“Hər şeyin üstündən xətt çəkərək geri döndüm.” – MÜSAHİBƏ

Dosye.org Modern.az-a istinadən  ədəbi cameə sakinləri olan şair və yazıçılarla silsilə müsahibələri davam etdirir.

 

Bu dəfəki müsahib bir müddət öncə ölkəni tərk edən və yenidən Azərbaycana qayıdan şair Murad Köhnəqaladır. Elə Murad Köhnəqala imzasını demək kifayətdir ki, maraqlı söhbət alındığını zənn edəsən. Belə də oldu. Hazırda doğma kəndlərində sakit bir guşədəki Murad Köhnəqala ilə olan səmimi dialoqu sizlərə təqdim edirik:

 

– Murad bəy, hazırda nə işlə məşğulsunuz?

 

– Hazırda doğma kəndimizdə, anamın yanında yaşayıram, buradan Lent.az saytına yazıram, dolanışığım oradan çıxır. Mənim kiçik qardaşımın həyat yoldaşı rusdu, iki qızı var. Qardaşım öz həyat yoldaşı ilə Rusiyada çörəkpulu qazanır, uşaqları isə kənddə, anamın yanında yaşayır, orta məktəbdə oxuyurlar. Onlar Rusiyada doğulduğuna görə vətəndaşlıq vəsiqələrini oradan alası, sənədləri düzələnə qədər ata-analarının yanında qalmalı oldular. Nəvələri yanından getdiyinə görə anam tək qalmışdı. Ona görə həyat yoldaşımla birgə anamın yanına gəldik. Bu üç ay ərzində başa düşdüm ki, nə mən anamı, nə də anam məni tanıyırmış. Orta məktəbi bitirəndən kənddən çıxmışam. İndi qardaşımın həyat yoldaşı və uşaqları kəndə qayıdıb. Onlar bizə o qədər isinişiblər ki, öz yanlarından buraxmaq istəmir, heç olmasa, qış çıxana kimi burada qalın, deyirlər. Amma biz bir çox səbəblərə görə Bakıda yaşamalıyıq. Hazırda mənim çap olunmamış beş kitabımın elektron variantı hazırdı. Məsələn,adicə, bu kitabları çap eləmək üçün mən Bakıda olmalıyam.

 

– Son vaxtlar elə bil, ədəbiyyatdan küsmüsünüz, ədəbi cameədə görünmürsünüz…

 

-Ədəbiyyatdan küsmək? Ayının meşədən küsməyindən danışırsınız, yəqin. Əslində ədəbiyyatdan yox, ədəbi ictimaiyyətdən küsmək olar. Ancaq mən heç birindən küsməmişəm. Beş ay İsveçdə oldum, qayıdanda sakitlik naminə Gəncədə, sonra kənddə yaşadım, yəni, Bakıda az göründüm. Ola bilsin, bir ilə yaxın müddətdə üzə çıxmamağım bu təəssüratı yaradıb, ancaq mənim küsmək kimi bir adətim yoxdu. İncidiyim adama sözümü deyirəm, simvolika ilə danışmağı sevmirəm.

 

-Son şeirləriniz hansı rəngdədi?

 

-Son dövrlərdə, demək olar, şeir yazmıram. Son şeirimi, uzun fasilədən sonra 2012-ci ildə yazdım. Adı da belədi: “Şəlalə ilə SMS-ləşmə” O vaxtlar həmin sevdiyim xanımla “Neftçilər”də bir mənzil kirayələmişdik. Mən ailədən, işdən, dostlardan və cəmiyyətdən oğuradığım vaxtımın dəqiqəsinə qədər onunla keçirməyə çalışırdım. O da evdə oturub yalnız mənim gəlişimi gözləyirdi. “Komandirovka”, kəndə getmək adı ilə evdən oğurlanıb yanında qalardım, qalan günlərdə isə metronun sonuncu qatarına qədər ayrılmazdıq. Mən hər dəqiqə həmin o kirayə evimizə, sevimli xanımımın yanına tələsər, metroda, avtobusda yol gələrkən ona SMS göndərər, ondan gələn SMS-lərə cavab verərdim. Üstümə çox dirənib soruşsanız, həmin şeir şokolad kağızlarının rəngindədi, deyə bilərəm. Çap eləmək istəsəniz həmin şeiri sizə təqdim edə bilərəm.

