Həsən Əliyev: “Hakimlərin etirazı obyektivdir”

Bakı Ağır Cinayətlər Məhkəməsinin dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakimi Həsən Əliyev, öz barəsində olan cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclasının təxirə salınmasını obyektiv qərar kimi qiymətləndirib.

Həsən Əliyev Aktual.az-a açqılamasında bildirib ki, hazırlıq iclasının vaxtilə onun çalışdığı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi cəmiyyətdə yanlış fikir formalaşdıra bilər:

 

“Çünki nəticədən asılı olmayaraq, belə fikir formalaşacaq ki, hakimlər mənim keçmiş iş yoldaşlarım olduqları üçün obyektiv qərar qəbul etməyəcəklər. Ona görə də, belə qənaətə gəldik ki, işi hara verirsizsə-verin, ən əsası mənim vaxtilə çalışdığım yer olmasın. Onu deyim ki, barəmdə ittihamın qondarma olduğuna tam əminəm və elə buna görə də, qərarın lehimə olacağını güman edirəm”.

APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəməyə sədrlik edən hakim Azər Orucov bildirib ki, hakim tərkibi özlərinə etiraz edir.
Azər Orucov deyib ki, o özü və tərkibdə olan hakimlər – Əlövsət Abbasov, Əlisultan Osmanov təqsirləndirilən Həsən Əliyevlə iş yoldaşı olublar. A.Orucov qeyd edib ki, bu hal işin baxılmasına təsir etməsə də, cəmiyyətdə yanlış fikir yarada bilər.
Etiraza Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Buna görə də, proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Həsən Əliyevə qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub.

Bildirək ki, bir müddət əvvəl mətbuatda Həsən Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq, 600 min manat pulunu mənimsədiyi barədə xəbər yayılmışdı. Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib.

E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

COMMENTS