Gədəbəydə məmur fironluğu- ŞOK İTTİHAM

Gədəbəy rayon sakini, iş adamı Oqtay Əliyev SABAHİNFO.Az-a şikayət məktubu ilə müraciət edib. O, məktubunda Gədəbəy İcra Hakimiyyətinin özbaşınalığından şikayətlənir.

 

Dosye.org SABAHİNFO.Az-a istinadən  məktubu olduğu kimi təqdim edir:
-Azərbaycanın digər rayonları kimi Gədəbəy də sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində Gədəbəy sakinlərinin sosial rifah halı gündən-günə yüksəlir. Bu, gədəbəyliləri çox sevindirir. Gədəbəydə zəngin təbiətin, təbii bulaqların, təmiz havanın olması imkan verir ki, burada turizm sahəsini genişlənsin. Amma təəssüflər olsun ki, buna mane olan bəzi qüvvələr var.
Ötən ilin iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəldim. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan bu ərazidə nazirliyin qanuni sərəncamı ilə obyektin tikintisinə başladım. Amma elə həmin gündən Gədəbəy Rayon İcra Hakimiyyətinin əsassız təzyiqinə məruz qaldım. İcra Hakimiyyəti tikintini dayandırdı. İcra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşdüm. O dedi ki, rayonda abadlıq işləri gedir. Bizə rayonun abadlaşdırılması üçün köməklik göstərin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün biz də sənə kömək edərik. Lakin obyektin tikintisi yekunlaşan vaxt – 2014-cü il iyul ayının 11-də heç bir səbəb göstərilmədən yenidən icra hakimiyyəti tərəfindən iş dayandırıldı. Heç bir xəbərdarlıq etmədən və qanuni bir əsas göstərmədən obyektin bir hissəsini sökdülər. Halbuki obyektin tikintisi üçün aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğuna görə tikintini yarımçıq qoydular.
Obyektin bir hissəsi dağıdılandan sonra məni icra hakimiyyətinə dəvət etdilər. Orada icra başçısının müavini Rüstəm Nağıyevdən obyektin hansı əsasla söküldüyünü soruşduq. Qarşı tərəf isə bunun icra başçısının tapşırığı olduğunu dedi. Etiraz olaraq dedik ki, bundan ötrü məhkəmə qərarı əsasında müvafiq sənəd olmalıdır. İcra başçısının müavini isə bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi. Ona bildirdim ki, mən bir manat da verməyəcəm. Məhz bundan sonra Gədəbəy rayon rəhbərliyi mənə qarşı daha sərt mövqe tutmağa başladı.
Beləcə İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə düz üç dəfə qanuni şəkildə mənə məxsus olan obyekti sökməyə cəhd ediblər. Sonuncu dəfə isə iyul ayının 29-da Müqəddəs Ramazan Bayramında, bazar günü iş günü olmadan obyekti yerlə yeksan etdilər.
Xahiş edirik ki, bununla bağlı narahatçılığımızı işıqlandırasınız və problemin ədalətli həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırasınız.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq

COMMENTS