Gövhər Həsənzadə: “Xəyanətin hər üzünü gördüm”

Bəstəkar Gövhər Həsənzadə ilk dəfə şəxsi həyatından bəhs edib.

 

“Düzünü desək” verilişinə müsahibə verən bəstəkar dəfələrlə xəyanətlə üzləşdiyini deyib: “33 yaşımda ailə qurmuşam. Mənim yaşımda ailə quranın səhv etmə haqqı yoxdur. Həmin adamı özüm seçmişdim. Heç kim məni məcbur etməyib. Sevgi deyilən gözəl anlayış, hiss özünü mənə tanıtmayıb. Ailə qurmağımdan, seçimimdən peşman deyiləm. Çünki bu nikahdan Nilgünü – övladımı dünyaya gətirdim. Mən tamaşaçıların ağlına gətirə bilməyəcəyi qədər zərbələr almışam. Ailə ya var, ya yoxdur. Xəyanətin on növü varsa, mən on beşini gördüm. Yəni hər növünü yaşadım”.

İkinci dəfə ailə qurmayan bəstəkar bunun səbəbini belə açıqlayıb: “Heç vaxt “heç vaxt” demirəm. Mənim həyatımda lider olan insan varsa, ürək edib yaxınlaşmayıbsa, bu, mənim günahım deyil. Mənim seçəcəyim insan ilk növbədə Nilgünə ata, sonra mənə həyat yoldaşı olmalıdır. Düşünürdüm ki, dörd uşağım olacaq, məktəbə aparacam, hərəsinin öz şkafı olacaq. Amma başqa cür oldu. Nilgün məni çox sıxdı. Kaprizlər edirdi, bacı istəyirdi. Güclü olmaq istəməzdim. Heç olmasa, bircə dəqiqə zəif insan həyatı yaşamağı arzulayıram. Adamın yanında onu başa düşən biri olmalıdır”. (axşam.az)

COMMENTS