Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var?

Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var?

Azərbaycanın sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyev Türkiyə mətbuatının əsas gündəm mövzusuna çevrilib.

Yenicag.az xəbər verir ki, TÜRKSOY-un Baş katibi Sultan Rayevin rəhbərlik etdiyi heyət Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını ziyarət edib.

Türkçülük Günü və Əhməd Cavadın 132-ci doğum ildönümü ilə bağlı gerçəkləşdirilən ziyarətdə Bağçalıya “Əhməd Cavad Şərəf Ordeni” təqdim edib. Ordeni MHP sədrinə verən isə Nicat Quliyev olub.

Quliyevin kriminal keçmişi də Türkiyə mətbuatının diqqətindən qaçmayıb, onun haqqında məlumatlar dərc edilib.

Yenicag.az olaraq keçmiş nazir haqqında bəzi məlumatları təqdim edirik:

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.

Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

2013-cü ildə yenidən həbs edilib və bir il sonra Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Quliyev Əhməd Cavadın qızının həyat yoldaşıdır.

COMMENTS