 

-Göndərərsiniz, məmuniyyətlə elə bu müsahibə ilə çap edərik. Murad bəy, belə bir suala münasibətiniz necədi? Niyə Azərbaycan ədəbiyyatı dünya səviyyəli ədəbiyyatın kandarına da yaxın düşə bilmir?

 

-Məncə, ədəbiyyatı cəmiyyət doğurur, yəni cəmiyyətdə gedən proseslər yazarı “zədələyir” və bu zədələrdən mənasız yara da əmələ gələr, mərcan da. Həm də bizim yazarların dünyagörüşündə məhdudiyyətlər var. Bizimkilər özlərini Avropa yazıçıları ilə müqayisə etməməlidi. Birincisi, hər bir avropalı istədiyi vaxt sərhədsiz Avropa ölkələrini gəzə bilir, ona görə istənilən Avropa yazarının alt şüurunda, istər-istəməz, bir sərhədsizlik olur. Onların təfəkkürü boz deyil, çox rəngarəngdi. İkincisi, hər bir ciddi yazarın fəlsəfi hədəfi olmalıdı. Bizdəkilərin istedadı olsa da fəlsəfi hədəfi yoxdu. Bizim yazıçı-şairlərin hədəfi yalnız insanı kövrəldib ağlatmaqdı. Fikir vermisinizmi, dərd-bəladan yazıb adamları kövrəldənlərə əla şair deyirlər. Bir dəfə, qafiyədə yazan yaşlı bir şairə dedim, uşaqlar küçədə itləri daşlayırdı, çox əsəbləşdim. Həmin şair mənə dedi, uşaqdılar dəə, neynirsən, qoy daşlasınlar. Bu fəlsəfə ilə yaşayan nə yaza bilər? Söhbət təkcə ədəbiyyatımızdan getmir, musiqimiz də, incəsənətimiz də, kinomuz da, səhiyyəmiz də itdaşlayanlardan ibarətdi.Həm də bizim yazarlarda texnologiya çatışmazlığı var. Fikrimi tam anlamaq üçün Hollivudun fantastik filmləri ilə bizim müasir filmləri, Avropanın rok musiqisi ilə bizim dingiriş mahnıları müqayisə etməyinizi təklif edirəm. Yaxud, Qərb, Avropa milyonçularının xeyriyyə işlərinə qoyduğu milyonları və bizimkilərin prikol üçün xərclədikləri məbləği göz önünə gətirin. Ədəbiyyatımızın da fərqi bu qədərdi. Ona görə bizim yazarların əsərlərinə, qarşısına qoyduğu pulda 20 qəpik görmək arzusunda olan küçə uşağının kauçuk tütəkdə çaldığı mahnılar kimi baxırlar.

 

-Murad bəy, uzun müddətdir, AYB üzvlüyündən çıxmısınız, heç o binaya gedirsinizmi?

 

-Biz Azad Yazarlar Ocağını təsis etdikdən sonra mən öz ərizəmlə Yazıçılar Birliyinin üzvlüyündən çıxdım. Çünki, AYO-nun nizamnaməsində yazmışdıq ki, digər ədəbi birliklərin üzvü olan şəxsi təşkilatımıza qəbul etməyəcəyik. Bunu da niyə belə eləmişdik, çünki çoxlu sayda AYB üzvü bizim təşkilata üzv olmaq istəyirdi, lakin AYB-ni də əldən buraxmaq istəmirdilər. İkiüzlü yazarlar axınının qarşısını almaq üçün AYO-nun qəbul qaydasına həmin bəndi salmışdıq. Zənnimcə, mən AYB tarixində ilk adam idim ki, öz istəyimlə o təşkilatdan xaric oldum.

Qaldı, AYB-yə getmək, bəli, üzvlükdən çıxandan sonra da ora gedirdim, ancaq aradabir. Əsasən, dostum Şaiq Vəli Sumqayıtdan Bakıya gələndə onunla AYB-nin dördüncü mərtəbəsindəki bufetində günümüzü keçirirdik.

Bir dəfə ordakıların biri mənə zarafatla dedi, nə yaxşı qorxmursan, səni binadan qovarlar. Dedim, kimsə bu binanı özəlləşdirib öz adına olan kupçasını göstərsə,o zaman məni burdan qova bilər, yəni, bu bina hamıya məxsusdu. Buraya üzv olan da, olmayan da gələ bilər.

