Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi

Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi

21:01

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı başa çatıb.

Trend-in məlumatına görə, çempionatın son günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə erməni rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlub edib və qələbəsini yenə özünəməxsus qeyd edib. Yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi, erməni rəqibini məğlub etməli olduğunu bildirib:

“Bu bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya Kuboku yarışlarında qarşılaşmışdıq və mən 9:0 qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də Dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa çempionatında finalda, burda isə, yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il Dünya çempionu olum”.

———-
20:10

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatına yekun vurulub.

Milli.Az anspress-ə istinadən bildirir ki, çempionatın sonuncu günündə 59, 71 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıblar.

Mundialda 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan Rəsul Çunayev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib.

Bürünc medal uğrunda görüşdə Rəsul Çunayev ermənistanlı Varşam Boranyanla qarşılaşıb və rəqibini məğlub edərək çempionatı üçüncü pillədə başa vurub.
Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb. Həsən Əliyev isə çempionatı beşinci sırada tamamlayıb.

COMMENTS