Hakim yuxarı instansiyanın qərarını saymır

Maliyyə Nazirliyi bir qrup səhmdara dəyən zərəri ödəyib, digərlərini məhkəmələrdə süründürür
Səhmdarlardan ibarət daha bir qrup “Gəncə Pambıq Əyrici” işi ilə bağlı məhkəməni qazanıb. Mayın 18-də Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının hakimi Zakir Quliyevin sədrliyi ilə keçirilən prosesdə Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməyib. Bu barədə “Bizim Yol” qəzetinə müəssisənin keçmiş səhmdarı Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Bəşir Bayramov məlumat verib.

Xatırladaq ki, Xətai rayon Məhkəməsi 2003-cü ildə “Gəncə Pambıq Əyrici” ASC-nin özəlləşdirilməsinə dair nəticələri ləğv edib, cəmiyyətin 220 səhmdarının qiymətli kağızı qüvvəsini itirib. Bundan sonra səhmdarlar məhkəmələrə üz tutublar. Bir qrup kiçik səhmdarın iddiası ilə qiymətli kağızlarının nominal dəyəri, yəni hər səhmə görə 2 manat məhkəmə qaydasında büdcədən onlara ödənilib. Əvvəlcə səhmdar Cahangir İsmayılov Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Maliyyə Nazirliyinə qarşı təkbaşına dava açıb, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 3984 səhminin qarşılığında 5976 (75%) manatın dövlət büdcəsindən, 1992 manatın (25%) isə komitənin hesabından ödənilməsini tələb edib. İsmayılovun tələbi birinci instansiya məhkəməsində təmin edilib, adıçəkilən qurumların üzərinə məbləğin ödənilməsi öhdəliyi qoyulub. MN qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Hilal Xəlilov şikayəti əsassız sayıb, əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb. Onda MN kassasiya qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına müraciət edib. Kollegiyada da hakim Zakir Quliyev qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Nazirliyin serial məhkəmə prosesləri

İkinci bir səhmdar qrupunun məhkəmə iddiası keçən ildən start götürüb. Əldə olan qərarlara əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Nizami Ağayev (848 səhmin sahibi), Afət Əzimova (444 səhm), Vəli Bayramov (592 səhm), Şakir Əsgərov (626 səhm), Vaqif Teymurov (508 səhm), Hüseyn Hüseynov (5300 shm), Elşən Vəliyev (698 səhm) və Elşən Əliyevdən (1480 səhm) ibarət 8 nəfərlik bir səhmdar qrupunun iddiası əsaslı sayılaraq, təmin edilib. Bu dəfə də MN qərarla razılaşmayıb, apellyasiya şikayəti verib. Məhkəmənin hakimi Cahangir Yusifovun sədrliyi ilə keçən prosesdə MN-in iddiası təmin edilməyib, ümumilikdə 21 min manatın adıçəkilən səhmdarların xeyrinə ƏMDK və MN-dən tutulması barədə qərar qüvvəsində saxlanılıb. MN artıq şansını, necə deyərlər zorlamayıb, növbəti instansiyaya şikayət etmədən iddia təmin olunub.

Rasim Qəmbərov (740 səhm), Bəşir Bayramov (5300 səhm), Əhəd Cəfərov (703 səhm), Zahid Kərimov (1376 səhm), Mahir Məmmədlidən (2120 səhm) ibarət üçüncü bir səhmdar qrupu da iddia qaldıraraq səhmlərinin müqabilində 20478 manatı adıçəkilən dövlət qurumlarından tələb ediblər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenə səhmdarların iddialarını təmin edib, göstərilən vəsaitin 75 faizinin MN, 25 faizinin isə ƏMDK tərəfindən zərərçəkənlərə ödənilməsi barədə qərar çıxarıb. Qərara etiraz edən MN apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Bu qrupun işi ilə bağlı ən son Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı bu ilin may ayının 18-də verilib. Baxmayaraq ki, dövlət qurumları bu məsələdə iki məhkəməni uduzub və dəyən zərəri ödəmək məcburiyyətində qalıblar, bu dəfə də kassasiya şikayəti verib və məhkəmə qərarlarından da göründüyü kimi müdafiə strategiyası heç dəyişməyib, dəlillər eynidir. Məsələn, nazirliyin kassasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçılar iddia müddətini buraxdıqları üçün hazırkı iş üzrə müddət tətbiq etməklə tələb rədd edilməlidir. Əslində, bu tələbin əsası ona görə yoxdur ki, bundan əvvəlki qərarlar 2012, 2013, 2014-cü illərdə qəbul olunub. Bununla yanaşı, adıçəkilən iş eyni bir müəssisəyə aiddir və ilk qərardan sonra MN növbəti məhkəməni gözləmədən onu bütün səhmdarlara tətbiq edib, dəyən ziyanı geri ödəməliydi. Məhkəmə kollegiyası iddia tələbini əsaslandırmaq üçün Çek auksion komissiyasının bildirişlərinə istinad edib. MN nümayəndəsinə görə bildiriş əldə edən hərrac iştirakçılarının mülkiyyət hüququ yalnız səhmdarların reyestrindən çıxarışla müəyyən olunur və iddiaçılar belə bir sənədə malik olmayıblar.

