Hacı Qalib icra başçısını qınadı

Hacı Qalibdən heyrətamiz açıqlamalar; “Camaat deyir məgər Bilgəhdə bir kişi yoxdur ki, icra nümayəndəsi Zəngilandan, ya başqa bir rayondan gəlir?”

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb. Xəbər verildiyi ki, rayonda nüfuz sahibi olan millət vəkilini hədələyən icra başçısı onun qarşıdan gələn seçkilərdə deputat seçilməsinə imkan verməyəcəyini bəyanlayıb.

Editor.az-ın yaydığı məlumata görə, konfliktin yaranmasına səbəb Kürdəxanı, Bilgəh və Pirşağı sakinlərinin icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı deputata şikayət etməsi olub. İcra başçısını sakinlərin problemlərini həll etməyə çağıran millət vəkili hədəf götürülüb və rayondakı bütün qurumlara Hacı Qalibin əleyhinə iş aparmaq tapşırığı verilib. Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, icra başçısı Adil Vəliyev Bilgəh qəsəbəsində hazırda baş alıb gedən antisanitar vəziyyət və abadlıq-quruculuq işlərinin zəif getməsi ilə bağlı Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsini dəyişmək qərarına gəlib. Bu kadr dəyişiklikləri mütəmadi olaraq öz işinin öhdəsindən gələ bilməyən və səriştəsiz icra nümayəndələri ilə bağlı baş verir: “Lakin Sabunçu rayonundan seçilən millət vəkili Qalib Salahzadə bu məsələyə qarşı çıxaraq, bildirir ki, icra nümayəndəsi mütləq bilgəhli olmalıdır”.

Məsələ ilə bağlı Hacı Qaliblə danışdıq.

– Qalib bəy, konflikt icra nümayəndəliyinə deyildiyi kimi bilgəhlinin təyin olunmamasından qaynaqlanır, yoxsa ayrı bir səbəb də var?

– Elə hesab edin ki, elə ordan qaynaqlanır. Mən bu sözü həmişə deyirəm, zəngilanlı gəlib Bilgəhdə nə iş görə bilər? Yaxud bilgəhli gedib zəngilanlı üçün Zəngilanın kəndində nə iş görə, camaata nə xeyir verə bilər? Yoxsa burda başqa nə ola bilər ki. İcra nümayəndəsi iki dənə arayış verir də. Bir arayış verir ki, burda yaşayır, digərində də yazır ki, burda qeydiyyatdadır.

– Belə başa düşdüm icra başçısının təyin etmək istədiyi şəxs zəngilanlıdır?

“Dedim ki, a kişi, gəl mən sənə 30 adam verim, seç, kimi istəyirsən, icra nümayəndəsi qoy”

– Artıq dünən (srağagün-E.P.) təyin edib. Bəli, zəngilanlıdır. Ancaq tək bu məsələ də deyil. Bu adam kiminsə tapşırığını yerinə yetirir. Mən həmişə deyirəm və deyəcəyəm. Bilgəhdə bilgəhli olmalıdır. Zəngilanlı heç Bilgəhin küçələrini tanımır. Ancaq icra başçısı bu məsələni başqa formada hallandırır. Məsələni xırdalamaq lazımdır ki, deputat niyə bu cür danışır? Ona görə ki, kəndə xeyir verməkdən ötrü icra nümayəndəsi heç olmasa kənd adamlarını tanımalıdır.

– İcra başçısının məntiqindən isə belə anlaşılır ki, siz prezidentin siyasətinə qarşısınız…

– Yox, mən heç vaxt prezidentin siyasətinə qarşı çıxmamışam, çıxan da deyiləm. Mən prezidentin çörəyini yemişəm. Çörəyə xəyanət etsə, adamın gözü tutular. Mən deputat kimi dövlətdən maaş alıram. Heç zaman cənab prezidentin siyasətinə qarşı çıxan adam deyiləm. Cənab prezidenti 5 dənə kişi kimi istəyən adam varsa, biri də mənəm. Kimsə yalandan iqtidar, ya müxalifət olur, mənim onlarla işim yoxdur. Kişi kimi deyirəm ki, cənab prezidentə qulluq edirəm, onun əsgəriyəm. Ancaq mən burda nöqsan görürəm ki, yerli camaat zəngilanlının icra nümayəndəsi olmağından əziyyət çəkəcək. Burada rəsmi qeydiyyatda 10 mindən çox əhali var, ancaq ümumilikdə 30 mindən çox adam yaşayır.

– Əvvəlki icra nümayəndəsi nə qədər işlədi?

– Lap əvvəlki icra nümayəndəsi 11 il işlədi. Sonra dedilər ali savadı yoxdur. Son illərdə isə bu başçı 4-cü icra nümayəndəsini təyin edib. Ancaq icra başçısı məni şərləyir ki, guya mən deyirəm yalnız bilgəhli olsun və başqa yerlərin camaatı mənim üstümə qalxsın. Belə söhbət yoxdur.

– Bəs icra başçısı Adil Vəliyev özü hardandır?

– Zəngilan, ya Qubadlıdandır… Bir az bundan əvvəl 28 il Qocalar Evinin baş həkimi işləmiş Bəhruz Əlimədətovu – 24 yaşından bu vəzifədə işləyən şəxsi çağırdı ki, gəl, Bilgəhdə icra nümayəndəsi işlə. Ancaq o, razılaşmadı. Onu vəzifəsindən çıxartdı, yerinə bir zəngilanlını qoydu. Həmin zəngilanlı da Zakir Fərəcovun qudasıdır. Mən dövlətə xidmət edirəm. Belə-belə hadisələri görəndə məgər etirazımı bildirməməliyəm?

– Nədən icra başçısı ilə şəxsən görüşüb bütün bunları onun diqqətinə çatdırmırsınız?

– O, mənə 3-4 dəfə zəng edib. Dedi ki, sən bu işlərə qarışma, sakitliklə olsun. Mən də bildirdim ki, qarışmıram, sadəcə camaat gəlib mənə şikayət edir. Camaat deyir məgər Bilgəhdə bir kişi yoxdur ki, icra nümayəndəsi Zəngilandan, ya başqa bir rayondan gəlir?
– Siz bilgəhli, icra başçısı da zəngilanlını müdafiə edir. Regionçuluq bir az təhlükəli və həssas məsələdir…

– Açıq deyirəm, burda heç bir regionçuluq yoxdur. Sadəcə məsələ budur ki, rayon rəhbəri hər bir regiondan ola bilər, istər lap naxçıvanlı olsun. Ancaq kənddə icra nümayəndəsi kənd adamlarının ana-bacısını tanıyan adam olmalıdır. Kənd başqa şeydir.

– Belə çıxır ki, siz kənd olaraq güzəştə getmək niyyətində deyilsiniz, yoxsa…

– Yox, biz cənab prezidentin siyasətinə qarşı gedə bilmərik. Şəxsən mən başçının müavini Güloğlanın yanında icra nümayəndəsini çağırdım, ərizəsini yazdırdım, verdim icra nümayəndəliyinə. Dedim biz cənab prezidentin bu qapıya bağlatdırdığı itinə də hörmət eləməliyik. Mənim icra başçısının səlahiyyətlərinə müdaxilə etməyə ixtiyarım yoxdur. Ancaq camaatın narazılığını, fikrini bildirməliyəm axı. Dəfələrlə şikayətə gəliblər. Bu adam 71 yaşlı Kürdəxanı sakini Hacı Tahir Əmirxan oğlunu həbs etdirib.

– Niyə?

– Niyəsi odur ki, konfliktləri olub. İndi kürdəxanılılar gəlirlər ki, bu yaşda ağsaqqalı həbsdə saxlatdırır. Mən də onların şikayətini çatdıranda deyir mən də ona kömək edirəm. Nə kömək edirsən, kişi 5-6 aydır orda yatır. O isə işi siyasiləşdirir, guya ki, prezidentin əleyhinə gedirəm. Xeyir, cənab prezidentə canım da qurbandır. Kişi kimi ona xidmət etmişəm, edəcəyəm də. Ancaq bu adam deyir ki, mən bu rayona gəlmişəm, səni deputat seçilməyə qoymayacağam. Mən də dedim ki, kənd soveti-zadam ki, sən məni seçəsən-seçməyəsən?!

– Vəziyyətlə bağlı ölkə başçısına şikayət etmək fikriniz varmı?

– Cənab prezidentin o qədər işi var ki…Xüsusilə də müharibə ilə əlaqədar… İndi iki dənə arayış verən icra nümayəndəsi ilə bağlı cənab prezidenti narahat etməyəcəyəm ki. Mən onunla telefon danışığımda dedim ki, a kişi, gəl mən sənə 30 adam verim, seç, kimi istəyirsən, icra nümayəndəsi qoy. Amma fakt budur ki, camaat narazılıq edir. Belə narazılıq Kürdəxanıda da var, Pirşağıda da. Mənimçün nə fərqi var ki, icra nümayəndəsi kim olacaq? Yoxsa burda nə var ki? Burda pul var, ya torpaq var? Torpağı da bələdiyyə paylayır. Amma mən görürəm ki, bu təyinat camaat arasında dövlətə, dövlətçiliyə qarşı narazılıq yaradır, mən də deputat kimi camaatın sözünü deyirəm.

COMMENTS