Bir neçə gün öncə Azərbaycan mediasının bəzi subyektlərində bir zamanlar rüşvət aldığı üçün həbs edilmiş, hazırda Nərimanov rayonunda yerləşən 8 saylı Tibbi Ekspert Komissiyasının üzvü kimi fəaliyyətini davam etdirən Cahangirov Eldənizin məcburi köçkündən II qrup əlillik dərəcəsinin verilməsi üçün 2250 AZN rüşvət tələb etməsi barəsində məlumat dərc edildi.
Foto faktlarla bəzədilmiş həmin yazıda yaxın zamanlarda rüşvət tələbin və alınması sübut edən video çarxın yerləşdirilməsi vəd edilsə də, nədənsə daha sonra həmin yazı tamamilə silindi.
Həmin yazıda göstərilirdi ki, Eldəniz Cahangirovun rüşvət qarşılığında hazırladığı əlillik dərəcəsi alınması üçün verilən sənədlərdə xəstəxananın neçə saylı olduğu, harada yerləşməsi qeyd olunmayıb. Şikayətçi qeyd edirdi ki, məndən rüşvət alan həmin komissiya üzvü dedi ki, 2500 manat pul verəcəksən, sənin başqa şeylə işin olmasın. Ancaq sonradan 2250 manat pul tapıb düzəldə bildim. Cahangirov isə “üstünün çatmayanını mən düzəldib verərəm, vallah bu pulun bizə aidiyyəti yoxdur, pulu biz baş idarəyə veririk, oradan isə nazirliyə göndərirlər kimi söhbətlər də edib.
Görünür dəmir barmaqlıqlar arxasında bir müddət yaşayan Cahangirov törətdiyi əməlin cinayət tərkibli olmasını bildiyindən dərc olunan yazını həmin saytdan dərhal sildirməyə qərar verib.
Xatırladaq ki, Eldəniz Cahangirov 2012-ci ilin İyul ayında prokurorluq orqanları tərəfindən rüşvət alma və vəzifəsindən sui-istifadə etməklə digər qanun pozuntularına yol verdiyi üçün həbs olunub. Həmin tədbirlər nəticəsində o zaman müəyyən edilib ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edib.
Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində iyulun 9-da Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Fakta görə, Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Cahangirov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hefteaz.TV saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, həbs olunmasına baxmayaraq azadlığa çıxdıqdan sonra cinayət əməllərini davam etdirən Eldəniz Cahangirov hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri tərəfindən himayə olunur.
Hesab edirik ki, bizim bu yazımızdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov məsələyə daha ciddi yanaşacaq, qanunsuz yollarla dövlət büdcəsini talamaqla məşğul olan bu şəxs barədə lazımi tədbir görəcək.
Mövzu ilə əlaqədar daha ətraflı araşdırma yazısı hazır olan kimi diqqətinizə təqdim olunacaq.
COMMENTS