Həbsxanadan Kəmaləddin Heydərovla bağlı müraciət

Raquf Hidayətov bildirir ki, onu tutduran şəxs özünü nazirin ögey əmisi kimi təqdim edir

 

2008-ci ilin iyul ayında həbs olunan və 11 il 3 ay azadlıqdan məhrum edilən Raquf Hidayətov ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətinə bir surətini də “Azadlıq”a ünvanlayıb. Raquf Hidayətov üzləşdiyi haqsızlıqlarla bağlı ölkə başçısı ilə yanaşı müxtəlif qurumlara 150-dən çox müraciət yazıb. Lakin bu müraciətlərin heç birinin nəticəsi olmayıb. Onun əfv üçün müraciətinin də hansısa “sehrli əl” nəticəsində qarşısı alınıb. Raquf Hidayətovun müraciətini ixtisarla təqdim edirik:

***

“Mən 2008-ci ilin iyul ayında Cinayət Məcəlləsinin 29.120.2.3 maddəsiylə təqsirli bilinib on bir il üç ay müddətinə azadlıqdan məhrum olunmuşam. İstintaqdan məhkəmə proseslərinə qədər vəzifəli məmurun tapşırığıyla qanunlarımızın aliliyinə hörmətlə yanaşılmayıb. Hüquqlarımın tapdanması barədə dəfələrlə sizlərə, ombudsmana, baş prokurora, Milli Məclisə, Rusiya, ABŞ, Özbəkistan səfirliklərinə, işimi aparan Yasamal prokuroru Həsrət müəllimə, hakim Ənvər Seyidova, Apellyasiya Məhkəməsinə şikayət ərizələri, müraciətlər yazmışam. Hadisənin törənmə səbəblərini sizə çatdırmaq üçün iqtidar və müxalifət qəzetlərinə müraciət etmişəm. Dərdimi beynəlxalq təşkilatlara, “Qızıl xaç”a bildirmişəm. Lakin vəzifəli şəxsin adını ərizələrimdə göstərdiyim üçün ərizələrimin 80 faizi cavabsız qalıb. Ərizələrimin 20 faizinə isə məsuliyyətlərini dərk etməyənlər məntiqdən uzaq şablon cavablar verib.
Mən hadisə törənənə qədər DTXK, DYQ layihə institutunda işləmişəm. 2007-ci ilin sentyabrında 20 ilə yaxın dostluq etdiyim, özünü Kəmaləddin Heydərovun ögey əmisi kimi qələmə verən Bağır Muradov mənə dedi ki, Ağdamın Quzanlı qəsəbəsində bina tikdirməliyəm. O, mənə kömək etməyi xahiş etdi. Mən az müddətdə bir dost kimi onu Ağdamın icra başçısı Həsən Sarıyevlə görüşdürdüm. Ona iş icraçısı, fəhlələrdən tutmuş yaxın dost-tanışlardan nisyə şəkildə tikinti materialları da tapıb verdim. Qardaşıma, oğlanlarıma tapşırdım ki, tikintiyə kömək etsinlər. Bir ay keçməmiş iş icraçısı mənə zəng edərək dedi ki, Bağır Muradov işçilərin və nisyə götürülən materialların pulunu ödəməyib, bizə kömək edin. Bağır Muradovla görüşəndə o mənə dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyi hələ də pulu ödəmədiyi üçün bu iş yubanır və iki-üç günə məsələni həll edəcəyini söylədi. Üç gündən sonra o mənimlə görüşərək 20 min manat pul verdi və nazirliyin hələ pul vermədiyini, bu pulu da Şəkidə tikdirdiyi körpünün pulundan ödədiyini söylədi. Bağır Muradov həmin pulu yoldaşlara çatdırmağımı və qalanını da tezliklə ödəyəcəyini bildirdi. Həmin pulu iş icraçısına göndərdim. 