Son dərəcə həssas bir məqamla bağlı narahatçılığımı Sizlərlə bölüşmək istərdim.
Aprelin əvvəllərində cəbhənin müxtəlif istiqamətlərində Vətən savaşında həlak olan Şəhidlərimizin dəfnindən sonra bəzi şəhər və rayon qəbirstanlıqlarında, həmçinin Şəhidlər Xiyabanlarındakı görüntülər məncə heç də ürəkaçan olmur. Özü də bu xoşagəlməz mənzərəni bizim mətbu orqanlar – istər televiziya kanalları, istərsə də yazılı və elektron KİV-də görüntülərlə bütün dünyaya təqdim ediriksə, gərək biz bəzi ciddi nüanslara da diqqət yetirək.
Söhbət Azərbaycan Dövlətinin və onun ən ali atributlarından biri sayılan müqəddəs üçrəngli Bayrağımıza olan münasibətdən gedir.
Bildiyim qədər, Şəhidlərimizin son mənzilə yola salınması zamanı tabutlarının üzərindəki Dövlət Bayraqı heç bir halda nə torpağa basdırılmalı, nə də məzarlıqlarda saxlanılmalıdırlar. Həmin üçrəngli müqəddəs Bayraqlar Şəhidin dəfnindən sonra ali dövlət və hökümət nümayəndələri tərəfindən Şəhidin doğmalarına və yaxınlarına əbədi saxlanılması üçün təntənəli şəkildə təqdim olunmalıdır. Və həmən Bayraq Şəhidin doğulduğu evdə ən müqəddəs bir simvol kimi qorunmalı və o Bayrağa baxan şəxs onun konkret olaraq hansı Şəhidimizin adı ilə bağlı olduğunu dərhal xatırlamalıdır.
Hesab edirəm ki, yazdığım çox həssas məqam mənim əziz Şəhid qardaş və bacılarımın doğmaları və əzizləri tərəfindən anlayışla qəbul olunacaq və zərrə qədər də onları incitməyəcəkdir. Onsuz da, Şəhidlərimizin məzarları dövlət və ya hökumət tərəfindən hazırlanarkən mütləq mərhum hərbçinin, ya da digər güc strukturunun əməkdaşının məhz Şəhid olması faktı qeyd olunur. Və ümumiyyətlə Şəhidlərin dəfn törəninin həyata keçirilməsi ilə bağlı qaydalara çox ciddi şəkildə əməl olunmalıdır.
Tanrı bütün Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!!
Allah Şəhidlərimizin doğma və əzizlərinə də səbr versin.Onların narahat ruhları inşəallah Qarabağımız və işğal altında qalan bütün yurd yerlərimiz alınandan sonra rahatlıq tapacaqdır.
Tanrı Azərbaycanımızı və Silahlı Qüvvələrimizi qorusun!!!
Dosye.org
COMMENTS