cənab Prezident !

Mən dəhşətə gəlirəm, ona görə ki, bundan qabaq sizə yazmış olduğum 16 müraciətin heç birinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin laqeydliyi, səriştəsizliyi ucbatından cavab verilməmişdir. Çünki, Təhsil Nazirliyinin öz daxilində baş verən çəkişmələr, öz başınalıqlar, ictimai-siyasi proseslər özünün pik nöqtəsinə çatmışdır. Artıq ictimaiyyətə məlumdur ki, Təhsil Nazirliyində xüsusi qruplaşmalar var. Yəni, Nazirlik sistemində çalışan qeyri-peşəkar bəzi rəhbər işçilər o cümlədən nazir müavini Muxtar Məmmədov, nazirliyin rəsmiləri Rəşad Xanlarov, Orxan Abbasov, Eşqi Bağırov və s. Özlərini hər biri nazir kimi aparır və heç kimi saymırlar. Bu adamlar sadə Azərbaycan vətəndaşlarını xüsusilə sadə müəllimləri milçək kimi tapdalamağa çalışırlar. Bunlara baxıb Gəncə şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də Gəncədə özünü nazir kimi aparır. O heç kəsdən qorxub çəkinmir, siravi müəllimləri qəbul belə etmir. Niyə? Çünki, müəllim deyil, bu adam mühasibdir. Mənə qəribə gələn odur ki, Anar Qədiməliyev müəllimlik peşəsini sevirdisə elə gəncliyindən Pedaqoji Universitetə qəbul olub, elə müəllim olardı. Ancaq bu adam özü üçün mühasiblik ixtisasını seçib, Aqrar Universiteti bitirib. Hələ buradan belə nəticə çıxır ki, bir insan heç öz ixtisasını da mükəmməl bilmir. Əgər bilsəydi, gedib öz ixtisası üzrə işləyərdi. İndi mən Pedaqoji Universiteti bitirib, müəllimlik peşəsinə yiyələnmişəm. 45 ildir müəllim işləmişəm. İndi mənə desinlər ki, gəl səni Gəncə şəhərinə Maliyyə İdarəsinə müdir qoyuruq. Təbiidir ki, bir mənalı qaydada cavab verərdim ki, mən maliyyəçi deyiləm. Mənim maliyyədən başım çıxmır çünki, bəs mənim ağlıma nə gəlib?
Burdan artıq hamıya aydındır ki, həmin bu gəncin psixoloji durumunda problem var. Yəni ağlı olan kəs bir başa Təhsil İdarəsinin müdiri işləyə bilməz.
Cənab Prezident, bu şəxs Təhsil İdarəsinin funksiyasını bilmir. Bu adam məktəbşünaslığı bilmir, pedaqogika və psixologiyadan xəbərsizdir. Ona görə də Gəncə təhsili bərbad günə qalıb. Bu baxımdan da əsl təhsil işçisi olan şəxs Respublikanın əməkdar müəllimi, ictimai xadim, ömrünü-gününü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, şair, Prezident mükafatçısı, ən nəhayət 44 günlük müharibədə parlaq qələbəmizə ithaf etdiyi və respublikanın müxtəlif dövri mətbuatında dərc olunan Qələbə müjdəli şeirlərin, o cümlədən “Gedək çıxaq Qarabağa”, “Qarabağ Azərbaycandır”, “Azərbaycan əsgəri” kimi şeirlərin müəllifi yəni, Həsənov İlham Musa oğlunu qərəzli şəkildə 65 yaşı tamam olan kimi sifariş verib işdən çıxartdırmazdı. Çünki, mən bu adamlara xeyir eləmirəm, mən ancaq dövlətə və dövlətçiliyə xidmət edirəm, mən ulu öndər Heydər Əliyevin yaxın dostu və silahdaşıyam.
Cənab prezident, məni bir sual düşündürür: Bu adamın özbaşınalıqlarından, hikkəsindən rəhbərliyin xəbəri yoxdur?
-Var, sadəcə olaraq onlar da SOROS-dan qorxub, çəkinib, ciddi ölçü və tədbir görmürlər. Bu adamın Təhsil Nazirliyində dayaq nöqtələri var, əsas Muxtar Məmmədov, Orxan Abbasov və Eşqi Bağırovdur. Hətta deyilənə görə, Orxan Abbasovda Muxtar Məmmədovla kirvəlik münasibətləri də var. Konkret olaraq, sizin nəzərinizə onu çatdırmaq istəyirəm ki, Allah Heydər Əliyevə Rəhmət Etsin! Onun qəbri nurla dolsun! Sizi inandırım ki, mənim bu işimlə bağlı Heydər Əliyevin ruhu narahatdır. Onun goruna qurban olum! Əgər Heydər Əliyev sağ olsaydı, Təhsil Nazirliyinin mənim barəmdə verdikləri qeyri-qanuni əmri, nazirliyin özbaşınalıqlarını, ədalətsizliklərini, xalqa məlum olan biabırçılıqlarını heç kəsə bağışlamazdı. Hətta inandırım ki, öz doğma oğlu sizə-İlham Əliyevə də bağışlamazdı. Necə yəni? 65 yaşı tamam olan kimi mənim əmrimə xitam verilir, mənim kimi ictimai xadim işdən çıxarılır. Amma 75-85 yaşlı adi məktəb direktorları işdə saxlanılır. Hətta Gəncədə 67 yaşlı Bəhram İmranov işdə saxlanılır. Xeyir ola? Yəni, bundan sonrada inanıram ki, Emin Əmrullayev nazirlikdəki həmin qruplaşmaya qətiyyətli sözünü deyəcəkdir. Maraqlıdır ki, mənim haqqımda da nə müsbət, nə mənfi cavab verə bilmirlər. Çünki, tutarlı səbəbləri yoxdur. Bu adamlar yalnız yuxarıdan tapşırılan və ya rüşvət verən məktəb direktorlarını işdə saxlayırlar. Bunu mən demirəm. Elementar məntiq deyir. Bəs onda məqsədiniz, marağınız nədir? Təhsil Naziri Emin Əmrullayev öz əməkdar müəlliminin taleyini ancaq özü müsbət mənada həll edə bilər. Bu da bir nazirin uğurlu və nümunəvi addımı olar. Haqq və ədalətin yerini yanındakı işlərini bilməyən işçilərinə göstərmiş olar.
Cənab Prezident, bu 17- ci müraciətimi sizə və hörmətli Mehriban xanıma ünvanlayıram. Yalnız bu ölkədə Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin uğurlu yolunu layiqincə davam etdirən sizə ümid bəsləyirəm. Mənə kömək eləsə yalnız siz edə bilərsiniz. Ən başlıcası sizdən xahiş edirə ki, Gəncə təhsilinin başındakı bu qara buludu tamamilə dağıdıb Anar Qədiməliyevi tezliklə Gəncədən uzaqlaşdırasınız. Bu adam Gəncə Təhsilinə ləkədir. Artıq Təhsil İdarəsində 1 və ya 2 nəfər təhsil işçisi qalıb, digərləri bank işçiləridir. Görün gənclərimizin taleyini kimlərə həvalə etmişik. Vallah bunları tarix bizə bağışlamayacaq. Gənc nəsil vaxt gələcək bizi lənətləyəcək. Cənab Prezident, sizdən bir Azərbaycan ziyalısı kimi, çox xahiş edirəm ki, siz tərəfdən səlahiyyətli bir şəxs məni qəbul etsin. Mən hər şeyi ona danışım. Öncədən dərin təşəkkürümü bildirirəm”.

DOSYE.ORG

COMMENTS