Gömrüyün “qara kassası”nın Çexiyadakı biznesi: Əbülfəz Məlikovun nələri var?

Gömrüyün “qara kassası”nın Çexiyadakı biznesi: Əbülfəz Məlikovun nələri var?

Uzun illər boyu Azərbaycan gömrüyündə monopoliya nəzarətini həyata keçirən, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovun Çexiyada biznesi aşkarlanıb..

İllərlə ölkənin Gömrük sistemini tam nəzarətində saxlayan, bu qara işdən həm özünə, həm də havadarlarına milyonlar qazandıran “Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovun Çexiyada biznes şəbəkəsi aşkarlanıb. PİA.az xəbər verir ki, Əbülfəz Məlikovun Çexiyadalı biznes şəbəkəsi ilə bağlı sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində paylaşıb. Cumhuriyyet.az həmin sənədləri təqdim edir:

“Gömrük Komitəsinin “qara kassası” kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsi “broker Əbülfəz”in təqdimatına ehtiyac yoxdur, o bütün zamanların gömrük bosslarının ən çox etimad göstərdiyi biri kimi gömrük bazarının ‘kom”u olub.

Biznesi geniş coğrafiyanı və geniş sahələri əhatə edir. O da “qara gün” üçün Avropaya sığınanlardandır, daha doğrusu biznesinin bir qismi ora, o cümlədən Çexiyaya yönəlib.

Çexiya, ümumiyyətlə, bizə çox doğmalaşıb. Çexlər utanmasaydılar Azərbaycanın Avropadakı novxanısı, bilgəhi, nabranı, nə bilim nəyi deyərdik. Çexiya bir dəbdir, prestijdir, milyardlarımız cəzb edən bir gözəlçədir.
Orda biznesi olmayana bizim oliqarxlar və çevrələrindəkilər birtəhər baxırlar. Kimlərin yoxdur ki, Əbülfəzin də olmasın..? Belə Çexiyada da var, hələ üstəlik o yanda da. Uzaqbaşı Səfər Mehdiyev zarafatyana bir bəyanat verəcək. Çexiyada binalar, villalalar tikdirən Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənova “gözün üstdə qaşın var” deyən oldu ki?

Nə isə keçək mətləbə, yəni Əbülfəz Məlikovun Çexiyadakı şirkətinə.

GES Company spol sro 2010-cu il dekabrın 10-da C 173599 saylı lisenziya ilə Prag bələdiyyə məhkəməsində qeydiyyata alınıb. 2015-ci ildən Praqanın Voskovcova 1075/55, Hlubočepy ünvanında yerləşir.
Bizim məmurlar və çevrəsindəkilər üçün ənənəvi biznes sahəsi ilə məşğuldur. Yəni mülklərin və mənzillərin kirayəsi, satışı…

Yeri gəlmişkən, daşınmaz əmlak biznesi Avropada ən az rentabelli biznes sahəsi hesab olunur. Daha çox, “ölü kapital” sahəsi kimi qəbul edilir.

Sənədlərə görə GES Company spol sro.-nun təsisçiləri 1965-ci il təvəllüdlü Əbülfəz Məlikov (40 %), 1974-cü il təvəllüdlü Səbinə Nağıyeva (40%), 1969-cu il təvəllüdlü Elşən Cəbrayılov (10%), 1978-ci il təvəllüdlü Gülnar Cəbrayılovadır(10%).

Əbülfəz Məlikovun Avropadakı digər əmlak şirkətləri ilə bağlı da yazı və sənədlər olacaq.”

DOSYE.ORG

COMMENTS