Zərər MN və ƏMDK arasında “bölünüb”

Qeyd edək ki, o vaxtkı Dövlət Əmlakı Nazirliyi Respublika Auksion Mərkəzinin möhürü, qeydiyyatçı və xəzinədarın imzası ilə B.Bayramova 1046216056 nömrəli sifarişə əsasən 21 yanvar 2001-ci il tarixdə qəbz verilib. Orada göstərilir ki, “sifarişçi B.Bayramovdan 40 ədəd özəlləşdirmə çeki “Gəncə Pambıq Əyrici” Səhmdar Cəmiyyətinə sifariş qəbul edildi”. 1046216069 nömrəli, 23 yanvar 2001-ci il tarixli sifarişə əsasən daha 40 çekin B.Bayramovdan qəbul edildiyi görünür. Üstündən uzun illər keçdiyinə görə bəzi səhmdarların bildirişləri itsə də, Yaşar Qaracayev və Vüqar İbrahimovun hər birinin “Gəncə Pambıq Əyrici” ATSC-də 740 səhmi olduğunu təsdiqləyən 9 fevral 2001-ci il tarixli bildirişi var və sənədi sədr Kərəm Həsənov özü imzalayıb. Yəni MN-dən bildirişin olmaması barədə iddia əsassızdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinin (MDM) sabiq prezidenti Gündüz Məmmədovun imzası və MDM-in möhürü ilə 26 fevral 2002-ci il tarixdə səhmdar Rafiq Axundova verilmiş “Gəncə Pambıq Əyrici” ASC-nin səhmdarlarının reyestrindən çıxarış mövcuddur. Məhkəmə də mülkiyyət hüququnun olmaması və məsələnin araşdırılmadığına dair iddianı əsassız sayıb. Hakim yuxarıda barəsində söhbət gedən bildirişlərə istinad edib və göstərib ki, MN-in iddialarına rəğmən belə sənədlər var, əvvəlki instansiya da onlara əsaslanaraq qərar çıxarıb. Qərar verən hakimin də öz arqumentləri olub. Məhkəmə hesab edib ki, “Gəncə Pambıq Əyrici” ASC-nin təsis edilməsi prosesində nizamnamə kapitalı müəyyən edilərkən ƏMDK qanunvericiliyin tələblərinə əməl etmədiyi səbəbindən ASC-nin yaradılması barədə sərəncam ləğv edilib. Mülki Məcəllənin 337.5 maddəsinə istinadən hakim vurğulayır ki, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur, alınanları eynilə qaytarmaq mümkün olmadıqda, onun dəyərini pulla ödəməlidir. Ən sonda hakim MN-in kassasiya şikayətini təmin etməyib. İnzibati Prosessual Məcəllənin 73.1 maddəsinə istinad edərək inzibati orqanın üzərinə aktın qəbul edilməsi barədə öhdəlik qoyub, səhmdarların iddialarını təmin edərək, göstərilən vəsaitin 75 faizinin MN, 25 faizinin isə ƏMDK tərəfindən zərərçəkənlərə ödənilməsi barədə əvvəlki məhkəmənin qərarını qüvvədə saxlayıb.
ƏMDK-nın nümayəndəsi bu dəfə məhkəmədə iştirak etməyib. Görünür bir məsələ ilə bağlı presedentə aid dəlillər sonda onları da inandırdı. Mülki Prosessual Məcəlləsinin 82.3 maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Bir-birinə zidd… hakimlər

