“Həbslərin əsas səbəbi terror təhdidləridir”

Nağıyev: “Sərhədyanı bölgələrdə əməliyyat şəraitinə nəzarət gücləndirilməlidir”

Son həftələrdə hüquq-mühafizə orqanları Azərbaycanda bir sıra həbslər həyata keçirib. Bu ayın əvvəlində Qəbələdə, daha sonra Tərtərdə radikal dini qrupların üzvü olmaqda günahlandırılan şəxslər həbs olunub. Son olaraq isə Bakıda bir neçə dindarın həbs olunması haqda məlumat yayılıb.

İlahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov martın 10-da həbs olunub, ötən gün məlum olub ki, Bakıda daha bir ilahiyyatçı, Mübariz Qarayev fevralın sonlarında bir neçə dindarla birlikdə saxlanılıb. Bu barədə “Forum 18″ təşkilatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, M.Qarayev və digər dindarlar – Həbibulla Ömərov, Səlim (familiyası məlum deyil) və Eyvaz (familiyası məlum deyil) fevralın 24-də yenidən MTN-ə çağırılaraq həbs olunub. Fevralın 26-da Səbayel Rayon Məhkəməsi saxlanılanların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Hazırda onlar MTN-in təcridxanasında saxlanılır. Daha bir radikal dindar – Azad Qafarov isə fevralın 26-da MTN-ə çağırılıb. Fevralın 28-də Səbayel Rayon Məhkəməsi onun da barəsində həbs-qətimkan tədbiri seçib.

Saxlanılanlardan Ömərov və Qafarov Cinayət Məcəlləsinin 167-2.2.1 maddəsi (qadağan olunmuş dini ədəbiyyat yaymaq), M.Qarayev, Səlim və Eyvaz isə 167-2.1 maddəsi ilə ittiham olunurlar. Göründüyü kimi, həbs maddəsi radikal qrupların döyüşlərə cəlb olunması deyil, qanunsuz ədəbiyyatın yayılmasıdır.

“Dini baxımdan təhdidlərin qarşısı nə qədər alınsa da, xarici və maraqlı olan daxili qüvvələrin təsiri ilə bitmək bilmir”

Sonuncu həbs olunan qrup İçərişəhər Aşurbəy – Ləzgi məscidinin camaatındandır. İlahiyyatçı Mübariz Qarayev isə məscidin imamı olub. Qeyd edək ki, bir il öncə QMİ rəsmiləri bu məscidi radikalizmi təbliğ etməkdə ittiham edib. Lakin nə o zaman, nə də sonradan məscid icmasına qarşı hər hansı təzyiq olmayıb. İndi isə göründüyü kimi, məscidin imamı qanunsuz ədəbiyyatın yayılması maddəsi ilə ittiham olunaraq saxlanılıb. Ləzgi məscidi icmasının rəhbəri Faiq Mustafa AzadlıqRadiosuna bildirib ki, imam-camaat M.Qarayev “Namaz təlimi” adlı kitabçanın qanunsuz yayımına görə həbs olunub.

Son zamanlar dindarların həbs olunması hallarının artması onu deməyə əsas verir ki, hökumət orqanları məhz bu istiqamətdən gözlənilən hansısa təhlükəni neytrallaşdırmağa çalışırlar. Azərbaycanda ötən ilin əvvəlindən Suriyaya döyüşlərə gedən dindarlarla bağlı həyəcan təbili çalınmağa başlayıb, bir sıra həbslər həyata keçirilib. Bir sıra müşahidəçilərə hakimiyyət orqanları Suriya və İraqda savaşdan qayıdanların yarada biləcəyi təhlükənin, eləcə də Avropa Oyunları ərəfəsində ölkədə sabitliyin pozulacağı ilə bağlı təhlükəni neytarllaşdırmaq üçün bu cür həbslərin sayını artırıb. Çünki 2012-ci ildə də hər hansı açıq təhdid olmasa da, sonradan məlum oldu ki, radikal qrupların saytlarında Azərbaycan hakimiyyətinə qarşı savaş çağırışları olub və hətta bir neçə terror hücumu da qeydə alınıb.

