“Hamımız ofsaytdayıq” – FutQOLaktika

“Hamımız ofsaytdayıq” – FutQOLaktika

Mirmahmud Mirəlioğlu: “Nəyin azarkeşi olduğumuzun fərqində deyilik”
Beşmərtəbəli bir binanın altında, bayrağı da bu günlərdə oğurlanmış partiyanın kiçik bir qərargahı yerləşir. Söhbət KXCP-dən gedir.

Mirmahmud Mirəlioğluyla vədələşdiyimiz vaxtda, başının üzərində Rəsulzadə və Elçibəyin portreti asılan otağında görüşüb “FutQOLaktika”da sınağa çəkdik…

– Mirmahmud bəy, qarşıdakı çempionata “Azadlıq-2015”lə – çox zəif heyətlə yollanırsız…

– Mən hesab etmirəm ki, bu heyətlə zəif görünürük. Əslində cəmiyyətimiz gücsüzdür. Üstəlik, bizimlə yarışacaq YAP komandası o qədər zəifdir ki, öz vətəndaşıyla döyüşür, qanunları saya saymır. Buna görə daha çox repressivdi, daha çox qəddardır. Bu, gücsüzlüyün əlamətidi, uduzmağın göstəricisidir.

– Bu il hansı mövqedə oynayacaqsız?

– Hücumda olcağımızı düşünmürəm. Sadəcə böyük bir qabiliyyət nümayiş etdirəcəyik. Haqqı və hüququ anlamayanlara, bunun uğrunda mübarizənin necə olmasını göstərəcəyik. Hüquq və maarifçiliyə hücum edənlərə “ziyadan, nurdan qorxmayın!” deyəcəyik. Yeni, ancaq özlərinin də bildiyi üsulla hamımızın, eləcə də onların hüquqlarını qorunmasına çalışacağıq.

– Siz hücumu deyil, daha çox müdafiəni düşünürsüz?

– Yox. Biz insan haqlarını müdafiə etməyi nəzərdə tuturuq. Hücum etməkdən ötrü yollarımız bağlıdır. Bunun üçün mütləq ölkənin sınırına çıxmalıyıq, səngərə getməliyik. Ora isə bizi buraxan da yoxdur. Hətta getsək belə arxadan da çox qorxuruq. Özümüzünkülər vuracaq.

– Topsuz qalmaq, rəqibin arxasınca düşmək çətin deyil?

– Biz sözün böyük mənasında topsuz qalmışıq. Dünya bir az öz çapında daha irəli gedib. Biz silahsızıq, tərk-silah olunmuşuq. Necə ki, sovet vaxtında ov silahlarımızı əlimizdən almışdılar, indi də Azərbaycan hökuməti hazırda yürütdüyü siyasətlə özünü də, azarkeşləri də tərksilah edib. 20 il öncə söylədiklərimizi indi bizə, dünyaya deyirlər. Sadəcə tarix və saat təzələnir.

“Bu il hücumda olacağımızı düşünmürəm”

– Sədri olduğunuz partiyanın bayrağı oğurlandı. Bayrağı qoruya bilməyən bir komanda topu özündə necə saxlayacaq? Çox maraqlıdı…

– Bayrağımızı bizim hökumət oğurlatdırıb. Əgər onu oğurlayanı tapmırsa, cəzalandırmırsa, oğrunu tutmursa, deməli, bunun arxasında özü durur. Əl izi, kameralar ortadadır. Biz bayrağımızı nəinki qorumuşuq, bunu göylərə tikən kişilərdən təhvil alıb, bərpa etmişik, onların dediyini isbatlamışıq. Ona görə də “Biz bayrağımızı qoruya, saxlaya bilmirik” ittihamını, sualını, hətta sözünü belə qəbul etmirəm.

– Komandanın lideri olmaq çətin deyil?

– Ölkədə liderlər həddindən artıq çoxdur deyə Azərbaycan lider deyil.

– “Qorbaçov Bakıya gəlsə onu öldürəcəm” demişdiniz. Siyasət də futbol kimi bir oyundur?

– Sizin həmkarlarınız bununla bağlı çoxlu yazı yazdılar. Bu fikri təhrif də etdilər. Elə siz də “öldürəcəm” deyirsiz. Mən elə fikir söyləməmişəm. Demişəm ki, Azərbaycanı düşünən, 20 Yanvarı unutmayan, Qorbaçovun Azərbaycan üçün dırnaqarası və dırnaqsız xidmətlərini bilən hər kəsin boynunun borcudur ki, o Bakıya gəldikdə qisasını alsın. Bunu konteksdən çıxardaraq “Mirmahmud Mirəlioğlu fitva verib” kimi yazdılar. Mövqeyimizi deməli idik və bunu da dedik.

– Onda sualı dəyişək. Deyirsiz ki, kimsə öldürsün. Niyə Mirmahmud bəy özü önə düşüb öldürmür?

– (Gülür) Bu artıq başqa məsələ olur. Əvvəla, mən adam öldürən deyiləm. Onda da “kimisə təhrik edirəm”, “özümə rəva bilmədiyimi başqasına niyə deyirəm” deyəcəksiz. Bu siyasi məsələ idi. Qorbaçovun Bakıya gəlməsinin qarşısını almaqdan, bütövlükdə ona etiraz eləməkdən ötrü bir doğru jest idi.

“Meydanda bütün işlər qırmızıyla, qanla qurtarır”

– Milli Şuranın oyunçularıyla bir müddət bir heyətdə oldunuz. Komandanı tərk etməyinizə səbəb nə idi?

– Milli Şura 2013-cü ildə keçirilən oyunlarla bağlı təsis edilmişdi. İstənilən komanda qarşısına konkret olaraq məqsəd, vəzifə qoyur və buna da çatır. Bundan sonra isə məsələ bitir. Oradakılar düşündülər ki, Milli Şura fəaliyyətini davam etdirə bilər. Bu da onların haqqıdır. Biz isə çoxdan bu məsələyə yox demişdik. Sonra da çoxdan tərk etdiyimiz komandadan bizi azad etdilər.

– Tez-tez ofsayta düşürsüz?

– Biz bütövlükdə, cəmiyyət olaraq ofsaytdayıq. Başımıza gətirilən, qurulan oyunların hamısından kənarda saxlanılmışıq. Bu da dünyanın ədalətsiz hakimlərinin hesabına olub.

– Ofsaytdan çıxmaq üçün hansısa bir taktika üzərində işləmirsiz?

– Cəmiyyət bundan çıxacaq. Düzdür, bunun yollarını birgə axtarmalıyıq. Ancaq düşünürəm ki, uzun sürməyəcək.

– Qol vurmaq üçün hansı planlarınız var?

– Təəssüf ki, futbolumuz siyasətin, siyasətimiz də futbolun günündədir. Biz öncə qol vurmağı deyil, döyüşmək haqda düşünməliyik.

– Döyüşə girənlərə qırmızı vərəqə verirlər…

– Döyüşə girən burada nələrin olacağını öncədən bilir. Meydanda bütün işlər qırmızıyla, qanla qurtarır.

– Azarkeşlərin indiki durumu Mirmahmud bəy üçün nəyi ehtiva edir?

– Elə durumdayıq ki, hamımız azarkeşik. Nəyin azarkeşi olduğumuzun fərqində deyilik.

– Deyəsən, qələbəyə hələ uzun yol var…

– Qələbə hər kəsin istədiyi qədər yaxındadır.

Ramin DEKO (musavat.com)

COMMENTS