Top.Mail.Ru

“Hakimiyyətdə çox ciddi təmizlənmə prosesi gedir”-Qabil Hüseynli

“Hakimiyyətdə çox ciddi təmizlənmə prosesi gedir”-Qabil Hüseynli

Qabil Hüseynli: “Son dövrlər prokurorluq orqanları hadisələrin qabağında getmirdi, arxasınca sürünürdü”

Hakimiyyətin apardığı kadr isalahatlarının növbəti mərhələsi müşahidə olunmaqdadır. Son olaraq 20 il ölkənin Baş prokuroru postunu tutmuş Zakir Qaralov vəzifəsi ilə vidalaşdı. Bununla paralel olaraq, korrupsiya ilə mübarizə istiqamətində də addımlar atılır, artıq bir neçə icra başçısı, onlarla vəzifəli şəxs həbs edilib, cinayət işləri açılıb.

“AzPolitika.info” kadr islahatları və ölkənin gündəmində olan digər mövzularla bağlı sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli ilə söhbətləşib. Müsahibəni təqdim edirik:

– Qabil müəllim, son zamanlar ölkədə baş verən kadr və struktur islahatlarına, habelə korrupsiya ilə mübarizə istiqamətində atılan addımlara münasibətiniz necədir?

– Mən, ciddi siyasi struktur və kadr islahatlarının həyata keçirilməsini təqdir edirəm. Bunun müsbət nəticələr verdiyini görürük. Həm də rüşvət və korrupsiyaya qarşı mübarizə bütün səviyyələrdə – aşağı icra strukturlarından tutmuş yuxarı icra aparatlarına qədər həyata keçirilir. Mən ortada rüşvətə və korrupsiyaya qarşı mübarizəyə dair ciddi siyasi iradənin olduğunu da görürəm. Və hesab edirəm ki, ölkə Prezidenti artıq xalqı talayan rüşvətxor məmur ordusundan azad olmaq üçün prinsipial bir xətt tutub. Bu xətti həyata keçirmək üçün də bütün qüvvəsini sərf edir.

Zənnimcə, istənilən ölkədə, o cümlədən Azərbaycanda rüşvət və korrupsiya inkişafın yolunda dayanan başlıca maneədir. Bu qaldıqca ölkənin sürətli inkişafı və nəzərdə tutduğu hədəflərə çatması asan olmayacaq. Fikrimcə, ölkə Prezidenti hədəfləri düzgün müəyyən edir. O mənada ki, siyasi islahatlar, struktur dəyişikliyi və kadr islahatları ilə paralel olaraq, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparılır.

Son iki ayda 4 icra başçısının həbs edilməsi, bir neçə vəzifəli şəxsin vəzifədən kənarlaşdırılması, hətta indi iş başında olan və yaxın dövrdə təyin edilən iki icra başçısına töhmət verilməsi onu göstərir ki, məmur harınlığına, səriştəsiz adamların iş başına gəlməsi prosesinə son qoyulacağı gün uzaqda deyil. Prezident bu mənada qərarlıdır və sona qədər gedəcək.

– Siz özünüz də qeyd etdiniz ki, bir neçə icra başçısı cinayət başında yaxalanıb. Mümkündürmü ki, bu başçılar əvvəlki komandaya daha yaxın olduqları üçün korrupsiya əməllərini qəsdən davam etdirməklə, idarəçilikdə aparılan müsbət proseslərə maneçilik törədən faktor rolunda çıxış ediblər?…

– Mənim bu məsələnin üzərində dayanmağım üçün əlimdə tutarlı və dəqiq dəlillərim yoxdur. Yəni bu şəxslərin idarəçilikdə təxribat xarakterli addımlar atması haqda faktım yoxdur. Ancaq təhlükəsizlik xidmətinin iştirakı və videolentə alınmaqla həyata keçirilən həbs prosesləri onu göstərir ki, icra başçıları vicdan əzabı çəkmədən, heç bir abır-həya gözləmədən səhərdən-axşama qədər iş kabinetlərində ancaq rüşvət almaqla, pul saymaqla və bunu dəftərçələrinə qeyd etməklə məşğuldurlar. Rəhbərlik etdikləri rayonun problemləri haqqında fikirləşmir, əhali ilə işləmirlər, rayonun durumu, onu inkişaf etdirmək haqqında düşünmürlər. İcra başçılarının qəbul prosesi tamamilə unudulub, ərizə və şikayətlərə baxılması anormal durumdadır. Keçmişi “qarson” olan şəxsin Astara və Biləsuvar rayonlarında icra başçısı işləməsi, mənim fikrimcə, əslində nonsensdir. Üzündən yağ daman bu adamın XXI əsrdə, müstəqilliyimizin tam möhkəmlənmədiyi bir zamanda bu postda işləməsi çox böyük qəbahətdir və bu qəbildən olan adamların icra hakimiyyətləri, nazirlik orqanları, orta məmur təbəqəsində də sayı az deyil. Məncə, kadrlar ciddi saf-çürük olunmalı, onların intellektual səviyyələri, vətənə və xalqa bağlılığı ciddi şəkildə araşdırılmalı, mənəvi keyfiyyətləri ön planda tutulmalıdır.