“Trend” agentliyinin direktor müavini, sabiq təhlükəsizlik xidməti əməkdaşı Arzu Nağıyevin fikrincə, bu cür həbslərin əsas səbəblərindən biri Azərbaycana qarşı terror təhdidinin olmasıdır. Digər tərəfdən, ekspertə görə, hüquq-mühafizə orqanları terror təhlükəsini neytrallaşdırmaq üçün bu cür həbslər həyata keçirə bilər: “Bu gün baş verən proseslərə nəzər salanda  görünür ki, Azərbaycana qarşı təhdidlər səngimir. Bu təhdidlərin başlıcası isə məhz radikal dini qrupların təhdidləridir. Məhz buna görə də hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar da  zərurilikdən baş verir. Çünki dini baxımdan təhdidlərin qarşısı nə qədər alınsa da xarici və maraqlı olan daxili qüvvələrin təsiri ilə bitmək bilmir. Beynəlxalq miqyaslı tədbir olan, Avropa Oyunları ərəfəsində də ən başlıca faktorlardan biri radikal dini qurumların və digər cinayətkar dəstələrin atdıqları və ata biləcəkləri addımların ilkin mərhələsində aşkarlanması, xəbərdar edilməsi və törədə bilinəcək cinayətin qarşısının alınmasıdır. Bu məsələ ən mühüm vəzifə kimi cavabdeh qurumların qarşısında durur”.

A.Nağıyev deyir ki, Yaxın Şərqdə baş verən proseslərin Azərbaycanın yerləşdiyi bölgəyə də təsiri var və proseslərin bizim regiona sıçraması təhlükəsi olduğu üçün təhlükəsizlik orqanları bu cür addımlara əl atır: “Bilirsiniz, cinayət hadisələri və onların törədilmə vaxtları  fəsillərə, aylara və ya illərə bölünmür. Düzdür, əsasən yaz aylarında Rusiyada, daha doğrusu, Şimali Qafqazda, Orta Asiyada dini -radikal qrupların aktivliyi nəzərəçarpacaq dərəcədə artır. Bu da iqlim və digər şəraitlə, təbii faktorlarla da bağlıdır. Daha dəqiq desək, dağlarda və meşələrdə döyüş şəraitinin  bir cür, səhra və quru şəraitdə başqa cür uyğun olduğu nəzərə alınır. Məhz buna görə də  Azərbaycanın bu ərazilərlə həmsərhəd olan şimal bölgələrimizdə, istərsə də cənubda əməliyyat şəraitinə nəzarət daha da güclənməlidir və bu istiqamətdə də müvafiq işlər aparılır. Əgər fikir versəniz, Tərtərin döyüş bölgəsinə yaxınlığı, şimal regionlarımızın, Qəbələnin  və digər rayonların Dağıstan və Şimali Qafqazla həmsərhəd olduğu nəzərə çarpır. Bunlar hamısı faktorlardır, istər silah və sursat əldə etmək, istərsə də qapalı həyat tərzi keçirmək və müəyyən hazırlıq işləri, o cümlədən cəlbetmə proseslərini həyata keçirmək üçün atılan addımlardır”.

Ekspert deyir ki, hazırda situasiya təhlükəli olmasa da, təhlükəsizlik orqanları gözlənilməz təhlükələrə qarşı qabaqlayıcı tədbirlər həyata keçirir: “Bu əməliyyatların keçirilməsi istər profilaktik cəhətdən, istərsə də cinayətkarlığı azaltmaq cəhətdən labüddür və bu cür  əməliyyat-axtarış fəaliyyətləri plana uyğun şəkildə keçirilə bilər və keçirilməsi vacibdir. Yəni bu gün Azərbaycanda kriminogen durum  o dərəcə də kritik və ya ciddi şəkil almayıb. Lakin şəraitə nəzarəti  bir an belə zəiflətmək düzgün olmazdı. Bir sözlə, hüquq-mühafizə orqanlarının son əməliyyatları da ancaq təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.(musavat.com)

COMMENTS