General arvadının qaçırılması ilə bağlı ittihamlar DAVAM EDİR

General arvadının qaçırılması ilə bağlı ittihamlar DAVAM EDİR

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadını və uşaqlarını ölkədən qanunsuz çıxarmaqda ittiham olunur.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən məhkəmədə təqsirləndirilən şəxslər ifadə veriblər. İlk ifadə verən Namiq Camalov DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və həbs olunduğunu söyləyib.

O, Emin Şəkinskinin keçmiş həyat yoldaşını “Azərbaycan Miqrasiya Mərkəzi” ictimai birliyinin prezidenti Əlövsət Əliyev vasitəsilə tanıdığını bildirib:

“Əlövsət Gülnarəni mənə öz bacısı qızı kimi tanıtmış, adının da Aysel olduğunu demişdi. Aysel kimi tanıdığım Gülnarəyə sürücülük edirdim. Sənədlərlə bağlı onu müəyyən yerlərə aparmışam. Bir neçə dəfə Bərdəyə – polis şöbəsinə getmişik.

Deyirdi, evi plana düşüb. Bakıdakı evindən qeydiyyatdan cıxaraq, rayon qeydiyyatına düşmək istəyir. Onun yanında həmişə Şəfiqə adlı yaşlı qadın olurdu. Bərdədə Pənah və Saçlı ilə görüşdük, polis şöbəsinə girib cıxdılar. Sənəd məsələsi ilə onlar məşğul olurdular.

Hakim: “Əlövsət Əliyev buna görə sizə nə qədər pul verirdi?”

Namiq Camalov: “Sürücü kimi 600-700 manat alırdım. Bərdəyə aparıb-gətirməyimə görə ayrıca 1500 manat da vermişdi”.

Məhkəmədə Əlövsət Əliyev bu cür faktlarla ittiham olundu. Məsələ ilə bağlı onun özü ilə əlaqə yaratmaq istədik. Lakin Ə.Əliyev müraciətlərimizə cavab vermədi. Lakin o, məhkəmə öncəsi bu barədə sosial şəbəkə vasitəsi ilə yaydığı bəyanatında aşağıdakı fikirləri söyləmişdi:

“2014-cü ilin yanvar ayında Gülnarə Şəkinskaya ona müraciət edib və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirib: “Özünün iştirakı olmadan uşaqları ilə ərinin görüşməsi haqqında məhkəmə qərarını, eyni zamanda, məcburi olaraq ruhi əsəb xəstəlikləri dispanserinə aparılmasını bildirdi. Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə, onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə mövcuddur.

Bunlara əsaslanaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən səfirlik və ya beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi.

Qaçqın statusu almağa əsas olan halları və “məcburi köçkünlərin hüquqi statusu” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qaçqın statusu almaq hüququ olan şəxslər haqqında ona geniş məlumat verdim.

Söhbət zamanı onun DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı olduğunu bildim. Bəlli oldu ki, onun oğlu olmadığına görə (dörd qızı var) Emin Şəkinski onu boşayıb. Eminin birinci xanımından olan oğlu rəhmətə gedəndən, qızları isə bir az böyüyəndən sonra Emin tədricən qızları ilə yaxınlıq etməyə başlayıb. İndi isə qızları ondan almaq üçün onu ruhi əsəb xəstələri üçün dispanserə qoymaq istəyir. Onun mənə verdiyi məhkəmə qərarında Eminin uşaqlarla həftədə bir dəfə, 4 gün müddətində görüşməsi qət edilmişdi.

Uşaqların hansı qaydada xaricə aparılması və ya özünün haradan viza alacağı mənim üçün maraqlı deyildi və mənim işimə də aidiyyəti yox idi. Həmin vaxt, onun uşaqlarının xaricə aparmasına icazənin olub-olmadığı ilə də maraqlanmamışam və bu məsələ müzakirə olunmayıb”.

Əlövsət Əliyev bundan öncə Emin Şəkinskinin baldız və qayınının da xaricə getməsinə kömək edib: “Gülnarə xanıma qədər 2012-ci ildə Azərbaycan Miqrasiya Mərkəzinə Gülnarə xanımın 09. 09. 1964-cü ildə anadan olmuş bacısı Yusubova Elnarə Rəhim qızı hüquqi yardım üçün müraciət etmişdi. Ona xarici pasport verilməsinə məhdudiyyət qoyulmuşdu. Biz onun adından daxili işlər nazirinə və ölkə başçısına müraciət etdik və iki aydan artıq apardığımız yazışmadan sonra cənab Emin Şəkinskinin bu qanunsuz göstərişini ləğv etdirdik.

