Top.Mail.Ru

Hansı universitet yay imtahanlarında tələbələrə güzəşt edəcək…

Hansı universitet yay imtahanlarında tələbələrə güzəşt edəcək…

Karantin rejimi ilə əlaqədar ölkədəki ali təhsil müəssisələri yay imtahan sessiyasını onlayn qaydada həyata keçirəcək.

Ənənəvi üsuldan fərqli olaraq, tələbələrdən imtahanlar fərdi qaydada müəllimin  müşayiəti ilə götürüləcək.

Maraqlıdır, yay imtahan sessiyası universitetlərdə nə zaman başlayıb, nə zaman bitəcək? Onlayn qaydada həyata keçirilən imtahanlarda internet problemi olan tələbələr üçün hər hansı güzəştlər tətbiq ediləcəkmi?


Modern.az
 bu suallar ətrafında univeristetlər arasında sorğu keçirib:


Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva
 imtahan sessiyasınının iyunun 8-də başlayacağını bildirib:

“İmtahan sessiyası iyun ayının 8-dən etibarən başlayacaq. Onlayn qaydada imtahan verə bilməyən, internet problemi olan tələbələrin müraciətləri iyunun 8-dək qəbul olunacaq”.


Bakı Slavyan Universitetinin mətbuat katibi
 Mənsur İbrahimov deyib ki, distant təhsilə tam qoşulmuş I-III kurs tələbələri imtahanlardan azad ediləcək:

“Sorğunuza cavab olaraq bildirirəm ki, 2020-ci il may ayının 18-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar verib. Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin 20.05.2020-ci il 01-11-522/15 saylı məktubuna əsasən, Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 2020-ci il may ayının 22-də onlayn iclası keçirilib. Həmin iclasda BSU-da 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müddəti, təşkili, keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və digər vacib məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İmtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər paketi təqdim edilib. BSU-da imtahan sessiyasının onlayn formada iyun ayının 8-dən iyul ayının 8-dək, 1 ay müddətində keçirilməsi nəzərdə tutulur. Həm dövlət imtahanı verən, həm də buraxılış işi yazan buraxılş tədris ili  tələbələri Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsas götürülməklə yekun attestasiyadan keçmiş hesab ediləcəklər. ÜOMG ilə razılaşmayan buraxılış tədris ili tələbələri üçün onlayn imtahanlar təşkil ediləcək. Distant təhsilə tam qoşulmuş I-III tədris ili tələbələri imtahanlardan azad ediləcək, qismən qoşulan tələbələr və distant təhsildə iştirak etməyən tələbələr könüllü olaraq onlayn imtahanlarda iştirak edə bilərlər. Distant təhsilə qoşula bilməyən və yaz sessiyasına hazır olmayan tələbələr üçün avqust-sentyabr aylarında məsləhət saatlarının və onlayn imtahanların keçirilməsi nəzərdə tutulur.

BSU-da imtahan sessiyasının onlayn formada, şəffaf və obyektiv şəkildə keçirilməsinə universitetin rektoru, professor Nurlana Əliyeva birbaşa nəzarət edəcək. İmtahan sessiyasının  keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmələrin rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. İmtahan cavablarının yoxlanılması, texniki işlərin icrası,  icmal mühazirələrin və məsləhət saatlarının aparılmasına  professor-müəllim heyətinin 30% həcmində, yaşı 65-dən çox olmayan əməkdaşları sırasından cəlb ediləcək. Eyni zamanda, imtahan sessiyasına hazırlığın texniki-təşkilati məsələləri yüksək səviyyədə həyata keçirilir. Universitetdə İmtahan Qərargahı, Apelyasiya Komissiyası və xüsusi İşçi Qrupu yaradılıb. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara, irəli sürdüyü tələblərə uyğun olaraq BSU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davamlı həyata keçirilməsi, universitet əməkdaşlarının şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri diqqət mərkəzində saxlanılır. Bütövlükdə BSU yaz semestrinin imtahan sessiyasını keçirməyə tam hazırdır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov tələbələrin sentyabradək imtahan vermək şansının olduğunu qeyd edib:\“Yay imtahan sessiyası iyunun 8-dən başlayacaq. Sentyabradək tələbələrə şans veriləcək ki, kəsir imtahanlarını da verə bilsinlər. Hələ ki tələbələrimizdən onlayn imtahanda iştirak üçün internet problemi ilə bağlı müraciət daxil olmayıb”.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidməti rəhbəri Nazxanım Cəlili imtahan sessiyasının 5 həftə davam edəcəyini və tələbələrə güzəşt tətbiq olunacağını vurğulayıb:

“Yay imtahan sessiyası iyunun 8-də başlayacaq və 5 həftə davam edəcək. İmtahan sualları normalda 5 ədəd olurdu, amma indi bu say 3-ə endirilib. İnternet məsələsi ilə bağlı tələbələrlə əvəlcədən test edilir. Bu barədə problemi olan tələbələrimizə dəstək göstəriləcək. Onlayn dərslərdə iştirak edə bilməyən tələbələrə imtahana giriş balında güzəştlər tətbiq ediləcək”.

Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat katibi Zamira Adilova BANM-da imtahan sessiyasının yekunlaşdığını bildirib:

“Bakı Ali Neft Məktəbində (BANM) təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanları başa çatıb. Ölkədə ilk dəfə olaraq BANM-də təşkil olunan onlayn imtahanlar aprel ayında başlayıb, may ayının 18-də yekunlaşıb.

İmtahanlar LMS (Learning Management System – Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırılıb. Ənənəvi imtahanlardan fərqli olaraq imtahanlar test üsulu ilə keçirilib.

Bundan əlavə, ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə edən Bakı Ali Neft Məktəbinin  tələbələrinə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.

Buraxılış işlərinin onlayn müdafiəsi prosesi də başa çatıb.

2019/2020-ci təhsil ilində tədris planlarının bütün şərtlərini yerinə yetirmiş və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçmiş V kurs tələbələri buraxılış işlərini və magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə ediblər. Müdafiə prosesisi “MS Teams” onlayn platforması üzərindən canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı ilə təşkil olunub”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova yay imtahan sessiyasının şifahi formada onlayn keçiriləcəyini bildirib:

“Azərbaycan Texniki Universiteti (AzTU) 600 tələbəni “Azercel” şirkətinin güzəştli tariflə təqdim etdiyi internet paketi ilə təmin edib. Bu da tələbələrin imtahanı rahat verə bilməsi üçündür. İmtahanlar iyunun 8-də başlayıb növbəti ayın 10-da bitəcək”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova magistrlər üçün nəzərdə tutulan imtahan sessiyasının daha uzun müddət davam edəcəyini diqqətə çatdırıb:

“Tibb Universitetində imtahanlar 5 iyun başlayıb 3 iyul tarixində bitəcək. Magistrlər üçün nəzərdə tutulan yay imtahan sesiyası isə 4 iyun-25 iyul aralığında keçiriləcək. Tələbələrin onlayn imtahanlarda iştirakı üçün internet problemi ilə bağlı bizə hər hansı müraciət daxil olmayıb”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Elçin Cəfərov imtahanların başlama və bitmə vaxtının hələ ki, məlum olmadığını deyir:

“Hələ ki, Təhsil Nazirliyindən yay imtahanlarının vaxtı ilə bağlı bizə əmr daxil olmayıb. O əmr əsasında dəqiq tarixlər bilinəcək. İmtahan vaxtları yaxın bir neçə gün ərzində tələbələrə bildiriləcək”.

DOSYE.ORG

COMMENTS