Həftənin başkəsəni və azyaşlı qızın amansız qətli

Ötən həftə də Azərbaycanda başkəsmə və azyaşlı qızın qatilə çevrilməsi ilə yadda qaldı.

Artıq ölkənin krim-xronikasına nəzər yetirdikdə, demək olar ki, hər həftə müxtəlif motivli qətllərin üslubu və yaş senzi təkrarlanır. Bu dəfə 29 yaşlı gənc oğlan sevgilisinin boğazını kəsərək öldürüb, 16 yaşlı qız isə onunla birlikdə kirayədə qalan rəfiqəsini bıçaqlayaraq qətlə yetirib.

Axar.az həftənin bu iki ağır cinayətinə işıq salaraq xəbər verir ki, Gəncədə yaşadığı evdən şəxsi minik maşını ilə oktyabrın 24-ü evdən çıxan Svetlana Mayılova geri dönməyib. Onun barəsində hüquq- mühafizə orqanları tərəfindən axtarış elan edilib.

Bir ay davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, tibb bacısı işləyən qadın uzun müddət bərabər yaşadığı Gəncə sakini 29 yaşlı Rauf Əliyev tərəfindən qətlə yetirilib.

Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Müqalib Abdiyev Milli.az-a bildirib ki, həmin gün tərəflər Raufun xalası evində görüşüblər:
“Nərimanov küçəsi bina 28, mənzil 36-da yaşayan Əliyev Rauf Ruman oğlu ilə qabaqcadan vədələşdikləri kimi, onun xalasına məxsus Gəncə şəhəri Rüzgar Qasımov küçəsində yerləşən 37 nömrəli evdə görüşüblər. Həmin ünvanda aralarında baş verən mübahisə zəminində Rauf Əliyev üzərində olan bıçaqla Svetlananı boğaz nahiyəsindən vuraraq qətlə yetirib”.

Hadisədən 4 gün sonra Rauf Əliyev törətdiyi cinayətin izini itirmək məqsədi ilə xalasının evində gizlətdiyi meyiti atasına məxsus “Qaz 24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndində yaşayan nənəsinin evinə aparıb və həyətdəki mal tövləsində basdırıb.

Rauf Əliyev deyib ki, çoxdan tanıyırıq bir-birimizi. Mübahisə elədik, mən də vurdum öldürdüm.

***

Bakıda isə 16 yaşlı qız tərəfindən törədilmiş dəhşətli qətlin bəzi məqamları aydın olub. 1998-ci il təvəllüdlü Aydan Xəlilova özündən 7 yaş böyük olan Şəms Nəhmədovanı mübahisə zəminində öldürüb.

Bəlli olub ki, qızlar Binə qəsəbəsində kirayə tutduqları mənzildə yaşayırmışlar. Tüfeyli həyat tərzi keçirən qızlar konkret heç bir yerdə oxuyub-işləməyiblər.

A.Xəlilovanın atası bir müddət əvvəl dünyasını dəyişib, anası isə Zaqatalada yaşayır. Qətlə yetirilən 23 yaşlı qız isə ailəsi Bakıda yaşamasına baxmayaraq, evdən çıxıb və kirayədə yaşamaq qərarına gəlib.

Olaya gəlincə, hələlik dəqiqləşməmiş səbəbdən qızlar arasında mübahisə olub. Mübahisə zəminində 16 yaşlı qız bıçaqla otaq yoldaşının ürəyinə bir zərbə endirib.

COMMENTS