Hansı futbolçularımız Rusiyada oynaya bilər? – MÜSAHİBƏ

Hansı futbolçularımız Rusiyada oynaya bilər? – MÜSAHİBƏ

Bildiyiniz kimi, millimizin sabiq qolkiperi Dmitri Kramarenko Rusiyanın MOİK klubunun qapıçılarla iş üzrə məşqçisidir.

Ölkə futbolsevərlərinin yaxşı tanıdığı mütəxəssis Fanat.Az-a müsahibəsində Rusiya futbolundakı indiki durumdan, yeni tranfser Yusuf Yazıcıdan və yerli futbolçuların RPL-də oynamaq perspektivlərindən danışıb.

– Dmitri, ümumiyyətlə, Rusiyada vəziyyət necədir? 

– Vəziyyət hamıya məlum olduğu kimidir – çətindir. Biz isə idman adamlarıyıq və öz işimizlə məşğuluq. Baş verənləri bir müddət əvvəl vətənim Azərbaycandakı vəziyyətlə müqayisə edirəm. İndi də burada bənzər ab-havadır. Olduqca mürəkkəb bir dövr yaşayırıq.

– Məlum məsələdir ki, FİFA və UEFA Rusiya futboluna sərt sanksiyalar tətbiq edib. Rusiya futbol təsərrüffatı bunu necə qarşılayır? 

– Bununla ilk dəfədir qarşılaşırıq. Amma desəm ki, burada kimsə baş verənlərə təşvişlə yanaşır, yalançı olaram. İlk olaraq legionerlərin klubları tərk edəcəyi mövzusu ön plana keçdi. Digər klublarda nə baş verəcəyi barədə çox məlumatlı deyiləm. MOİK-ə gəlincə, deyim ki, hazırlıqlarımız davam edir və futbolçular komandada qalmağa üstünlük verirlər. Odur ki, bu barədə klubumuzda hər şey köhnə qaydada davam edir. İnşallah, gələcəkdə nə olacağı məlum deyil. Bunu bir Allah bilir. Bir daha qeyd edim ki, biz futbola peşəkar yanaşırıq və hər şey öz axarı ilə gedir. Məşqçilərə gəlincə, yenə də həmin şeyi deyəcəm. Hamı öz yerində qalır.

– Müxtəlif saytlar və mənbələr yazır ki, Yusuf Yazıcı MOİK-i tərk etmək fikrində deyil və klubda özünü xoşbəxt hiss edir. Ola bilərmi ki, o, məsələnin ciddiyətini anlamasın və fikrini dəyişsin? Yusufda hansısa narahatlıq hiss olunmur? 

– Hazırda futbolçuda heç bir narahatlıq müşahidə etmirəm. Futbol ictimaiyyəti Yazıcının bu addımını alqışlayıb. Ona olduqca yaxşı yanaşırlar. Türk futbolçu ilə yaxın ünsiyyətdə də oluram və məncə onun klubu tərk etmək fikri yoxdur. Düşünürəm ki, Yusuf hər şeyi gözəl anlayır və məsələyə idman peşəkarlığı ilə yanaşır. Son turda “Nijni Novqorod”la oyunda həlledici qolu vurması da futbolçunun mövqeyindən xəbər verir.

– Yeri gəlmişkən, onunla hansı dildə ünsiyyət qurursunuz?  

– O bir neçə dildə əla danışır – fransızca, ingilscə. Onunla Azərbaycan dilində danışıram. Məni yaxşı başa düşür. Baş məşqçi ilə əsasən İngilis dilində danışır. Ümumiyyətlə, ünsiyyətcil insandır.

– Hər halda Azərbaycan futbolunu izləyirsiniz. Fikrinizcə, yerli futbolçularımızdan hansı MOİK-in əsas heyətində oynaya bilər? 

– Azərbaycan vətənim olduğu üçün əlbəttə ki, yerli futbolumuzu da izləyirəm. Baxmayaraq ki, rəhmətlik atamla mənim adım daha çox “Neftçi” ilə hallanır, mən “Qarabağ”ın azarkeşiyəm. Söhbət məhz azərbaycanlı futbolçulardan gedirsə, Rusiya çempionatının ilk “5-liy”ində oynamağa layiq futbolçular var. Məsələn, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa kifayət qədər perspektivli futbolçudur. Azərbaycanda çalışdığım dönəmlərdə ona çox fikir verirdim. Həmin klubun müdafiəçisi Toral Bayramovu da qeyd edə bilərəm. Qurbanov ondan da yaxşı faydalanır. İsmayıl İbrahimlini də həmin siyahıya əlavə edərdim. Rusiya Premyer Liqasında belə desəm, “yaxşı əllər”də olardılar.

– Dmitri, qızınız Lalənin işləri necə gedir? (Lalə Dmitrievna Kramarenko bədii gimnast, Rusiya milli komandasının üzvü, üçqat dünya çempionudur – E.Ş.)

– Maraqlandığınız üçün təşəkkür edirəm. Zədəsini nəzərə almasaq, işləri pis getmir. Xarakter baxımından babasına (Sergey Kramarenkoya – E.Ş.) oxşayıb. Ayağının baş barmağından ciddi xəsarət alıb və həmin zədə ilə yarışlarda da iştirak edir.

Emin Şəmsiyev

COMMENTS