Gəncədə 19 yaşlı Pərvinin qətli: qatil qismən yüngül cəza aldı

Gəncədə 19 yaşlı Pərvinin qətli: qatil qismən yüngül cəza aldı

Gəncədə bu ilin fevralında baş vermiş səs-küylü qətl işi üzrə məhkəmə yekunlaşıb. virtualaz.org xəbər verir ki, Gəncə Dövlət Aqrar Universitetinin 19 yaşlı tələbəsi Pərvin Xaqani qızı Musayevanı “qısqanclıq zəminində” boğub öldürən və meyitini zibillik əraziyə atan, özü də elə həmin institutun tələbəsi olan 20 yaşlı  Sərdar Cəfərov 12 il yarım həbsxana cəzası alıb. Hansı ki, bu gənc qızı amansızlıqla öldürən qatil üçün yüngül cəza sayıla bilər. (Bir qayda olaraq Azərbaycanda məhkəmə hakimləri qısqanclıq zəminində baş verdiyi deyilən qadın qətlləri üzrə belə yumşaq cəzalar verir, – red.)

Hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, S.Cəfərov P.Musayeva ilə əvvəlcə özünə məxsus avtomobildə mübahisə edib, sonra onu boğaraq öldürüb və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atıb.

Qatil qurbanı ilə sevgi münasibətlərində olub və qətlə Pərvinin ondan ayrılmaq istəyi gətirib çıxarıb. Qızın ailə üzvlərindən biri o zaman yerli KİV-lərə açıqlamasında bildirib ki, Pərvinlə eyni universitetdə təhsil alan, onun qətlində təqsirləndirilən 20 yaşlı Sərdar Cəfərovla Pərvinin münasibətləri qətldən öncə yox, hadisədən təxminən 1 il əvvəl pisləşib: “Pərvinin qrup yoldaşlarının dediyinə görə, Sərdar Pərvinə barışıq üçün dəfələrlə təkidlər edibmiş.

Fevralın 19-da Sərdarın təkidi ilə onlar sonuncu dəfə görüşüb. Görüş yerinə tək, ictimai nəqliyyatdan istifadə edərək gələn Pərvin bir müddət açıq havada onunla söhbət edib. Sonra Sərdarın “görən olar” deyərək söhbəti maşında davam etdirmələri üçün Pərvini təkidlə maşına əyləşdirdiyi deyilir. Maşında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini və ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini deyib.

Sərdar isə Pərvini boğaraq öldürüb. Bundan sonra Sərdar Pərvinin meyitini maşınında saxlayaraq anası ilə yaşadığı evə gedib. Onun maşını tələsik şəkildə yaşadığı evə sürməsi və marketdən “skoç” alması onun yaşadığı ərazidə olan təklükəsizlik kameralarına düşüb”.

İddiaya görə, Sərdar meyiti yaşadığı evdə anası ilə birlikdə “skoç”la bağlayıb: 

“İzi itirmək üçün meyiti böyük qutuya qoyub, o formada bir neçə saat evdə saxlayıb. Gecə saatlarında meyiti elə qutuda yaşadığı evin yaxınlığındakı zibil qutusuna atıb. Üstünə isə əlavə zibillər qoyub. Bunlar da kameraya düşüb. Zibil maşını səhər saatlarında qutuları boşaldaraq “Avtozavod” qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə aparıb. Buna görə də Pərvinin meyitinin tapılması çətinləşib, bir aya qədər uzanıb”.

DOSYE.ORG

COMMENTS