“GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN ELMİ-İCTİMAİ FƏALİYYƏTİ KİV-DƏ” ADLI TƏQDİMAT KEİÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyi münasibətilə media nümayəndələri üçün Yay məktəbi təşkil olunub.

“Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Siyasət və Təbliğat Kampaniyası-2015” layihəsi çərçivəsində keçirilən “Science Activity-2015” adlı iki günlük Yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak edir. Tədbiri giriş sözü ilə İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev açıb. Bildirib ki, Yay məktəbi AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, eyni zamanda Akademiya ilə əməkdaşlıq edən jurnalistlərin daha da stimullaşdırılması məqsədi ilə təşkil olunub.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (AMEA) İdarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova təlim çərçivəsində “Gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyəti KİV-də” adlı təqdimatla çıxış edib. Alim bildirib ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası 2013-cü ilin 27 dekabrında AMEA-nın elmi müəssisələrinin gənc alim və mütəxəssislərinin ümumi yığıncağında təsis olunub. Şuranın yaranması ilə Akademiya gəncləri arasında uzun müddət mövcud olmuş pərakəndəlik aradan qaldırılıb, onların bir mərkəzdən idarə olunması asanlaşıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədinin AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili olduğunu deyən F. Əlimərdanova həmçinin, əldə olunan еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi məsələləri həyata keçirilir.

Alim qeyd edib ki, şurаnın fəaliyyətinə həmçinin, ölkədə elmin təbliği və Azərbaycan elminin dünyaya inteqrasiyasının sürətləndirilməsi məsələləri də daxildir. Bildirib ki, şura gənc alimlər üçün müəyyən stimullaşdırıcı elmi müsabiqələr keçirir, həvəsləndirici mükafatlar təqdim edir. Eyni zamanda, gənc alimlərin ölkədə mövcud müvafiq fondlarla əməkdaşlığı üçün lazımi şərait yaradılır.

F. Əlimərdanova bildirib ki, AMEA rəhbərliyi Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı istiqamətində də işlər görür. Elm və texnologiyaların sürətlə inkişaf etdiyi, intellektual nailiyyətlərin insan həyatına nüfuz etdiyi müasir dövrdə elmin müxtəlif sahələri üzrə biliklərin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin elmi əsasda ictimaiyyətə çatdırılması ölkə jurnalistləri qarşısında yeni vəzifə kimi formalaşmışdır.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı xatırladan F. Əlimərdanova Azərbaycan elminin dünyaya inteqrasiyasının gücləndirilməsi, alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsi, həmçinin elmi nailiyyətlərin cəmiyyətə, təhsil müəssisələrinə çatdırılmasının mühüm vəzifələrdən olduğunu deyib. Vurğulayıb ki, elmin populyarlaşdırılması və innovativ nailiyyətlər haqqında məlumatların cəmiyyətə çatdırılması işi məhz həmin vəzifələrdən irəli gəlir.

Bunu nəzərə alan Rəyasət Heyəti 2013-cü il mayın 29-da İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərar qəbul edib. Son illlər ərzində şöbənin təşəbbüsü ilə akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına jurnalistlər cəlb olunub və nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılılıb. Bu şəbəkə elmin təbliği, xüsusən gənc alim və mütəxəssislərin geniş ictimayyətə tanıdılmasında, onların nailiyyətlərinin işıqlandırılmasında mühüm rol oynayır.

Qeyd edilib ki, elmi jurnalistikanın funksiyası elmi geniş kütləyə çatdırmaqla yanaşı, alimlərlə oxucu kütləsi arasında əlaqə yaratmaqdır. İctimaiyyətlə əlaqələr şöbəsi ölkəmizdə elmi jurnalistikanın formalaşması və inkişafı məqsədilə layihə, təlim və seminarların, yazı müsabiqələrinin təşkilini nəzərdə tutur. Bu işlərə Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən jurnalistlərlə yanaşı, yerli KİV-lərin də əməkdaşları cəlb olunacaq, onlara xarici ölkələrdə təşkil edilən müvafiq təlim və seminarlarda iştirak imkanları yaradılacaq.

F.Əlimərdanova vurğulayıb ki, AMEA-nın ictimaiyyətlə əlaqələr sahəsində əsas hədəfi Azərbaycanda elmin ictimailəşməsi, elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir. GAMŞ-ın qarşıya qoyduğu əsas hədəflərdən biri də gənc alimlərin əldə etdikləri elmi nailiyyətlərin ictimailəşməsidir.

Bu nöqteyi-nəzərdən Akademiyada çalışan gənc alim və mütəxəssislərin elmi nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılması, şuranın fəaliyyətinin KİV-də işıqlandırılması və müxtəlif mövzulara həsr olunmuş teleradio layihələrində iştirakla bağlı şura ölkədə fəaliyyət göstərən media orqanları ilə sıx əməkdaşlıq edir.

GAMŞ rəhbəri bildirib ki, AMEA-da gənclərlə müvafiq iş aparılması mühüm prioritetlərdən biri olaraq daim Akademiya rəhbərliyinin diqqət mərkəzindədir. O, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən Azərbaycan elminin inkişafında və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmaq üçün kompleks tədbirlər həyata keçirildiyini vurğulayıb.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS