“Hamıdan çox özümüz üzüntü yaşayırıq”- Emrah Çelikel

“Hamıdan çox özümüz üzüntü yaşayırıq”- Emrah Çelikel

“Qarabağ”ın baş direktoru Emrah Çelikel Avropa Liqasının qrup mərhələsində İtaliya “Fiorentina”sına 1:2 hesabı ilə uduzduqları VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

– Oyun haqqında fikirlərinizi bölüşərdiniz…
– Maraqlı oyun oldu. Hamımız çox istəyirdik ki, qələbə qazanaq. Hava şəraitinə baxmayaraq, azarkeşlər çox möhtəşəm dəstək verdilər. Tribunalarda çox gözəl ab-hava var idi. Vurduğumuz qoldan sonra nə qədər ümidlənsək də, nəticə ürəyimizcə olmadı. Hamımız üzgünük.  
 
– Düşünmürsünüz ki, qrupdan çıxa bilməməyinizdə transferlərin olmaması və zədəli oyunçuların yoxluğu ilə əlaqədar ehtiyat qüvvənin kifayət etməməsi də rol oynadı?
– İki oyunçumuz cəzalı idi. Buna baxmayaraq, oyunçu sarıdan hər hansı problem yaşamadıq. İstədiyimiz transferlərin əksəriyyətini həyata keçirmişik.
 
– “Fiorentina” ilə görüşdə Mahir Mədətov kimi gənc futbolçunun meydana daxil olmasını necə dəyərləndirərdiniz?
– Məncə, bu, həm Mahirin özü, həm də Azərbaycan futbolu üçün böyük şansdır ki, belə bir təcrübə qazandı. İnanıram ki, daha da yaxşı oyunçu olacaq. 
 
– Azərbaycan futbolunda legioner limiti olmasaydı, əlavə əcnəbi futbolçu transfer edərdiniz?
– Məncə, indi transferin yeri deyil. Bu gün hamımız çox məyus və üzgünük. Transfer sarıdan hər hansı sıxıntımız olmayıb. Əsa məsələ bu, yox, məğlubiyyətimizdir və hazırda bu haqda düşünürük. 
 
– Ardıcıl üçüncü mövsümdür ki, “Qarabağ” həlledici məqamda büdrəyir. Sizcə, bunun səbəbi nədədir?
– Əlbəttə, müəyyən qədər təcrübə çatışmazlığı da var. Şanssızlıq da oldu. V turda “Slovan”a 0:3 hesabı ilə uduzmağımız işimizi çətinə saldı. 
 
– Bəlkə bir az da arxayınçılıq oldu? Sona iki tur qalmışadək hər şey bizim xeyrimizə idi…
– Yox, arxayınçılıq deməzdim. Çünki komandadakı ab-hava buna imkan vermir. Baş məşqçimiz bununla bağlı futbolçuları çox ciddi kökləyir. Arxayınlıq yox, təcrübə çatışmazlığı, şanssızlıq kimi səbəblər oldu. Üçüncü dəfə buradək gəlib geri dönməyin üzüntüsünü hamıdan çox özümüz yaşayırıq.
 
– “Qarabağ”ın iki dəfə qalib gəldiyi PAOK-un qrupdan çıxması ədalətsizlik deyil?
– Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş. PAOK da gedib “Fiorentina”nı uddu. Oradakı nəticə fərqli olsaydı, biz də heç-heçə etsəydik, qrupdan çıxacaqdıq (sportnet.az).

Dosye.az

COMMENTS