Hamilə qadınlar ölür, həkimlər döyülür – günahkar kimdir?

Hamilə qadınlar ölür, həkimlər döyülür – günahkar kimdir?

Həkim-ginekoloq: “Həkimlər bəzi hallarda əlindən gələni etsə də, ağırlaşmanın qarşısına keçə bilmirlər”

Son günlər hamilə qadınların ölməsi ilə bağlı informasiyalar artıb. Belə ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləliklə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb. Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb. Bundan sonra Y. Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.  Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Daha bir fakt: Saatlıda ana və körpəsi doğuş zamanı ölüb. Məlumata görə, Saatlı doğum evində doğuş zamanı rayonun Nəsimi kənd sakini, 1991-ci il təvəllüdlü Bəkirova Səkinə Əziz qızı və körpəsi ölüb. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ötən il ölkəmizdə 20 ana ölümü faktı qeydə alınıb. Halbuki ötən illərdə, məsələn, 2017-ci ildə  bu rəqəm 11 idi. Araşdıran zaman məlum olur ki, doğuş zamanı ana və körpə ölümü daha çox bölgələrdə baş verir. Səbəb isə aydındır. Bölgələrdə bir çox hamilə qadınlar 9 ay müddətində həkim ginekoloqların nəzarətində olmaqdan yayınır, yalnız doğuş anında həkimə müraciət edirlər. Nəticədə həkim hamilə qadının son ana qədər hansı problemlərlə qarşılaşdığını, hansı xəstəliklər keçirməsindən xəbərsiz onu doğuşa alır. Bu səbəbdən bəzən faciə baş verir. Maddi imkansızlıq, doğum evlərində qeyri-rəsmi ödənişlər də bu cür ağır hadisələrin səbəbləri sırasındadır.

Bəs doğuş zamanı baş verən ölümlərin əsl səbəbi nə ilə bağlıdır? Bu, həqiqətən də həkim məsuliyyətsizliyi ilə bağlıdırmı?

RƏŞAD SULTAN MAMA – GİNEKOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Rəşad Sultanov

Tanınmış ginekoloq Rəşad Sultanov mövzu ilə bağlı “Yeni Müsavat” a belə şərh verib: “Doğuş zamanı ölümlərin baş verməsinin bir neçə səbəbi var. Bir nömrəli səbəb qanaxmalardır. İkincisi, infeksiya, üçüncüsü, trombemboliyadır. İnkişaf etmiş ölkələrdə qanaxma və infeksiyanın öhdəsindən gələ bilirlər deyə, onlarda trombemboliya ön plana keçib. Amma biz inkişaf etməkdə olan ölkələr siyahısında olduğumuza görə bizdə hələ də ölüm səbəbi qanaxmalar sayılır. Qanaxma doğuşda olan hallardır. Bu da müxtəlif səbəblərdən ola bilir. Bunun qarşısını iki şəkildə almaq olar. İlk olaraq burada reanimasiya tədbirləri önəm daşıyır. Eyni zamanda qanaxma aradan qaldırıldıqda qan və qan əvəzedicilərinin çatdırılması məsələsi vacibdir. Mərkəzi Qan Bankı tərəfindən onun vaxtında çatdırılması, qan köçürülməsi və sonra reanimasiya tədbirlərinin düzgün təşkil olunmasına önəmli sayılır. Bəzən olur ki, anaya qan köçürülüb, bütün tədbirlər görülüb, amma ana reanimasiyada böyrək çatışmazlığından ölür. Reanimasiya tədbirlərinin təşkil olunması də önəmlidir. Sözümün canı odur ki, bu yalnız ginekoloqun işi deyil. Bu iş sistemli qurulmalıdır. İkincisi də qonşu Türkiyədə bu məsələni həll etmək üçün xüsusi briqadalar təşkil ediblər. Xüsusi texnika, bacarıq tələb edən hallarda onlar gəlib, əməliyyatı icra edirlər, qanaxmanı dayandırırlar. Bizdə də bunu təşkil etmək olar”.

Ginekoloq doğuş zamanı yaxınını itirən qohumlar tərəfindən həkimlərin döyülməsi məsələsinə də münasibət bildirib: “İnsan həyatı tam olaraq araşdırılmayıb. Həkimlər insana yardım etmək üçündür. Tibbdə ağırlaşma deyilən anlayış var. Həkimlər bəzi hallarda əlindən gələni etsə də, ağırlaşmanın qarşısına keçə bilmirlər. Burada ”günahkar varmı” sualına ekspertlər, hüquq-mühafizə orqanları cavab verməlidir. Bunların heç biri olmadan həkimləri günahlandırmaq, birbaşa həkimlərə qarşı aqressiya göstərmək doğru deyil. Hətta hüquq qarşısında da biz həkimlər sığortalanmış sayılmırıq. Həkimlərin hüquqlarının müdafiəsi ilə bağlı bir az boşluqlar var. Hər ana ölümündə, hər ağırlaşmada həkim cinayətkar kimi məhkəmə və prokurorluqla üz-üzə qalır. Çox vaxt da həkimlərə qarşı haqsızlıq edilir. Həkimin günahı olmadan bir çox hallarda həkim günahkar çıxarılır. İndi bu sözləri mən deyirəm, sonra insanlar şərhlər yazacaqlar,  “sən də yaxınını itirsən necə olar” deyə fikir bildirəcəklər. Yaxınını itirmiş adamı başa düşürəm. Amma necə olur ki, infarktdan, insultdan kimsə öləndə orada günahkar axtarılmır? Bəli, ana doğuşa gəlib, yeni bir həyat qazanmaq üçün gəlib. Amma bunun dünyada da statistikası var. Xüsusilə doğuş prosesi sistem işi tələb edir. Həkimi günahlandırmaqdan öncə   məsələyə geniş yanaşmaq lazımdır. Azərbaycanda kifayət qədər güclü ginekoloqlar var. Qanaxmanın dayandırılması, uşaqlığın qurtarılması baxımından nə lazımdırsa, buna əməl edilir. Yenə də deyirəm, burada qanın çatdırılmasında ola bilir, sonra da reanimasiya tədbirlərinin təşkil olunmasında daha çox problemləri görürük. Əvvəl şərait yaradıb, sonra günahlandırmaq lazımdır. Diqqət etsəniz görərsiniz ki, bu cür faktlar daha çox rayonlarda baş verir. Mən özüm rayonlarda bir neçə dəfə ezamiyyətdə olmuşam. Həkimlər necə çətin şəraitdə çalışırlar. Hələ bu rəqəmlər o cür şərait üçün yaxşıdır. Elementar tibbi təchizat, avadanlıqlar yox dərəcəsindədir. Ona görə məsələyə daha geniş aspektdən yanaşmaq lazımdır”.

AFAQ MİRAYIQ

COMMENTS