Gizli milyaderlərə açıq məktub

“İdrak yuxuya gedəndə dəhşətlər törənir” (F. Qoyya)
“Əgər Nil sahilində bir qurd bir quzunu yeyibsə,
yenə də günahkar mənəm; ya quzu sahibsiz qalıb,
ya da qurd əndazəsini aşıb” (Misir Fironu)

Cənab GİZLİ milyarderlər, bir anlıq elə bildik ki, TƏLƏ yiyəsi gəldi. Gec də olsa, sizin var-dövlət ehtirasınıza, maliyyə firildağınıza güc gəldi… Əfsus ki, siz yenə gözəl “OYUNUN” özəl iştirakçısı, biz isə yaxından -uzaqdan yalnız və yalnız seyrçisi, aldadılmış və xəyal qırıqlığına uğrayan növbəti şahidləri olduq. Fəqət çoxunuz Hollandiyadan gətirilmiş gül-çiçəklərlə zəngin may ayında qorxu-hürkülü günlər yaşadınız! Elə bil milyonlar, milyardlar qazandığınız gündən bəri müəmmalı İÇİNİZ müsübətə hamilə qalmışdı. Bu ay yamanca ögümə tutdu sizi, illərlə xımır-xımır yediklərinizi “Banda OTEL”də birdən qusdunuz. Bundan sonra sizi necə qınamaq olaq? Belə uğurlu “qusdurma əməliyydan” “QALİB” çıxan sizin kimi İŞ adamları axı necə halalla haram, qanunla qanunsuzluq, dostla düşmən arasında sərhədi tanıya bilər?!..
Biz – qəpiyə güllə atanlar giley-güzar edirdik ki, niyə siz BİZNESMENlər, sahibkarlar bağrı QARABAĞ boyda yaralı vətənin vətəndaşı ola bilmirsiniz?!.. Vətənin ağası olanlardan vətəndaşlıq gözləmək bəlkə biz biçarələrin göydə uçan QUŞlardan da mədəd ummağımızdan irəli gəlir?! Son 20 ildə – bir göz qırpımında ayaqdan BAŞA keçib əlçatmaz zirvələrə dirmaşan – yollarağası, dərələrbəyi, dağlarxanı, dənizsultanı, göllərsərdarı, sərhəddarı taxtına çıxanların “suç ortağı” olan sizlərsə əlinizi ağdan qaraya vurmadan güya dönüb olmuşdunuz BÖYÜK İŞ adamları. Əsl işiniz isə himayədarlarınızın və gizli şərikləriniz hesabına banklardan “şirinliklə” aldığınız milyonlarla kreditlərin hesabına xarici ölkələrdə kef çəkmək, yaxtalarda gəzmək, özünüzə və məşuqələrinizə bahalı maşınlar almaq, Abşeron torpaqlarında dəbdəbəli qəsr, saray, villlalar tikdirmək, qnınızı “təzələmək” oldu!
Biz kasıb-küsublar siz qınayırdıq ki, heç olmasa kefdən-damaqdan başınız ayılmır ki, arada-sırada Allahı yada salıb şükür edəsiniz ki, sizi bizim kimi dözümlü xalqın AĞALAR edib… Demə içiniz özünüzü, çölünüz də bizi- öz doğma vətənində qəriblik hiss keçirən “özgə”ləri yandırırmış. “Dərdiniz-səriniz, aylıq BORC qayğılarınız” başınızdan aşırmış… Axı siz “şapkayla” hər şeyə sahib olsanız da, “şapkasız” qalan nəfsinizə hakim ola bilmirdiniz! İldən ilə harınlaşa-harınlaşa qudururdunuz! Qudura-qudura qədim ODLAR diyarını “QURDALR VADİSİ”nə çevirənlərin ən sadiq “qoçu əsgərləri” oldunuz. Tamahınızın arenasına qoyun-quzu örüşləri darısqallıq elədi, sonra qəbiristanlıqlarda, parklarda, xiyabanlarda hücüm edib, yamyaşıl ağaçları gəmirdiniz, yerində bərli-bəzəkli “obyektlər” – restoranlar ticarət mərkəzləri, şadlıq evləri, özəl klinikalar, gözəllik salonları inşa etdiniz! Gözünüz-könlünüz doymadı, “dahiyanə” baxışlarınız uzaqlara boylandı.
Uzaqlarda yarımçılpaq, gözəl-göycək əcnəbi qızlara, müğənnilərə heyran oldunuz, onların yolunda milyonlar xərclədiniz, məşhurlarını “papanın gül balası” dediyiniz xələflərinizin toy-nişanına, təntənəli açılışını etdiyiniz otellərə-motellərə dəvət edib, onları qiymətli hədiyyələrlə yola saldınız. Fəqət bu gözəl VƏTƏN yolunda qəpiyinizdən belə keçmədiniz! Çünki siz bu vətəni sevmək hissindən vaz keçib onun sərvətinə məcnun kimi aşiq oldunuz, özünə yox! Bu məcnunluq sizin ayağınızı yerdən, milli ruhunuzu eldən-obadan ayırdı.
