General jurnalisti məhkəməyə verdi – “Heydərovun sifarişidir”

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məhkəməyə verdirib.

Kəmaləddin Heydərovun Gömrük Komitəsində əsas adamı, yaxın qohumu, Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Aztoday.az saytında barəsində dərc olunan yazılarda şərəf və ləyaqətini ləkələyən məlumatların yer aldığını iddia edərək saytın baş redaktoru Elmidar Əliyev barəsində Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib.

Yasamal rayon Məhkəməsindən baş redaktora göndərilən bildirişdə məhkəmə baxışının mayın 6-na təyin olunduğu bildirilib.

AzToday.az saytının baş redaktoru Elmidar Əliyev Qaynarinfo.Az-a açıqlamasında barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin şifarişçisinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğunun şübhə doğurmadığını deyib:

“AzToday.az saytında Kəmaləddin Heydərov barəsində yazdığımız yazılar, xüsusi ilə onun Rusiyanın müdafiə naziri Serqey Şoyqu arasındakı “işguzar” münasibətlərin pərdəarxası məqamları ilə bağlı hazırladığımız məqalə məhkəməyə verilməyimizə səbəb olub.Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki əsas adamı Vüsal Novruzov barəsində indiyədək mediada çoxsaylı məlumatlar dərc olunub. Həmin məlumatlarda gömrük generalının ünvanına açıq-aşkar təhqirlər belə səsləndirilib. Buna baxmayaraq Vüsal Novruzov həmin media qurumlarını məhkəməyə vermək hüququndan istifadə etməyib. Mətbuatda gedən məlumatlar əsasında yazılar hazırlayan AzToday.az portalı ilə bağlı xüsusi ittiham qaydasında verilən şikayət onu düşünməyə əsas verir ki, Kəmaləddin Heydərov qohumunun adının altında bizi “susdurmaq” qərarına gəlib. Əgər Azərbaycan hakimiyyətində əsas söz sahiblərindən biri olan Kəmaləddin Heydərov bu yolla Rusiya hakimiyyəti ilə münasibətlərinin ifşa olunduğu yazıların dayanmasına nail olacağını düşünürsə, yanılır.

Görünür “fövqəlnazir” hesab edir ki, bu yolla KİV-ə qarşı birbaşa təzyiq göstərilməsində adının hallanmamasına nail olacaq və eyni zamanda onun barəsində həqiqətləri söylənilməsinin qarşısını alacaq. Gömrük generalını önə verməklə reputasiya riskinə getmək istəmir və Aztoday.az –ı susduracağını düşünür. Çünki K.Heydərov indiyə qədər özü KİV-i məhkəməyə verməkdən çəkinib və adının Aztoday.az saytının məhkəməyə çəkilməsində hallandırılmasını istəmir. Amma sirr deyil ki, V.Novruzov onun iradəsindən kənar bu addımı ata bilməz. Əksinə, hesab edirik ki, bu birbaşa onun əmri ilə həyata keçirilir. Amma “fövqəlnazirin” kölgədə qalmaq və eyni zamanda Aztoday.az saytını susdurmaq səyləri nəticəsiz qalacaq.Aztoday.az saytı K.Heydərovun fəaliyyəti, onun Rusiya ilə əlaqələri barədə həqiqətlərin ictimailəşməsi istiqamətində çalışmalarını davam etdirəcək”.

Dosye.org

 

COMMENTS