Gəncədə baş həkim polikilinkada “bazar” açıb

Rasim Hüseynov poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır

Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür.

Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 3 saylı şəhər poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur.

Məlumatları təqdim edən mənbə baş həkim Rasim Hüseynovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. Qeyd olunur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin ödənişsiz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar.

Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tib müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib.

Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər.

Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Maraqlıdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər.

Daxil olan məlumatlarda vurğulanan məqamlardan biri də budur ki, Rasim Hüseynov rəhbərlik etdiyi poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır. Amma bu zaman o, digər baş həkimlər kimi xəstələrin “cibini güdmür”. Sadəcə olaraq poliklinikanın həkimləri hər ay aldıqları maaşdan və ya qazandıqlarından Rasim Hüseynova müəyyən edilmiş məbləğdə “haqq” ödəyirlər.

Mövzuya dair dərc etdiyimiz ötən materialda da biz artıq qeyd etmişdik ki, Rasim Hüseynov bir müddət əvvəl Yevlax Əlillərin Bərpa Mərkəzində baş həkim vəzifəsində çalışırdı. Lakin Gəncəyə icra başçısı təyin olunan Elmar Vəliyev, bu şəhərə gələrkən özü ilə birgə R.Hüseynovu da bura gətirərək, onun hazırda tutduğu vəzifəyə təyinatına nail olmuşdur.

Lakin bəzi mənbələr bu yeni təyinatın baş həkimin heç də ürəyincə olmadığını vurğulayırlar. Səbəb isə budur ki, əlillərin bərpa mərkəzlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərmələri, bu müəssisələrdə R.Hüseynov kimi kadrlar üçün yeyinti və mənimsəmə imkanlarını da daha geniş edir. Yeni aldığı vəzifədə isə baş həkim sadəcə ələ keçirə biləcəyi “xırda-xuruşla” başını qatmalı olur…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS