“Hacıbala Abutalıbov mənimlə ədavət aparır”

Kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) növbəti dəfə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb.

 

Kinorejissor Modern.az saytına Abutalıbovla bir saata yaxın söhbət etdiyini bildirib: “Amma Hacıbala müəllimin nə danışdığı, nə söz verdiyi mənə aydın olmadı”.

O, hazırda evinin vəziyyətinin daha da pisləşdiyini, çatların artdığını, evin bir tərəfini çökdüyünü desə də, səsinə səs verən yoxdur: “Hacıbala Abutalıbov 3 məhkəmə qərarının icarsını həyata keçirmir. Hələ məhkəmə qərarının aydınlaşdırılması üçün hüquqşünaslarını səfərbər edib.

Qiymətləndirmə şirkətinin evə dəyən ziyanla bağlı qoyduğu qiymət 650 min manat idi. Amma onların cəhdi ilə rəqəm 180 min manata salındı. Bunun da 10 min manatı mənəvi ziyanla bağlıdır, qalanı isə evin bərpası üçün nəzərdə tutulub. Mənim bir tələbim var, ya evimi bərpa eləsinlər, ya da istədiyim yerdən ev alsınlar”.

Ə.Mahmudov merin onunla rəftarını başa düşməyib: “Sadəcə, anlamadığım məqam odur ki, bu boyda imkan sahibi niyə aktyor ilə ədavət aparır? Axı, mənim o yaşım deyil. Belə mövzularla gündəmi zəbt etmək isə heç istəmirəm. Amma çox əlacsızam. Çünki artıq ailəmlə birlikdə bu evdə yaşamaq mümkün deyil”.

“Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.

COMMENTS