Ortada bir məsələ ilə bağlı Ali Məhkəmənin Kollegiyasının 3 qərarı səhmdarların xeyrinədir. Ən maraqlısı da odur ki, Ali Məhkəmənin Kollegiyasında son qərar bu ilin may ayının 18-də çıxarılıb, ondan 11 gün sonra, may ayının 29-da daha aşağı instansiya – 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Etibar Mustafayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dördüncü qrup səhmdarlar sürpriz qərarla rastlaşıblar. Analoji işlə bağlı demək olar, bütün məhkəmələri uduzan MN bu dəfə haqlı çıxıb, səhmdarların iddiası “mümkün sayılmayıb”. Uzun illər Neft Akademiyasında işləyən təcrübəli müəllim deyəndə ki, qərarı anlamayıb, təəccüblənmişdim. Bu iş barədə 10-dan artıq hakim qərarı ilə tanışam və hüquqi əsaslandırılması barədə bir qədər təsəvvürüm var. Amma bu iki vərəqlik qərardadın (heç beləsini görməmişdim-H.H.) qərar hissəsində anladığım bir cümlə belə yoxdur. 1 səhifəsi səhmdarların iddiasına həsr olunub. Məlum olur ki, 11 iddiaçı – Elşad Cəlilov (1060 səhm), Sifayə Cəlilova (1060 səhm), Qabil Salmanov (424 səhm), Elxan Həmidzadə (212 səhm), Ələkbər Nağıyev (7200 səhm), Əminə Bayramova (4460 səhm), Rafiq Axundov (3600 səhm), Yaşar Qaracayev (740 səhm), Azad Bayramov (2120 səhm ), Vüqar İbrahimov (740 səhm), Müşviq Bayramov (2120 səhm) da məhkəmədən onlara dəyən 47472 manat zərərin ödənilməsini xahiş edib. Bundan sonra hakimin şərhində sanki bir başı kəsib başqa bir bədənə qoyublar. Yəni şərhin iddia ilə heç əlaqəsi yoxdur. Həmkarlarının bütün əsaslandırmalarının üzərindən xətt çəkən hakim yazır: “Məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda inzibati icraat çərçivəsində iddiaçıların inzibati orqan kimi cavabdehlərlə publik (inzibati) hüquqdan irəli gələn münasibətləri yaranmadığından, onlara qarşı qaldırılan tələb mümkün sayılmamalıdır”.

Hakim məsuliyyəti hər iki qurumun üzərindən bir cümlə ilə götürüb. Bundan əvvəlki məhkəmə qərarlarında “Gəncə Pambıq Əyrici” ASC-nin təsis edilməsi zamanı nizamnamə kapitalı müəyyən edilərkən cavabdeh ƏMDK-nin qanunvericiliyin tələblərini təmin etmədiyi səbəbindən ASC-nin yaradılması barədə sərəncamın etibarsız hesab edildiyi göstərilib. Bütün qərarlarda normativ hüquqi aktların tələbləri əsas gətirilərək bildirilib ki, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin ƏMDK-nin hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulub. Yəni istəsələr də, istəməsələr də 75 faizi MN, 25 faizi isə vaxtilə həmin özəlləşmədən qazanan ƏMDK ödəməyə cavabdehdir. İnzibati Prosessual Məcəllənin 73.1 maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində aktın qəbul edilməməsinin qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə aktın qəbul edilməsi barədə öhdəlik qoyur. B.Bayramov bir məsələ ilə bağlı fərqli qərarların içərisində dolaşığa düşüb, “ziddiyyətli qərar verən hakimin öz yerində olmadığı” qənaətindədir. MN-in isə səhmdarlara fərqli mövqeyini ümumiyyətlə başa düşmür. Məndən xahiş etdi ki, Konstitusiyanın hər kəsin bərabər hüquqda olduğunu özündə ehtiva edən 25-ci maddəsini bu məqalədə mütləq vurğulayım.

COMMENTS