Hakimiyyət ABŞ-da genişmiqyaslı Xocalı kampaniyası keзirir

Ziya Məmmədovun oğlunun təşkilatı Vaşinqton, Nyu-York kimi iri şəhərlərdə Xocalını tanıtım aksiyaları başladıb

Azərbaycan hakimiyyəti ABŞ-da geniş Xocalı tədbirləri keçirəcək. Hakimiyyətin Amerika ilə əlaqələrində əsas rol alan isimlərdən olan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə artıq ABŞ-a gedib.

Məlumata görə, A.Mollazadə Vaşinqton, Nyu-York şəhərlərində, həmçinin ABŞ-ın bir sıra ştatlarında Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlərdə iştirak edəcək, “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək verəcək.

Amerikada daha bir Xocalı tədbirini nəqliyyat nazirinin oğlu, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədov təşkil edir. Onun rəhbərlik etdiyi alyans hər il olduğu kimi, bu il də ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası keçirir. APA-nın məlumatına görə, Nyu-York ştatından sonra başlanan tanıtım kampaniyası hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində həyata keçirilir. ABŞ-ın həm siyasi, həm də strateji baxımdan əhəmiyyətli şəhərinin mərkəzi küçələrində yerləşən binalar üzərində proyeksiya üsulu ilə “Xocalıya ədalət… Azərbaycana qarşı bəşər faciəsi” başlıqlı görüntü yayımlanır.

Xüsusən, axşam saatlarında əhalinin və nəqliyyatın sıx olduğu ərazilərdə daş tikililər üzərinə yansıdılan görüntü kampaniyanın loqo və statistik məlumatlarını amerikalıların diqqətinə çatdırır. Bununla yanaşı, mərkəzi marşrutla hərəkət edən böyük ölçülü avtobusların üzərinə də posterlər həkk olunub. Bu avtobuslar sözügedən posterləri üç həftə boyunca üzərində daşıyacaq və daha çox insanı faciənin miqyasından xəbərdar edəcək.

Azərbaycan Amerika Alyansının təsisçisi, aksiyanın təşəbbüskarı Anar Məmmədov soyqırımın 23-cü ildönümünə həsr olunan kampaniya və cari yürüş haqqında danışaraq bildirib ki, artıq dördüncü ildir ki, ABŞ-da nəinki Azərbaycan, habelə müasir dünya tarixinin ən qanlı səhifələrindən biri, Xocalı soyqırımını tanıtım kampaniyası keçirilir: “İlk ildən etibarən biz okeanın o tayında yaşayan insanlara faciənin miqyası, dərinliyi haqqında ən optimal, əlverişli və mümkün üsullarla məlumat verməyə çalışmışıq. Hər il kampaniyaya müəyyən yeniliklər əlavə edirik”.

ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası mart ayına qədər davam edəcək. Qeyd edək ki, Amerikada reklam qiymətlərini nəzərə alsaq, bu aksiyanın böyük pullara başa gəldiyini deyə bilərik. Hakimiyyətin oliqarx məmurlarının pullarını Xocalı faciəsi kimi milli məsələlərə cəlb etməsi yaxşı hal sayılmalıdır. Vaşinqton metrolarında Xocalı faciəsini əks etdirən stendlərin yayılması müsbət addımdır.

Amerikada yaşayan azərbaycanlıların verdiyi məlumata görə, rəsmi qurumlarla yanaşı, bu il tələbələr, azərbaycanlı icmalarının nümayəndələri müstəqil şəkildə Xocalı tədbirləri planlaşdırırlar.

COMMENTS