Top.Mail.Ru

Həyat yoldaşı: “İcra Hakimiyyəti şəhidin ad gününü keçirməyə imkan vermədi”

Həyat yoldaşı: “İcra Hakimiyyəti şəhidin ad gününü keçirməyə imkan vermədi”

“Polislər bizim həyətə basqın edəndə yoldaşımla mənim şəklim yerə düşərək sındı. Onlar mənim yoldaşımın ruhunu incitdilər”.

Bunu “Toplum TV”yə şəhid Elkiyar Məmmədovun həyat yoldaşı Gülnaz Məmmədova deyib.

G.Məmmədovanın həyat yoldaşının avqustun 7-də ad günü olub.

O iddia edir ki, Astara Rayon İcra Hakimiyyəti ad günü ilə bağlı tədbirin keçirilməsinə icazə verməyib.

“Mən yoldaşımın mövludu üçün həm məqbərə açılışını edəcəkdim, həm də ki tikdirdiyim bulağın açılışı olacaqdı. Biz mağar qurub, ruhani çağırmışdıq. Hər yandan şəhid ailələri gəlmişdi”, – deyə şəhidin həyat yoldaşı bildirib.


G.Məmmədova sözlərinə görə, icra başcısının müavini onlara deyib ki, ad günü ilə bağlı yürüş keçirmək olmaz: “Məndə dedim ki, narahat olmayın yürüş olmayacaq. Qeyd etdim ki, uşaqlar bir-iki şeir, molla da dua oxuyacaq və tədbir bununlada yekunlaşacaq”.

Onun sözlərinə görə polis və icra hakimiyyəti nümayəndələri tədbiri zorla dağıdıblar: “Mövludu dağıdarkən bayraqları bükdürdülər. Hər kəs də bayrağı büküb bir yana qoydu. Mənim yoldaşım o bayraq üçün şəhid olub. O bayraq niyə bükülməlidir?”

“İcra bir dəfə gəlib maraqlanmayıb ki, sənin 3 uşağın var, nə yeyib, nə içirsiniz?”

DOSYE.ORG

“Bizim tədbirimizi dağıdanda gah dedilər ki, mağar qurubsunuz, gah da dedilər ki, təxribat ola bilər. Yaxşı, təxribatçı kimlər idi? Əgər təxribatdan ehtiyat edirdilərsə, bir kənarda dayanıb baş verənlərə nəzarət edəydilər, təhlükəsizliyimizə də təminat verəydilər. Bunlar hamısı yalandır. Kim şəhidin ad günü tədbirində təxribat törədər? Hamısı tandığımız adamlar, qohum-əqrəba idi. Onlar niyə mənim şəhidimə hörmətsizlik etsinlər ki?”, – G.Məmmədova deyib.

O qeyd edir ki, tədbiri yenidən keçirməyə icazə versələr də, bu dəfə şəhidin ailəsinə şərt qoyublar: “Ayın 12-si mövludu keçirməyə icazə vermişdilər. Şərt qoymuşdular ki, ancaq qadınlar iştirak etsin. Mənim qarşıma niyə şərt qoyurlar ki? Mən evimə gələn insanı necə qova bilərəm? Mən də bu şərtlə razılaşmadım”.

İcra Hakimiyyəti: “Yalnız yürüşün keçirilməsinə icazə verilməyib”

Astara Rayon İcra Hakimiyyəti iddiaları qəbul etmir. İcra başısın müavini Firəngiz Sadıqova “Toplum TV”-yə deyib ki, tədbir keçirilib: “Tədbirin dağıdılması və icazə verilməməsi ilə bağlı deyilənlər yalandır. Onlar həyətdə çadır quraraq, şəhidin mövludunu keçirdilər”.

F.Sadıqova deyir ki, karantin qaydalarına riayət olunmasa da, tədbir iştirakçılarına toxunulmayıb: “Adam çox idi və pandemiya qaydalarınada riayət olunmurdu. Biz də qəlblərini qırmamaq üçün dəymirdik. Düzdür, polislər gəlib, ancaq heç bir qadağa qoymayıblar. Əksinə, tədbirdə iştirak edərək çay da içiblər”.

F.Sadıqova qeyd edir ki, yalnız yürüşün keçirilməsinə icazə verilməyib: “Onların fikri olub ki, yürüş etsinlər. Ona da icazə verməyiblər. Yəqin, ona görə də pis olublar. Onlar istəyirdilər ki, məzarın başında hay-küy salsınlar? Bunlar olmayıb, sakit keçib deyə etiraz edirlər. Amma bu tədbir şəhidin ruhuna hörmətlə, ehtiramla keçib”.

“Biz hər bir şəhidin və qazinin evinə baş çəkmişik. Mən 45 şəhidin evini ziyarət etmişəm. Bu xanımın da evin də iki dəfə olmuşam”, – deyə icra başçısının müavini bildirib.

COMMENTS