Hədəf bəllidir: Azərbaycan antiterror əməliyyatına hazırlaşır? – Ekspert danışır

Hədəf bəllidir: Azərbaycan antiterror əməliyyatına hazırlaşır? – Ekspert danışır

Erməni separatçıları Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan Ermənistandan rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə qeyri-qanuni olaraq hərbi ləvazimatlar daşıyırlar.

“Caliber” tərəfindən yayınlanan videolarda Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi əks olunub.

Konvoyun əvvəlində Rusiya sülhməramlı kontigentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus brezent “Ural” və su çəni olan “KamAZ”, karvanın sonunda isə “BTR-82A” hərəkət edir. Həm 2 “UAZ”, həm də “BTR”-in üzərində rus bayrağı qaldırılıb.

Konvoy qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və silah-sursatla təmin etmək üçün hərəkət edir.

Maraqlıdır, Azərbaycanın hərbi rəhbərliyi yaxın zamanda güc yolu ilə bu torpaq yolunu nəzarətə götürə bilər?

DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Xankəndi-Xəlfəli-Turşsu yolu dövlətin diqqətindən kənarda qalmır:

“Xatırladım ki, Xankəndi-Xəlfəli-Turşsu yolu barədə məlumatları ilk dəfə 2021-ci ilin sentyabrında şəxsi “Facebook” hesabımda paylaşmışdım. Hətta həmin yolun şəklini də çəkmişdim. Belə ki, həmin yol ermənilər üçün o qədər də prioritet deyildi.

Yəni, Laçın şəhərindən keçən yol açıq olduğu üçün ermənilər bu yol vasitəsi ilə istədiyini gətirirdilər, istədiyini aparırdılar. Torpaq yolun aktuallığı Şuşa-Xankəndi yolunda aksiya başladıqdan sonra gündəmə gəldi.

Əvvəllər də qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri həmin yol üzərində yerləşdiyi üçün təzcihat da o yoldan gətirilirdi. Şəxsən Şuşadan Xankəndi-Xəlfəli yoluna müşahidə eləmişəm.Yayda bir saat ərzində təxminən 3-4 maşın bu yoldan keçirdi.

Azərbaycan tərəfi bu yolda qeyri-qanuni daşınmaların qarşısını almaq üçün Ermənistanla sərhədin Laçın giriş hissəsində nəzarət-keçid məntəqəsi qurmalıdır. Hesab edirəm ki, tez bir zamanda bu istiqamətdə addım atılacaq”.

Ekspertin fikrincə, Azərbaycan Ordusu yaxın günlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin zərərsizləşdiriməsi üçün hər hansı əməliyyatlar keçirə bilər:

“Həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi, eləcə də bir sıra hərbi ekspertlərin açıqlamalarına görə, Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi erməni silahlılarından təmizlənməsi üçün antiterror, çəkindirici əməliyyatlar həyata keçirməsi qaçılmazdır. Hesab edirəm ki, bu, mütləq baş verəcək.

Erməni separatçılarının ruslarla bizə qarşı birgə fəaliyyəti, rus sülhməramlılarının müşayiəti ilə qeyri-qanuni erməni silahlı birləşmələrinin silah-sursatla təmin olunması və erməni silahlılarının rotasiyası Azərbaycanın təhlükəsizliyinə birmənalı olaraq ziddir. Belə addımların qarşısını almaq güc strukturlarımızın müqəddəs borcudur. Onların bu borcu məharətlə yerinə yetirəcəyinə əminəm”.

COMMENTS