15 gündən sonra mənə təkrar zəng olunanda Bağır Muradovla görüşüb vəziyyəti ona izah etdim. O, əvvəl dediklərini təkrar edib mənə Gəncədə tikdirdiyi binanın, Saatlıda çəkdirdiyi kanalın hesabından pul verib hər şeyin yaxşı olacağını söylədi. Aradan 4 aya yaxın vaxt keçəndən sonra iş icraçısı mövcud vəziyyətdən bezib işdən çıxdı. Bağır Muradov dedi ki, 4 aylıq əməkhaqqı cədvəliylə işçilərin maaşlarını verim və yeni iş icraçısı tapım. Bundan sonra isə tikintidə etdiyim köməyə görə məni xəbərim olmadan sahə rəisi təyin etdiyini, adımı isə nazirliyiə maddi məsul şəxs kimi göndərdiyini dedi. Mən etiraz edəndə isə o etdiyim köməyə görə belə addım atdığını söylədi. Bərdəyə zəng edərək Tofiq adlı bir mühəndisdən işə başlamasını xahiş etdim. Tofiq bir ay işləyəndən sonra giley-güzar etməyə başladı. 7 ay davam edən giley-güzardan sonra mən nazirliyiə gedib görülən işlərin pulunu tələb etdim. Mənə dedilər ki, görmədiyiniz işlərə “forma 2″də şişirtmələr yazıb pulu artıqlamasıyla almısınız.
İşləri yoluna qoymaq üçün 5 iyul 2008-ci il tarixdə Kəmaləddin Heydərovun qəbuluna getsəm də qəbula düşə bilmədim. 6 iyulda “Aqrotikinti” şirkətinin prezidenti A.Vəliyevin qəbuluna getdim. Görüş vaxtı o, Bağırın çox dəyişdiyini dedi. Həmin şəxs bizə kömək edəcəyini dedi. Qəbuldan çıxandan sonra ona və Kəmaləddin Heydərova teleqram etdim. Bu teleqramların heç bir nəticəsi olmadı. 19 iyulda vəkil tutaraq pulları qanuni yolla almaq istədim. 21 iyulda işə gələndə Bağır Muradov məni iş yerinə çağırtdırdı. Elə bildim pulu vermək üçün çağırır. Liftin qarşısında rastlaşanda o mənim salamımı almadı. Əsəbi halda nazirlikdə olmağımı, teleqramlar verməyimi, vəkil tutmağımı nalayiq ifadələrdə söylədi. Sonra da smeta-layihə dəyərinin 20 faizdən çoxunu onlara verdiyini deyəndə ona cavab qaytardım. Ədəbli danışmağı bildirdim və bunun əvəzində yenidən söyüş eşidəndə sinəsindən liftə sarı itələdim. Bağır Muradov əl sumkasından bıçaq çıxarıb məni vurmaq istəyəndə biləyindən tutdum. Sağ əlimin barmaqları yaralansa da biləyini buraxmadım. Biləyini burub əlini sinəsinə tərəf itələdim. Bıçaq onun sinəsini yaralayıb yerə düşdü. Bıçağı əyilib ondan qabaq götürmək istəyəndə Bağır Muradov boynuma tullanaraq məni qalxmağa qoymadı. Bıçağı yüngülvarı onun qarnına vurdum. Məni buraxıb otağına qayıtdı. Bir az sonra işçi yoldaşlarıyla öz maşınına minib getdi. İki saatdan sonra Yasamal rayon prokuroru Həsrət müəllim mənimlə danışdı. Onun danışığı mənə maraqlı gəldi. Mən onsuz da həmin vaxt könüllü şəkildə 26-cı bölmədə idim. Ordan məni rayon polis şöbəsinə gətirdilər. Yasamal Rayon Prokurorluğunda Ələkbər müəllimə izahatımı yazdım.
