Güclü küləyin fəsadları: İsmayıllıda 70 kənd işıqsız qaldı

Güclü küləyin fəsadları: İsmayıllıda 70 kənd işıqsız qaldı

Güclü külək İsmayıllı rayonuna ziyan vurub.

Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayon ərazisində Elektrik təsərrüfatına ciddi ziyan dəyib: “Elektrik xətləri qırılıb. Şəhər ərazisində işıq olsa da, 70-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisi verilmir. Hələlik evlərə ziyan dəyməsi barədə məlumat daxil olmasa da, təsərrüfat obyektlərində dağıntı olması barədə müraciətlər var. Hazırda komissiya müraciətləri araşdırır”.

R.Ağayev bildirib ki, hazırda hava şəraiti sabitdir.

*   *   *10:18

Zaqatalada yağış və külək evlərin damını və istinad divarlarını uçurub, maşınlara ziyan dəyib.

Bu barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda Rayon Fövqəladə Hallar Komisiyyası iclas keçirir və dəymiş ziyan araşdırılır:

“Ötən gün saat 22:30-dan hökm sürən sərt hava şəraiti rayon və ətraf kəndlərdə fəsadlar törədib. İlkin məlumata görə, yağan güclü yağış və əsən külək irigövdəli ağacları aşırıb. Bununla yanaşı, külək yaşayış evlərinin damını uçurub, istinad divarlarını aşırıb və həyətyanı sahədə olan maşınlara da ziyan dəyib”.

İcra rəsmisi, həmçinin qeyd edib ki, rayona düşən dolu da bəzi fəsadlara səbəb olub.

Eyni zamanda, güclü külək Göyçayda ciddi fəsadlar törədib. Bu barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.

Onun sözlərinə görə, əsən külək nəticəsində çoxlu sayda ağaclar qırılıb: “Ağacların əksəriyyəti evlərin hasarlarına, avtomobil yollarına aşaraq ciddi maneələr yaradıb. Bir neçə evin dam örtüyü uçub, bir çardaq və bir avtomobil qarajının üzərinə ağac düşüb”.

Komissiya sədri deyib ki, kəndlərin 80 faizində elektrik enerjisinin verilişi dayanıb: “Demək olar ki, rayonun 70-80 faizində elektrik xətləri qırıldığı üçün hazırda işıq yoxdur”.

Hazırda komissiya yerlərdə ev və obyektlərə baxış keçirir, dəymiş ziyan müəyyənləşdirilir. Xoşbəxtlikdən insan tələfatı baş verməyib. (Trend)

DOSYE.ORG

COMMENTS