Hansı banklar bağlanacaq?- AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətin başa çatmasına az vaxt qalıb.

 

2015-ci il yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırımayan bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcək.

Belə bankların sayının təxminən 5-6 olduğu bildirilir. Ancaq hələ ki həmin bankların adları açıqlanmır. Səbəb bu bankların işgüzar nüfuzuna xələl gətirməməkdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da Modern.az saytına rəsmi məlumat olmadan bankların adlarının çəkilməsinin həm banka, həm də orada əmanətləri olan müştərilərə zərbə ola biləcəyini deyib:

“Nizamnamə kapitalı 50 milyon manatdan aşağı olan banklar bağlanacaq. Bu, Mərkəzi Bankın verdiyi qərarla bağlıdır. Həmin banklar məlumdur, amma indi adlarını çəkmək düzgün olmaz. Çünki tam rəsmi sənəd yoxdur”.

Bütün bunlara aydınlıq gətirmək üçün Modern.az saytı indiyədək bəzi kütləvi informasiya vasitələrində adları çəkilən bankalarla əlaqə saxlayaraq rəsmi mövqe öyrənib.

“Bank Melli İran”nın əməkdaşı bildirib ki, yayılan məlumatlar tamamilə yalandır. Bankda hər şey qaydasındadır.

“AzəriKreditBank”dan əvvəl belə bir problemlə üzləşdiklərini etiraf ediblər. Amma bank əldə etdiyi səhmlər hesabına məcmu kapitalı 50 milyon manata çatdırıb.

“Günaybank”ın əməkdaşı yayılan məlumatları tamamilə yalan adlandırıb: “Bizim bankın adını yazanlar burda əmanətləri olan insanları necə narahat etdiklərinin fərqinə niyə varmırlar?! Bankda hər hansı probelm yoxdur”.

“Parabank”ın əməkdaşı da oktyabr ayı üçün artıq tələb olunan kapitala sahib olduqları səbəbindən əmanətçilərini narahat olmamağa çağırıb.

“Atrabank”ın səlahiyyətli nümayəndəsinin verdiyi açıqlamaya görə, bank son 2 həftədə öz məcmu kapitalını 21 milyondan 35 milyona çatdırıb: “Hədəfdə qarşıdakı 20 gün ərzində bu kapitalı 50 milyona çatdırmaq dayanır. Bizim bankın adını o siyahıda rəsmi mövqeyimiz olmadan dərc edənlər isə qeyri-peşəkar jurnalistlərdir. Bu, çox həssas mövzudur. İnsanların böyük məbləğdə əmanətləri var, onları nə qədər narahat etdiklərini düşünsünlər”.

“Dekabank”dan da bankın bağlanması xəbəri təkzib olunub.

“Yunayted Kredit Bank”a dəfələrlə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.

“BankAvrasiya”da isə sualımızı cavablandıracaq əməkdaşın olmadığı əsas gətirildi.

COMMENTS