Vəkilim istintaqımın getdiyi 4 ay müddətində mənim hüquqlarımı müdafiə üçün dəlil-sübutlar gətirsə də onu qəbul etməyiblər. Şahidlərin heç biri dindirilməyib. Vəkilim məcbur olub Həsrət müəllimin yanına gedib. O, vəkilim Fazil Məmmədovla yerli olduğu üçün mənim hüquqlarımı müdafiə edən dəlillər, sübutlar, şahidlərin çox olduğunu deyib. Lakin Kəməladdin Heydərov Zakir Qaralova tapşırdığı üçün işim nəzarətdədir. İşi aparan ilk müstəntiq Ələkbər haqsızlığa görə bu işdən imtina edib.
Həsrət müəllim deyib ki, vəkilin təqdim etdiyi dəlil-sübutları qəbul edib, şahidləri dinləsək Bağır Muradova iş açıb onu da həbs etməliyik. İstintaq işim yekunlaşmamış ombudsmana yazıb onlardan kömək istədim. Lakin nəticə olmadı. Mən ittiham aktını oxuyanda ağlagəlməz ittihamlara rast gəldim. Hadisənin törənmə səbəbləri onun xeyrinə yazılmışdı. Əlyazma ilə verdiyim izahat sənədlərin içində yox idi.
Məhkəmə istintaqı zamanı vəkilim xeyrimə olan bütün sənədləri təqdim etsə də onu rəsmiləşdirmədilər. A.Vəliyev və Kəmaləddin Heydərovu məhkəməyə çağırmadılar. Quzanlı və Bərdədən gələn şahidlərə görə məhkəmənin vaxtını dəfələrlə dəyişdirdilər. Əlavə bir vəkil də tutdum və hər iki vəkilin iştirakıyla işimi Apellyasiya, Ali Məhkəmənin plenumuna verdim. Haqsızlıq olduğu üçün Konstitusiya Məhkəməsinə üz tutdum. Lakin işimə bu günə kimi baxılmayıb. Bu iş barədə Fəttah Heydərova da bildirilib. Oqtay Əsədova da müraciət etmişəm. Altı ildən çoxdur ki, həbsdəyəm. Bu müddətdə Bağır Muradov işçilərin və tikinti materiallarının pulunu verməyib. Ailə üzvlərim kreditlə pul götürərək borcların bir qismini ödəyib. Qalanının ödənilməsi üçün evimi satışa qoydurmuşam.
Mənə qarşı olan bu haqsızlıqlar barədə dövlət başçısı olaraq sizə 2013-cü il ərəfəsində dəfələrlə əfv ərizəsi yazmışam. Qeyd edim ki, 1982-ci ildə Bərdə dövlətə 100 min tondan çox pambıq təhvil verəndə Heydər Əliyev mənə qızıl qol saatı hədiyyə edib. Lakin bu gün həbs həyatı yaşayıram. Həyat yoldaşım iztirablara dözməyərək dünyasını dəyişib. Özüm də 2-ci qrup ömürlük şəkər xəstəsiyəm. On beş nəfər ailə üzvüm var, nəvələrimin çoxunun üzünü görməmişəm. Əmək qabiliyyətli övladlarım iş tapa bilmir. Prezident olaraq məni əfv etməyi, cəzamı yüngülləşdirməyi xahiş etdim. Əfv məsələləri üzrə sektorun müdiri Kəmalə İsmayılova məntiqdən uzaq şablon xarakterli cavab yazdı. Kəmalə xanıma məktub yazaraq ziyalı olduğumu, qanunlarımızı yaxşı bildiyimi dedim. Həmçinin yazdım ki, mənimlə eyni cəza çəkən məhkum 11 il iş alıb iki il yatandan sonra necə əfv olunur. Ona bildirdim ki, prezidentə əfv müraciətimi çatdırsınlar. Lakin nəticəsi olmadı. Ombudsmana etdiyim müraciətlər də cavabsız qaldı. Qanunlarımız hamı üçün eynidir.
Cənab prezident! Mən bu ərizəni sizə böyük ümidlərlə yazıram. Elə bilirəm mənə köməyinizi əsirgəməyəcəksiniz”.

 

COMMENTS