İstəmədiyi, arzu etmədiyi, xəyalına gətirmədiyi ağrı-acılar, təlatümlü bir həyat yaşatmaqdasız bu xalqın kasıb-aciz, arxasız və “krışasız” övladlarına… Siz və sizin məmur ortaqlarınız hər cür neməti olan “doqquz iqlim qurşağlı” Azərbaycanda zəka sahibini – ziyalını, sadə insanları Sizif əzablarına düçar etdiniz! Öz burnunuzun ucundan o yananı görmədiyiniz ucbatından “Özəlləşməni” ösgələşmə kimi dərk etdiniz, özgə, yabançı adlar adı altında yaratdığınız firmalarin “ingilissayağı əli” ilə milətin isti aşına soyuq su caladınız, saf Şollar suyuna cürbəcür rənglər qatdınız. Monopoliyalar yaradıb xaricdən gətirdiyiniz ərzaq məsulları, dərmanlar bu xalqın kişisinin ATAR- damarını, qadınının bətnini zəhərlədi.
Siz özündənmüştəbeh lovğalarsa gündə bir şirkət, holdinq təsis edib yarada-yarada bunun sonucunun fərqində belə olmadınız. Dollarınız, evronuz, rublunuiz. QIR-QIZILINIZ ağlınızdan o qədər çox oldu ki, nə xalqın gələcəyini düşündünüz, nə keçmişini, nə də əsirlikdə qalan Qarabağımızı. Azərbaycanda qazandığınız milyonlarla xarici ölkələrdə özünüzə mülk aldınız, təkcə acından ölən “BİR OVUC” ermənilərdən cənnət Qarabağın kiçik bir parçasını da ala bilmədiz! Heç bu barədə düşündünüzmü, ey sərvətpərəst İş adamları? Əsla yox… Dənizdə, quruda ucaldığınız göydələnlərdən Qarabağ görünürmü, cənab oliqarxlar və süperoliqarxlar?
Axı dədə-babadan təcavüzə məruz qalan bu yurdun zəngini sərvətiylə, əsgəri qılıncıyla, ziyalısı qələmiylə yağıya qarşı birgə savaşıb… Siz isə qılıncla qələmin birliyindən nədənsə üz döndərdiniz. Baxışlarınız məchul nöqtələrə zilləyib vergidən yayınmaq üçün yeni-yeni maxinasiyalar, fırıldaqlar barədə düşündünüz! Çünki sizin əlləriniz kapitalizmdə, ayaqlğarınız sosializmdə, təfəkkürünüz feodal-quldarlıq dünyasında, xəyalınız adı hələ dünyada icad olunmayan kosmik bir ictimai formasiyada gəzib- dolaşdı, yalnız özünüz, yalnız ailəniz üçün misli-bərabəri olmayan fərdi “uğurlar” qazanıb, “xarüqələr” yaratdınız.
Pullarınzı dənizə, çaya, gölə, meşəyə sipər etdiniz! Təbiətlə cəmiyyət arasına “Çin səddi” çəkdinz! Siz nə yerin-göyün dilini bildiniz, nə ANA təbiətin ahını duydunuz, nə də soyub-taladığınız, ruhunu quru çörək ağacından asdığınız bu xalqın səssiz fəryadını eşitdiniz! Sizə dərs deyən müəllimlərinizin, neft-qaz ölkəsinin QUL bazarlarında mövsümü iş arayan həmyaşıdlarınızın gün-güzaranından xəbəriniz varmı?
Cənab gizli milyaderlər, əlahəzrət superoliqarxlar! Vəzifəsini özünəxidmət vasitəsinə çevirən milli məmurlar!
Yəqin bilirsiniz ki, dünyada 1645 rəsmi milyaderin 173-ü qadındır. Və bu 173 qadımın biri də Qazaxıstan prezidenti Nazarbayevin qızı Dinara Kulibaevadır ki, dünyada 1107 – ci, öz ölkəsində isə 4-cü yerdədir. Xətrinizə dəyməysin a, yəni aranızda Dinaradan çox pul qazanan,var-dövlət sahibi olan beş-on KİŞİ yoxdur Azərbaycanda? Axı biz Qafqaz regionunda və MDB məkanında ən varlı dövlətik. Necə olur ki, hər sahədə birinciliyə CAN atan ölkənin bu günəcən bir-iki milyaderləri olmasın ? Axı Azaərbaycan elə münbit məkandır ki, burda milyader olmaq üçün 2-3 yüksək vəzifədə işləmək kifayətdir.
Vallah, hər il “Forbes” juranlında Rusiyada, Türkiyədə yaşayan azərbaycanlı İŞ admlarının adını oxuyanda hər birimiz fəxarət hissi keçiririk. Qoy hər nə yolla olursa olsun, lap oğurluq, cinayət yolu ilə qazandığınız PULAR sizin olsun, amma Allah xatirinə, bundan belə bu fəxarət hissini bizdən əsirgəməyin! İlk nöbədə şəxsi gəlirlərinizin açıqlanması barədə dövlət qanuna əməl edin! Bir anlıq təsəvvür edin ki, siz bu qanuna son on ildə əməl etsəydiniz, “Forbes”də görün nə qəqər azərbaycanlı milyarder olardı!.. Və ölkəmizin, işsiz-gücsüz insanlarımızın həyatında nələr, necə dəyişərdi… İnanın, “Forbes” ilk adı düşəcək milyaderimizi bəri başdan alqışlayırıq!..