Ondan əvvəl isə hələ 2008-ci ildə bizim təşkilata Gülnarə xanımın qardaşı 24 noyabr 1978-ci ildə anadan olmuş Yusubov Fərid Rəhim oğlu müraciət etdi. Onun da ölkədən getməsinə cənab Emin Şəkinski tərəfindən qadağa qoyulmuşdu. Onu İrana getmək istədiyi zaman Astarada sərhədçilər saxlayıb və polisə təhvil vermişdilər. 10 gün heç bir sənədləşmə aparmadan onu polisdə saxladıqdan sonra xüsusi konvoyla Bakıya gətirmişdilər. Pasportu və digər sənədləri isə qanunsuz olaraq Emin Şəkinski tərəfindən götürülmüşdü. Yalnız 6 aylıq yazışmadan sonra – ölkənin birinci xanımının dərkənarı ilə olan məktub prokurorluğa göndəriləndən sonra onun sənədlərinin geri alınmasına nail ola bildik və o, ölkəni tərk edə bildi.

Aprel ayının əvvəllərində Gülnarə xanım mənə zəng etdi və Gürcüstanda olmasını bildirdi. Ona verdiyim məsləhət üçün təşəkkür etdi. Xahiş etdi ki, ona qardaşı və bacısına göstərdiyim hüquqi yardımla bağlı bir dəstək məktubu göndərim. Sonradan mən həmin məktubu da tələb olunan ünvana göndərdim. Bununla bağlı olaraq Gürcüstanda olduğu zaman onunla bir necə dəfə telefon bağlantımız oldu”.

AMM rəhbəri 60 min manatın oğurlanmasından da danışıb:

“Guya Gülnarə xanımın mənzilində cənab Emin Şəkinskinin pulu olub. Bu məlumat tam yalandır. Gülnarənin yaşadığı ev Bayraq meydanının tikintisi ilə əlaqədar söküldüyünə görə, Bakı Şəhər İcra Hakimiyyətindən aldığı pulu olduğu kimi bankların birində hesab açaraq köçürüb. Bunu yəqin ki, istintaq orqanı istəsə araşdıra bilərdi”.

Əlövsət Əliyev özünün necə mühacirətə getməsini də aydınlaşdırıb: “Səhhətimdə yaranmış problemlə bağlı 2014-cü ilin mart ayında Almaniyada həkim müayinəsindən keçmək üçün növbəyə dayandım və onlardan zəng gözləyirdim. 19 aprel 2014-cü ildə Almaniyada yaşayan oğlum Türkel aprel ayının 22-də həkimlərin cədvəlində boşluq yarandığını və həmin tarixdə qəbula düşə biləcəyimi bildirdi. Belə olan halda mən ən ucuz və daha tez yoldan istifadə edərək elə həmin günü Qusardan keçərək Maxaçqala – Moskvaya-Berlin reysi ilə Almaniyaya uçdum.

Müalicədə olduğum zaman Gülnarə xanım Şəkinskinin uşaqlarını xaricə aparması ilə bağlı müəyyən qrup insanların həbs olunmasını və mənim barəmdə də cinayət işinin başlandığını və hətta barəmdə axtarış elan edildiyini eşitdim. Eyni zamanda, mütəmadi olaraq mənim ailə üzvlərimin istintaqa məcburi aparılması haqqında məlumatlar aldım”.

Ə.Əliyev müstəntiq vasitəsilə Emin Şəkinsinin fikrini öyrənib: “Dedi ki, Gülnarə xanım sizə güvənir, ona görə də siz o, xanımı və onun qızlarını Bakıya qayıdışına kömək etməlisiniz. Bu halda işə xitam verilə bilər. Mən də bundan qəti olaraq imtina etdim”.

Bundan sonra mənim bacı və qardaşlarımı zorla istintaqa aparmışdılar. Hətta Abşeron rayonu Masazır kəndində qeydiyyatda olduğum evə nümayəndə göndərməklə xanımımı və azyaşlı qızımı da zorla istintaq orqanına aparmağa da cəhd etdilər. Bu münasibətdən sonra xanımım və azyaşlı qızım müxtəlif qohumlarımın evində yaşamalı oldular. Daha sonra Şəkinski vərdiş etdiyi cinayəti mənim ailə üzvlərimə qarşı törətməkdən çəkinmədi. O, ailə üzvlərimin ölkədən çıxarılmasına şifahi göstərişlə qadağa qoymuşdu. Lakin bu problemi elə Şəkinskinin tabeliyində olanların köməyi ilə həll etdim və uşaqlarımı Tiflisə, daha sonra Almaniyaya gətirə bildim”.

Hafta.az

COMMENTS