– Yeri gəlmişkən, 2 gün əvvəl Azərbaycanın Baş prokuroru da dəyişdi. 20 il bu postda əyləşən Zakir Qaralovu Kamran Əliyev əvəz etdi. Bu təyinatı necə qiymətləndirirsiniz?

– Mən Baş prokuroru tanıyıram. Şəxsi tanışlığımız, münasibətlərimiz olmuş biri idi.

– Yeni təyin olunan Baş prokururu nəzərdə tutursunuz?

– Xeyr, əvvəlkini. Düşüncəmə görə, əslində o, çoxdan tükənmiş bir şəxs idi. İşinin öhdəsindən də lazımınca gəldiyi qənaətində deyiləm. Baxmayaraq ki, ölkə Prezidenti ona təşəkkür etdi. Sonra da Prezident yeni Baş prokurorla videokonfrans zamanı bildirdi ki, prokurorluq orqanlarında ciddi problemlər var, ciddi kadr islahatları aparılmalıdır, prokurorluq orqanlarında prinsipiallıq və obyektivliyi tətbiq etmək üçün yeni Baş prokuror bütün gücü ilə çalışmalıdır. Mən bu qənaətlə razıyam. Prezident rüşvətxorluğa və korrupsiyaya qarşı prinsipial siyasi xətt ortaya qoyub, ciddi mübarizə aparır. Bu mübarizədə Prezidentin “sağ əli” Dövlət Təhlükəsizliyi Xidmətidirsə, “sol əli” də ölkənin Baş prokuroru olmalıdır. Yəni ölkədə mənəvi saflanma, vəzifə sahiblərinin yüksək mənəviyyata malik olan insanlarla əvəzlənməsi prosesi məhz hüquq-mühafizə və təhlükəsizlik orqanlarının barışmaz və prinsipial mübarizəsindən xeyli dərəcədə asılıdır.

Kamran Əliyevin indiyə qədər Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olması və buradan Baş prokuror vəzifəsinə gətirilməsi isə o deməkdir ki, ölkə Prezidenti rüşvət və korrupsiyaya bağlı olan sahələrə diqqətini daha da artıracaq.

– Maraqlıdır, Zakir Qaralovla şəxsi tanışlığınızın tarixçəsi nədən ibarətdir?

– Tanış olmuşuq. Mən də zamanında hakimiyyətdə vəzifə tutmuşam. Aramızda salam-sağolumuz yaranıb, bir-birimizi tanımışıq. Həmin dövrdə Zakir Qaralov mən yaşadığım rayonda prokuror vəzifəsini daşıyırdı. Biz belə tanış olmuşuq. O zaman cavan olan Qaralovun işi də normal idi. Ancaq indi kifayət qədər yaşlanmışdı… Hesab edirəm ki, tanışlıq məsələsini xüsusi dərinləşdirməyə ehtiyac yoxdur. Mən çoxuyla tanış idim, o cümlədən də vəzifədən çıxarılan Baş prokurorla. Son dövrlər prokurorluq orqanları hadisələrin qabağında getmirdi, arxasınca sürünürdü. Mənim zənnimcə, Zakir Qaralovun potensialı tükənmişdi və Prezident bunu vaxtında qiymətləndirərək, lazımı addımlar atdı.

– Siz vəzifədən çıxandan sonra Qaralovla heç ünsiyyətiniz olubmu?

– Yox. İşdən çıxandan sonra kim-kimə salam verir ki?…

– Sizcə, bu islahatlar davamlı olacaqmı və bununla bağlı gözləntiləriniz nədən ibarətdir? 

– Hesab edirəm ki, 2018-ci ildən başladılan və indi də davam etməkdə olan siyasi islahatlar kursu pozitiv proses sayılmalıdır. Zənnimcə, Azərbaycan hakimiyyət orqanlarında ciddi saflanma, mənəvi təmizlənmə prosesi gedir. Rüşvət və korrupsiyanın fəaliyyət dairəsi qısaldılır. Düzdür, kadrların təyin edilməsi, seçilməsi və yerləşdirilməsi ilə bağlı müsbət addımlar atılsa da, fikrimcə, bu istiqamətdə görülməli işlər çoxdur. İlk növbədə cavan, enerjili və eyni zamanda təcrübəli şəxslərin iş başına gətirilməsi, məncə, idarəçilik sisteminin təkmilləşdirilməsi baxımından daha yaxşı nəticələr verə bilər.

Bilirsinizmi, bitki aləmində seleksiya yeni bitki növlərinin yaranmasına gətirib çıxardığı kimi, kadr məsələlərində də seleksiya aparıb təcrübəli, yoxlanılmış və ictimaiyyət tərəfindən tanınan şəxslərin yeni kadr bankını yaratmaq lazımdır ki, lazım olanda onlardan istifadə edə biləsən. Məncə, bu xətt də yürüdülməkdədir. Hər halda mən gələcəyə ümidlə baxıram.

DOSYE.ORG

COMMENTS