Goranboy Başçısından Şikayət: “İstəyirsən, Get, Prezidentə Yaz, Heç Kimdən Qorxmuram”- Video

Goranboy Başçısından Şikayət: “İstəyirsən, Get, Prezidentə Yaz, Heç Kimdən Qorxmuram”- Video

Goranboyda icra başçısının özbaşınalığı davam etməkdədir – videofakt

Məmur özbaşınalığından təngə gələn Göygöl rayon sakini Eldar Həsənov ölkə başçısı İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevaya üz tutaraq yerli icra orqanındakı məsul şəxslərin vəzifəsindən sui-istifadə hallarından dad edərək, İMDAD DİLƏYİR.
Bu haqda fermer öz video müsahibəsində bildirir. E.Həsənov uzun illərdir ki, heyvandarlıqla məşğuldur. O, özünə məxsus olan iri və xırdabuynuzlu mal-qaranı Goranboyda örüş otlaq sahəsində 15 ildir saxladığını iddia edir.
Hazırda icra müqaviləsinin müddəti bitdiyi üçün yenidən icarə müddətinin artırılması ilə bağlı əlində 9 məhkəmə qətnaməsi olduğu halda, fermerin, belə deyək, o boyda Goranboyda “kağızını oxuyan yoxdur”.
Eldar Həsənov çıxışı zamanı onu da qeyd edir ki, Goranboy RİH başçısının müavini Rafət Qurbanov onun əlində olan torpaq sahəsinin əlindən çıxmasında şəxsən maraqlıdır. Məsələ ilə bağlı R.Qurbanov qarşı tərəfə hədə-qorxu gəlməkdən belə çəkinmir.
Fermer bildirir ki, bacısı oğlunun ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aktiv iştirak edib, qəhrəmancasına şəhid olmasına belə qiymət verməyən Goranboy Rayon İcra Başçısı Məhərrəm Quliyev, vətəndaşa “mənim üçün “Qarabağ” maraqlı deyil. Əgər siz bu torpaq sahəsini tərk etməsəniz, başınıza min bir müsibət gətirəcəm. Bununla bağlı şikayətinizi də hara istəyirsiz, kimə istəyirsiz edə bilərsiz.
Bu kimi təzyiqlərlə yerli icra aparatı, fermer E.Həsənova aşkar surətdə örüş-otlaq sahəsindən istifadəyə görə müqavilə bağlanılmasına maneçilik törədir.
Videosüjeti hazırlayarkən digər fermerlərdən də açıqlama vermələrini xahiş etdik. Onlar da öz növbələrində bildirdilər ki, məsələ ilə bağlı dəfələrlə ən yüksək postlarda oturan vəzifəli şəxslərə müraciət edilməsinə baxmayaraq, yerlərdə şikayətçilərin problemini həll etməyiblər.
Görünən odur ki, özlərini Goranboyun kəndlərində “burda mənəm, Bağdadda kor xəlifə” kimi aparan Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və onun müavini Rafət Qurbanov barəsində ölçü götürülmədikcə, onların azğınlaşmaq radiusu genişlənir.
Fermer Eldar Həsənov qeyd edir ki, hər dəfə şikayət etdikcə məmurların ona qarşı hədə-qorxusu daha da güclənir.
Sonda vətəndaş son ümidi kimi, ölkə başçısı İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevadan ona qarşı vəzifə səlahiyyətlərini aşıb-daşan Məhərrəm Quliyev və Rafət Qurbanov barəsində ölçü götürülməsinə göstəriş verilməsini xahiş edir.

Daha ətraflı videoda:

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

XəbərAl.az

COMMENTS