Həştərxanda Birinci Avropa Oyunlarına dəstək aksiyası təşkil olunub

2015-ci ilin 10 iyun tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təşkilatçılığı ilə Rusiyanın müxtəlif şəhərlərində keçirilən Bakı – 2015 Birinci Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində Rusiya Federasiyasının Həştərxan şəhərində bu Oyunlarının açılış mərəsimi ərəfəsində növbəti dəstək aksiyası keçirilib.

Aksiya Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin və AMOR-un Həştərxan bölməsinin təşkilatçılığı ilə şəhərin mərkəzində yerləşən Ulu öndər Heydər Əliyev adına parkda təşkil olunub.
Tədbirin əvvəlində parkda ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi ehtiramla yad edilib.
Aksiya iştirakçılarına Olimpiya obyektləri, idman qurğuları, Milli Olimpiya Stadionu, şəhərdə görülən yenidənqurma işləri barədə geniş məlumat verilib. Əsas diqqət Avropa Oyunlarına görülən hazırlıq işlərinə yönəldilib. Həmçinin tədbir zamanı gənclər tərəfindən Birinci Avropa Oyunlarını əks etdirən geyimlərdə fleşmob keçirilib və iştirakçılara Oyunlara aid suvenirlər və broşurlar paylanıb.

Tədbirdə Həştərxan vilayəti və şəhərinin administrasiyasının nümayəndələri, şəhər sakinləri, AMOR-un üzvləri, Həştərxanda yerləşən Heydər Əliyev adına məktəbin kollektivi və şagirdləri, yerli diaspora nümayəndələri iştirak ediblər.
Birinci Avropa Oyunlarında Həştərxan idmançılarının iştirakını, tarixən Azərbaycan – Həştərxan dostluq münasibətlərini, son illər ərzində Azərbaycan, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Həştərxanda geniş miqyaslı layihələrin həyata keçirilməsini nəzərə alaraq bu dəstək aksiyası Həştərxan sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

 

COMMENTS