Göyçay rayonunun Qarayazı və Bığır kəndləri ərazisində baş verən yanğın sahəsi genişlənib.
APA-nın xəbərinə görə iyulun 13-ü axşam saatlarından başlayaraq dağlıq ərazidə baş verən yanğın qısa müddətdə geniş ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və alovun yaxınlıqdakı mal-qara fermasına, evlərə, kafelərə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görülüb. Havanın qaranlıq və küləkli olması, ərazinin dağlıq və kol-koslu olması yanğınsöndürənlərin işinə mane olsa da yanğının genişlənməsinin qarşısı alınıb.
Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə Bığır və Qarayazı kəndləri ərazisində vətəndaşlara məxsus nar bağlarında və taxıl sahələrində 3 gündür ki, fasilələrlə yanğınlar baş verir.
Yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını tamamilə söndürsələr də sonradan naməlum səbəbdən həmin ərazidə yenidən yanğınlar baş verir. Məlumata görə, son 3 gündə həmin ərazidə ümumilikdə 12 hektar nar bağı, 15 hektar taxıl sahəsi, kol-kos, xırda ağaclar yanıb. Yanğınların hansı səbəbdən baş verdiyi araşdırılır.
COMMENTS