Hakimiyyətdən İŞİD-lə bağlı təlaş və xəbərdarlıq

PA rəsmisinə görə, bəzi qüvvələr Azərbaycanı radikal təməlçilərin ölkəsi kimi görmək istəyir; Arzu Nağıyev: “Xüsusi xidmət və kəşfiyyat qurumlarının üzərinə böyük vəzifə düşür…”

Azərbaycan hakimiyyəti İraq və Suriyada radikal islamçı qruplaşmalara qoşulan ölkə vətəndaşlarının geri qayıtmasından narahatdır. Bu haqda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov “The Financial Times” qəzetinə müsahibəsində bildirib. Ə.Həsənov deyib ki, bəzi qüvvələr Azərbaycanı radikal təməlçilərin ölkəsi kimi görmək istəyir, bəzi qüvvələr Azərbaycanın dünyəvi inkişaf yolunu dağıtmağa çalışır.

Əli Həsənov Azərbaycanın Suriyaya döyüşməyə gedən radikallar problemini Qərblə bölüşdüyünü qeyd edib. Onun sözlərinə görə, 300-ə yaxın azərbaycanlı döyüşmək üçün Suriyaya gedib və onlar evə qayıtdıqdan sonra təhlükəsizliyə potensial təhlükə yaradacaq. “Hesab edirəm ki, Qərb ölkələrinin Suriyaya döyüşməyə gedən bir neçə yüz vətəndaşı ora gedən bir neçə yüz azərbaycanlıdan daha az təhlükəlidir” – deyə Əli Həsənov Azərbaycan əhalisinin nisbətən az olduğuna eyhamla bildirib.

Qeyd edək ki, hazırda bir çox dünya ölkələri məhz Yaxın Şərqdəki qanlı müharibəyə qoşulan vətəndaşlarla bağlı ciddi narahatlığını ortaya qoyub. Avropa ölkələri isə Türkiyə ilə birlikdə radikal terror qruplarına qoşulan vətəndaşların müəyyən edilməsi ilə bağlı şəbəkə yaradıb. Təhlükəsizlik və kəşfiyyat qurumlarının koordinasiyası ilə qurulan bu şəbəkə terrorçu qruplara qoşulan şəxslərin müəyyən olunması və onlarla bağlı məlumat bankının hazırlanmasını təmin edir.

Hələlik Azərbaycanın bu şəbəkəyə qoşulması haqda məlumat verilməsə də, məlumdur ki, Azərbaycan təhlükəsizlik orqanları Türkiyənin müvafiq qurumları ilə birlikdə radikal qruplara qoşulanların müəyyən edilib məsuliyyətə cəlb olunması ilə bağlı işlər aparır. Ötən il ərzində MTN bir neçə dəfə genişmiqyaslı əməliyyatlar keçirərək Suriyadan qayıdanları həbs edib. Ancaq dövlət rəsmisinin etiraf etdiyi kimi, bu cür insanların sayı yüzlərlədir və dövlət üçün təhlükə yaratmaqda davam edir.

Mövzunu “Yeni Müsavat”a şərh edən sabiq təhlükəsizlik zabiti, ekspert Arzu Nağıyev Əli Həsənovun dedikləri ilə razılaşır: “Doğrudan da nə dünyaya və regiona, nə də Azərbaycana İŞİD təhlükəsi azalmayıb. Fransada baş verən son ”Şarli Hebdo” hadisəsi  bir daha  göstərdi ki, xüsusi xidmət orqanlarının səriştəsizliyi, demokratiya adı altında insanların mənəvi dəyərləri ilə oynamaq hansı fəsadlara gətirib çıxarır. Təsəvvür edin ki, dünyada öz dəst-xəttinə güvənən Fransa xüsusi xidməti üç nəfərlik bir dəstənin əlində aciz qaldı. Burada isə söhbət İŞİD kimi qəddar, yaxşı silahlanmış, hərbi-texniki və maliyyə cəhətdən yüksək səviyyədə təchiz edilən və bu gün dünyanın bir saylı terror təşkilatından gedir.

300 nəfər belə şəxsin törədə biləcəyi fəsadların miqyası təsəvvürə gətiriləcək səviyyədə acınacaqlı ola bilər. Çünki həmin terror dəstələrinin fəaliyyət dairələri çox genişdir, onları istər açıq, istərsə də maliyyə və mənəvi cəhətdən dəstəkləyən gizli qüvvələr mövcuddur. Məlumdur ki, onlar şimal sərhədlərimizdən uzaq olmayan ərazilərdə, daha dəqiqi, Rusiyanın Şimali Qafqaz ərazilərində də mütəmadi olaraq terror hadisələri, partlayışlar törədirlər. İraq və Suriyada həmin dəstələrin tərkibində döyüşən həmyerlilərimiz haqqında da məlumatlar çoxdur. Yəni danmaq lazım deyil ki, təhlükəsizliyimizə təhdidlər var və bu ciddidir”.

A.Nağıyev deyir ki, bu vəziyyətdə ilk növbədə xüsusi xidmət və kəşfiyyat qurumlarının üzərinə böyük vəzifə düşür: “Çünki Azərbaycan hazırda həm təhlükəli bölgədə yerləşir, eyni zamanda ölkə mühüm dövlət tədbirləri keçirməyə hazırlaşır. Məhz buna görə də terror təhdidlərinə qarşı dövlətin hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əlbəttə ki, fəaliyyət planları var və mütəmadi olaraq onlar tərəfindən keçirilən istər profilaktik, istərsə də daha ciddi əməliyyat-axtarış tədbirlərinin şahidi oluruq. Hətta ciddi təhdid olarsa, bütün dünyada olduğu kimi, ordu və Daxili Qoşun, ümumiyyətlə, digər silahlı qüvvə hissələrini də bu mübarizəyə cəlb etmək olar.

Qarşıda Azərbaycan üçün böyük önəm kəsb edən Avropa Oyunları var və heç də çox ölkələr bu oyunların yüksək səviyyədə keçirilməsinin tərəfdarı deyil. Ermənistan ilin əvvəlindən başlayaraq regionun təhlükəli olmasını sübut etmək üçün müxtəlif provokasiyalar, təxribatlar edir. Dünyəvi dəyərləri həzm etmək istəməyən, Suriya, Əfqanıstan, İraqda İŞİD-ə qoşulan azərbaycanlılar da bu kontingentdəndirlər. Lakin  ermənilərdən fərqli olaraq bu şəxsləri Azərbaycana qayıdanda təcrid edə biləcək qanunlar mövcuddur. Hər bir azərbaycanlı terror təhdidindən sığortalanmaq üçün səy göstərməlidir, çünki bu, birbaşa bizim gələcəyimizə təhdiddir”.

Ekspertin fikrincə, ilk növbədə bu prosesin, yəni radikal qruplara cəlbetmənin qarşısını almaq üçün təbliğat, maarifləndirmə işlərinə ehtiyac var: “Bununla yanaşı, başa salmaq lazımdır ki, geriyə yolunuz yoxdur, ya orada həlak olun, qalın, ya da qayıdanda həbs ediləcəksiniz. Bu gün bu şəxslər İslamı dəyərlərə o qədər zərbə vurublar ki, əvvəllər namaz qılan, iman gətirən şəxslərlə ailə qurmaq, dostluq etmək, bir yerdə iş qurmaq şərəf sayılırdısa, artıq qorxu və çəkingənlik var. Çünki maarifçi İslam azalıb, radikallıq çoxalıb. Əlbəttə ki, bu da yaşadığımız cəmiyyətdən asılı olan bir haldır…” (musavat.com)

COMMENTS