Görünməz düşmən koronanın Azərbaycana “hücumu” davam edir

Görünməz düşmən koronanın Azərbaycana “hücumu” davam edir

İnfeksionist: “Qeyri-rəsmi yoluxanlar rəsmi yoluxanlardan beş dəfə çoxdur”

Son günlər əhali arasında koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Hətta qeyd edilir ki, rəqəmlər statistikada göstəriləndən qat-qat yüksəkdir. Çünki insanların əksəriyyəti COVİD testindən keçmir. Hətta bəziləri hesab edir ki, bu adi bir qripdir, bu səbəbdən özünü ətrafdan təcrid etmir.

Apteklərdə koronavirusa aid dərman alanların sayı da çoxalıb. Bunu əczaçılar deyir. “Əsasən COVİD testlərini soruşurlar, parasetamol, müxtəlif sistemlər, antivirus preparatlarını alırlar”, – deyə əczaçı qeyd edib.

Yeri gəlmişkən, insanları ən çox maraqlandıran apteklərdə satılan COVİD testləri ilə bağlıdır. Düzdür, dünyada, eləcə də ölkəmizdə COVİD-19-un təsdiqedici nəticəsi olaraq yalnız PSR testi hesab edilir. Amma daha ucuz olduğu üçün insanlar apteklərdə satılan testləri alırlar. Bildirirlər ki, testin nəticəsi pozitiv çıxan insanlar xəstəliyi yüngül, test nəticəsi neqativ göstərənlərsə bəzən ağır keçirirlər.

İnfeksionist Mərdan Əliyev: “Mutasiya olmuş koronavirus bizə gəlib  çatmaz...”

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, qarşıdan payız fəsli gəldiyi üçün yoluxma artmağa meyllidir: “İnsanlar xəstəliyə yoluxub sağalıb peyvənd olunandan sonra da üstündən çox müddət keçdikcə yoluxmağa meyllilik artır. Buna görə xüsusən payız fəslində ehtiyatlı olmaq lazımdır. O ki qaldı testlərə, aptekdən alınan testlər pozitiv göstərirsə, demək ki, xəstəlik var. Yalançı pozitiv nəticə nadir halda ola bilər. Amma xəstəlik olduğu halda neqativ göstərə bilər. Çünki bu testlər virus yükü çox olmalıdır ki, pozitiv göstərsin. Yəni əgər xəstələnibsə, yüngül formada keçirirsə, onu göstərməyə bilər. Testdə göstərmirsə, o demək deyil ki, xəstəlik yoxdur”.

İnfeksionist əlavə edib ki, payıza doğru maskadan istifadə olunması məqsədəuyğundur: “İnsanların toplum olduğu yerlərdə, avtobuslarda, xəstəxanalarda maskadan istifadə olunmalıdır ki, virus daha çox yayılmasın. Qeyri-rəsmi yoluxmalara gəldikdə isə toplumda belə hallar var. Bundan qabaqkı yoluxmalarda da var idi. Qeyri-rəsmi yoluxanlar rəsmi yoluxanlardan iki-üç, beş dəfə çoxdur. Amma məsələ burasındadır ki, onlar yüngül keçirənlərdir. Yəni yüngül keçən formalarında xəstəxanaya çox adam müraciət etmir. Həm koronavirusla bağlı xof var, ona görə müraciət etmək istəmirlər, həm də insan psixologiyası belədir ki, xəstəliyi qəbul etmək istəmir”.

Mütəxəssis-ekspert: İftar yeməyi hissələrə bölünməlidir - AZƏRTAC

Günay İsmayılova

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova da mediaya açıqlamasında qeyd edib ki, son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasına yoluxma sayında artım müşahidə olunur: “Buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər. Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır.

Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil”.

Həkim kəskin respirator infeksiyaların koronavirusla fərqi barədə danışıb: “Koronavirus qripin və əksər hallarda zökəmin törədicisi viruslardır. Bu xəstəliklərin hər üçünün simptomları oxşar olsa da, onları bir-birindən ayırmaq mümkündür. Həm koronaviruslu xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş xəstələrdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək müşahidə olunur. Amma COVİD-19 xəstəliyin ilkin mərhələsində kəskin respirator infeksiyalara yoluxduqda görünməyən bəzi simptomlar müşahidə oluna bilər: qoxu və dad itkisi, ayaqların aşağı hissəsində səpkilər. Bu şikayətlər bütün COVİD -19 infeksiyasına yoluxmuş insanlarda müşahidə olunmur. Ona görə də bu əlamətlərin olmaması COVİD-19 diaqnozunu inkar etmir.

Qrip də simptomlara görə koronavirusa bənzəyir. Amma bəzi fərqlər də var. Belə ki, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur, COVİD-19 zamanı isə simptomların şiddəti tədricən artır. Bütün bu deyilənlərə baxmayaraq, xəstəliyi müəyyən etmək üçün xüsusi laboratoriya müayinələri aparmaq çox vacibdir. Koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir. Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə, mütləq həkimlə əlaqə saxlamaları vacibdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

COMMENTS