Axı gözlənilməz “oliqarxqeyt” işi başlayandan çoxunuzun boğazından su da keçmir. Kürkünüzə bit-birə daraşıb elə bil, ora-bura vurnuxursuz; yəqin malınızı-mülkünüzü illərlə qapısını tanımadığınız kasıb-küsub qohum-əqrabanızın adına sənədləşdirirsiz, ya da orda burda gizlədirsiniz ki, əlinizdən çıxmasın! Maşallah, “göz dəyməsin” hiyləgərliyinizin həddi-hüdudu yoxdur!
Bu günəcən korrupsiya ilə mübarizənin aşağı təbəqədə – məişət səviyyəsində gediyinə siz sevinir, biz məyus olurduq. Amma bilmirsiniz ki, vaxt gələcək əsl anti-korrupsiya mexanizmi işə düşəcək!.. Bu, ilk növbədə yaşamaq naminə bankların “girovuna”, “əsirinə” çevrilmiş evsiz-eşiksiz ziyalıların ürəyindən tikan çıxarardı… Amma gəlir bəyənnəməsi haqda qanuna əməl etmədən bunun müşkül bir İŞ olduğu da bəllidir.
“Bədbəxt o millətdir ki, talançılarnı qəhrəman mərtəbəsinə yüksəldir”. Dünya şöhrətli yazıçı C. X. Cübran belə deyirdi. Əvvəllər bizdə Sosialist Əməyi Qhrəmanlarının adı hörmətlə çəkilərdi, onlara şeir, poemalar, mahnı həsr olunardı. İndi maşallah, hamınız Kapitalist “Əməyi Qəhrəmanlarısınız”. Orta məktəb şagirdindən tutmuş, ali məktəb tələbələrinəcən hamı bilir ki, pullu KİŞİLƏR hər şeyə qadir zəmanə qəhrəmanlarıdır. Azər¬bay¬ca¬nın¬sa qəh¬rə-man ki¬mi gö¬rü¬nən¬lə¬rə, öyülənlərə de¬yil, qəh¬rə¬man olan¬la¬ra eh¬ti¬ya¬cı var…
Azərbaycan həmin Azərbaycandır! Hacı Zeynalabdinlər, Musa Nağıyevlər, Şəmsi Əsədullayevlər… və başqa milyoçular dövlət postunda səlahiyyət sahibi olmağa can atmadan pullarını xalqın maariflənməsi yolunda xərclədilər. Ziyalılara dəstək oldular. Sizin bəziləriniz isə hacı adını, millət vəkili mandatını, vəzifə səlahiyyətini maliyyə maxinasiyalarına QALXAN edibsiniz. Əgər doğru-dürüst statistika aparılsa, bu gün əhalinin 70-80 faizinin banklara borcu var və borcu bir həftə yubadanda olmazın əzabını çəkirlər. İlk nöbədə bankların problemli şəxslər siyasına düşürlər. Siz isə illərlə virgidən, banklardan “peşakarcasına” yayınıb, yalnız bu “tuthatutda” milyonlara kredit borclarınızi bir günə qaytararaq “xilas” olur, yenidən “Oyununuza ” davam edirsiz! Yenə “çanaq kasıb-küsubun başında çatladı”
Görəsən “oliqarxqeyt” (oliqarxiya yunanca oligarchia – varlıların hakimiyyəti) “İŞİ”nin əsl qalibi kimlərdir? Xalqdan talanan pulları canına sipər edən sizlərmiziniz?.. Əsl məğlubiyyət isə hər bir vətəndaşın özünü doğma vətəndə qərib, aciz və zorakılıq qarşısında gücsüz hiss etməsidir.
Son söz yerinə DUA: Varlığı əbədi olan ey böyük kəramət və qüdrət sahibi uca Tanrım, bu gün pullarını eldən-obadan əsirgəyən gizli milyarderlərimizin pullarını, malını-mülkünü Qarabğımızın alınmasına və bərpasına sərf olunacağı günü biz kasıblara nəsib eylə, məmurlarımıza insaf, millətimizə gələcək nəsillərin qabağında xəcalətdən qurtarmaq fərasəti və fürsəti ver! Amin. Fəsad – ŞƏR gələn yerdən NİCAT – XEYİR də gələr, inşallah…

P.S. Allah xatirinə fatihə ver, ya şeyx, Avropa yolunda “qurban gedən”, “ehsan edilən” milyonlara və paralel olaraq xalqımızın illərlə bitib-tükənməyən ƏZABlarına – itkin Qarabağımıza bir yasin oxu!.. Qoy Allah əsir yurdlarımıza özü zamin dursun!

AzərNUR.

 

 

COMMENTS