 

-Siz xaricə gedəndə arxanızca çox yazdılar, çox şeylər danışdılar. Öz dilinizdən eşitmək istərdim, İsveç kimi ölkədən niyə qayıtdınız?

 

-Hə, mən İsveçdə olanda sosial şəbəkələrdə, mətbuatda haqqımda çoxlu sayda yanlış məlumatlar yayırdılar. Əsas şayiə, dindarların məni təqib eləyib, öldürmək istəməsi ilə bağlı idi. Hətta yaxın ətrafım da belə düşünürdü. Dini dünyagörüşü qəbul eləməyən bir adam kimi dindarlar heç vaxt məndən xoşlanmayıblar. Bu mənada mən özümü ateist də yox, aqnostik sayıram. Dindarlar mənə Feyzbukda açıq və gizlin şəkildə hədə ilə dolu məktublar yazırdı. Lakin mən İsveçdə siyasi sığınacaq almaq üçün dindarların hədəsini təqdim eləməmişdim. Din barədə mövqeyim o qədər kəskin olub ki, mühacirətimin səbəbini birbaşa buna yozublar. Məsələ burasındadır ki, Avropada sığınacaq almaq üçün təqib olunduğunu, həyatına olan təhlükəni sənədlərlə sübut eləməsən danışdığın nağıllara inanmırlar. Bu mənada, hələ İsveçə getməzdən əvvəl mənim Feyzbuk səhifəmi dağıtmışdılar, istəsəm belə inboksuma gələn hədələri təqdim edə bilməzdim. Orada təqdim etdiyim sənəd 26 iyul, 2011-ci ildə “Yeni müsavat” qəzetində çap olunan bir mətn idi. Həmin yazıda sıra ilə on səkkiz nəfər jurnalistin adı çap olunmuş, üstündə də yazılmışdı ki, bu jurnalistlərdən biri öldürüləcək. Mətn qəzetlərə hansısa ünvandan ötürülmüşdü. Orada indi mühacir həyatı yaşayan Mirzə Sakitin, Qənimət Zahidin, Fikrət Hüseynlinin, Həbib Müntəzirin də adı var. Hacı Zaminin də, həyat yoldaşı Sevinc xanımın da, Anar Niftəliyevin də adları orada çap olunmuşdu. Siyahının başında isə mənim adım gəlir. Qəzetin həmin səhifəsini İsveçdə təqdim elədim və dedim, baxın, məndən aşağıda adları hallanan jurnalistlərin bəziləri çoxdan Avropanın müxtəlif ölkələrinə mühacirət edib. Məndən soruşdular ki, bəs sən nə əcəb, indiyə qədər ölkəni tərk eləməmişdin? Dedim, indiyə qədər qorxmurdum, artıq qorxuram. Təkcə bu sənədlə mənə siyasi sığınacaq verirdilər, lakin mən “stop” yazıb geri döndüm. Bəs niyə geri döndüm? Əslində məqsədim, Avropada siyasi sığınacaq alıb sevdiyim xanımla orada yaşamaq, imkan daxilində əldə edəcəyimiz pulla Bakıda yaşayan ailəmə maddi yardım eləmək idi. Biz birlikdə getməli idik. Hər şeyi hazırlamışdıq, son anda mən viza ala bildim, amma ona viza verməkdən imtina etdilər. Məsləhətləşib belə qərara gəldik ki, mən getməliyəm Avropaya, sonra da onu hansısa yolla dəvət etməliyəm yanıma. Beş ay mühacir həyatı yaşadıqdan sonra baxdım ki, ömür-gün keçir, onu gətirməyə kömək edəcəyinə söz verən isveçdəki azərbaycanlılar də sözlərinin üstündə durmurlar. Yəni, sevdiyim xanımı yanıma gətirə bilməyəcəyimi anladıqdan sonra məcburən, hər şeyin üstündən xətt çəkərək geri döndüm.

 

-Bəs, indən beləki həyatınızı necə qurmaq istəyirsiniz?

 

-Hazırda Lent.az saytı ilə əməkdaşlıq edirəm, sevdiyim xanımla, anamla, doğmalarımla bir yerdəyəm, yazmaqla məşğulam. Mənə əzab verən yalnız maddi sıxıntılardı.

 

-Düşünürəm ki, hər şey yaxşı olacaq. Söhbətə görə çox sağolun!

 

-Mən də elə düşünürəm, heç vaxt ümidsiz yaşamamışam. Siz də sağolun!

COMMENTS