Gəncədə peşə təhsili NİYƏ BÜDRƏYİR? – MÜRACİƏT

Gəncədə peşə təhsili NİYƏ BÜDRƏYİR? – MÜRACİƏT

Gəncə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi barədə yeni məlumatlar əldə etmişik. Məlumata görə, liseyin bir qrup müəllimi liseydəki mühitə və direktorun əməllərinə narazılıq edərək Azərbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional Ərazi şöbəsinin rəisi cənab Ayaz Rəhimova, Gəncə şəhər Həmkarlar İttifaqına, Gəncə şəhər Maliyyə İdarəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinə şikayət məktubları göndəriblər.

DOSYE.ORG Demokratik.Az-a istinadla müəllimlərin özəl xahişini nəzərə alaraq, yuxarı qurumlara ünvanlanmış açıq MÜRACİƏTi ixtisarlarla təqdim edirik:

“Yazib sizlərə bildirir və sizlərdən xahiş edirik ki, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərinə köməklik edəsiniz.

Bildiririk ki, bizə yeni müdir vəzifəsinə təyin edilmiş Azər Rüstəmov öz vəzifəsini düzgün icra edə bilmir. Etməli olduğu mühüm işləri isə rəhbəri olduğu müəllimlərə, kollektivə hörmətsiz yanaşaraq problemləri həll etməkdən yayınır. Direktor müəllimin şəxsiyyətini şagirdin qarşısında qışqıraraq nalayiq ifadələrlə alçaltmaqdan belə çəkinmir, təhsil və əmək qanunvericiliyinin tələblərini pozmaqla bir sıra özbaşınalıqlar, maliyə pozuntuları həyata keçirir.

Müəllimlərə qarşı qeyri-adekvat davranan, “müəllimlər haqqında etik kodeksi” bəzən pozan Azər müəllim özünə qarşı etirazını bildirən müəllimlərə hədə-qorxudan geniş istifadə edir. Ona görə, media üzərindən bu şikayətdə biz adımızın çəkilməsini istəmirik.

Bir neçə aydır bizə müdür təyin edilən şəxsin gördüyü işlərin az bir qismi, xüsusilə maliyyə pozuntuları haqqında onu bildirək ki; Mərkəzimizin informatika üzrə ixtisas fənn müəlimi olan Ələsgərov Rzaya 1 № li məktəbdə həftədə 36 saat – yəni 2 stafka dərs saatı ayrılmışdır. Eləcə də ona sinif rəhbərliyi və 3 saylı liseydə dərs hissə müdiri vəzifəsini vermişdir. Hansı ki, Rza Ələsgərov Gəncə Dövlət Universitetində də müəllimdir. Adam savadlı olsa da, araşdırılmalıdır ki, bu qədər vəzifəni və dərs yükünü Rza müəllim necə daşıya bilər?

Liseyimizi irəli apara biləcək təcrübəli informatika müəllimlərimizdən olan Məhəbbət Məmmədova qarşı da ədalətsizlik baş vermişdir. Direktor ötən il liseyin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edərkən “informatika” ixtisası üzrə fənn müəllimlərinin bir ştat (18 saat) dərs yükünü öz adına mənimsəmişdir.

Tədris istehsalat ustası olan yaşlı Alim Məmmədova qarşı dəfələrlə kobud hərəkətlər etmişdir.

02 fevral 2022-ci ildə xanım müəllimimizin təşkilatçılığı ilə keçirilmiş, “Gənclər günü”nə həsr edilmiş tədbiri də direktorumuz əsassız yerə pozmuşdur. “Siqaretin insana zərərləri haqqında” keçirilmiş tədbirə köməklik göstərmək əvəzinə, tədbiri mənasız adlandırmış, sonadək iştirak etməmiş və nəticədə prosesin gedişi pozulmuşdur.

Bundan başqa, Azər Rüstəmov 2021-ci ildə direktor vəzifəsini icra edərkən öz maraqları müqabilində İbrahim Məhərrəmovu imtahansız və agentliklə məsləhətləşmədən şəkildə liseydə baş mühasib işilə təmin etmişdir. Hansı ki, İ.Məhərrəmov kollektivimizin üzvü deyil və onun mühasib kimi təcrübəsi və bacarıqları barədə Azər Rüstəmovun hansı məlumatlara sahib olması şübhələr doğurur. Eləcə də sözügedən baş mühasiblə direktor arasında sınaq müddəti olmadan müddətsiz əmək müqaviləsi imzalanıb və o, liseyə bağlı bir neçə korpusun maliyyə işlərini köməkçisi olmadan təkbaşına yürüdür. Yetəri sayda iqtisadiyyat müəllimləri olduğu halda, baş mühasibə mühasibat qruplarına da dərs keçməsinə şərait yaradılması araşdılımalıdır.
Direktor dərs saatlarını ümumiyyətlə özünün yaxın ətrafına yığdığı, ştat üzrə işləməyən, mərkəzdə digər ştatlar üzrə adı gedən şəxslərə paylamağa həvəslidir. Məsələn, Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə dərs saatları bu fənni tədris edən və 1 stavkadan az dərsi olan ümumtəhsil fənn müəllimlərimizə yox, kitabxanaçı vəzifəsini icra edən xanıma həvalə edilib.
Belə ki, kitabxanaçıya 2 saylı məktəbdən Azərbaycan dili nitq mədəniyyəti, Ana dilində ünsiyyət fənlərinin tədrisini, liseyin addelkadr vəzifəsini icra edən şəxsə isə 1 saylı peşə məktəbindəki eyni fənlərin tədrisini və ixtisası “turizm işinin təşkili” olan ixtisas fənn müəlliminə “xarici dildə ünsiyyət” fənnindən dərs saatları verib.

Mərkəzimizin İKT peşələri üzrə gənc fənn müəllimləri də direktorun idarəetmə qabiliyyətindən əziyyətlər çəkir. Məsələn, Əli müəllim kimi şərəfli müəllimimiz hələ 2021-ci ilin sentyabr ayında 169 manat maaşa işləsə də, yəni, həftədə cəmi bir neçə saat dərsi olduğu halda direktorun qanunsuz diqtəsilə 8 saatlıq iş tələbilə əmək hüquqları pozulub. Yalnız şikayətlərdən sonra, hüquqları qismən də olsa bərpa edilib, direktor 750 manat civarında cərimələnib. Lakin, müəllimin əlavə işləməsi üçün artıq əməkhaqqı ödənilməmiş qalıb.

Mərkəzimizin fizika fənn müəllimi isə 09.12.2021-ci il tarixdə dərsdə şuluq salan şagirdə qarşı qanuni tələblər irəli sürdüyünə görə başı ağrıyıb. Direktor müəllimini müdafiə etmək əvəzinə, kollektivin yanında xanım pedoqoqu çığır-bağırla mükafatlandırıb”-deyə kollektiv adından saytımıza verilən məlumatlarda bildirilib. Müraciətdə yer alan digər detalların ictimailəşdirilməsini isə məqbul hesab etmirik.

Sözügedən liseydə direktorun idarəetmə qabiliyyətinin tənqidinə dair oxşar müraciətlər alırıq və bu hal bizi narahat edir. İnanırıq ki, Peşə Təhsili üzrə dövlət Agentliyi özü yazılanlara aydınlıq gətirərək söylənilənləri ciddi şəkildə araşdıracaq.
Qarşı tərəflə əlaqə yaratmaq, münasibət öyrənmək cəhdlərimiz uğursuz alındı.
Yazıda adıkeçən şəxsin mövqeyinə sayğımızı ifadə edirik.

DOSYE.ORG

COMMENTS