Arif Qaraşovun şirkəti 14 nəfərlik ailəni çöllərə salıb
“Hər gün başımıza qum, torpaq, armatur, dəmir parçaları tökürlər. Bizi heç erməni də belə qovmamışdı. Erməni bizə Arif Qaraşov qədər zülm etmədi. Körpə nəvələrim bu yayın isti günlərində evdən çölə çıxmağa qorxur ki, başlarına dəmir düşər, torpaq tökülər”. Bu sözləri Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanında yerləşən 1 saylı mənzilin sahibi Rəhilə Abbasova AzadXeber.az-ın əməkdaşı ilə söhbət zamanı söylədi.
Bu ailə bir ilə yaxındır ki, evlərinin yaxınlığında hündürmərtəbəli bina tikən “ELİPS-R LTD” MMC tikinti şirkətinin özbaşınalığı ilə üz-üzə qalıb.
Ötən gün saytımızda adıçəkilən tikinti şirkətinin qoçularının 69 yaşlı Rəhilə Mirzəyevanın evinin qapısını sınıdırb, onu vəhşicəsinə döydükləri haqqında məlumat vermişdik.
Qeyd edək ki, tikinti şirkəti ailə başçısını məhkəməyə çağırıb. Evdə ancaq yaşlı qadının və onun azyaşlı nəvələrinin olduğunu dəqiqləşdirən qoçular qəfil evə basqın edərək qapını sındırıb, yaşlı xanımı azyaşlı nəvələrinin gözü qarşısında vəhşicəsinə əzişdiriblər. Məhkəmədən evə gələn ailə başçısı qapısının sındırıldığını, evinin dağıdıldığını, həyat yoldaşının döyüldüyünü görüb və beyninə qan sızıb.
Rəhilə Mirzəyevanın evində 14 nəfər yaşayır. İki qızı, bir oğlu ailə qurub. İndi onun evinə 60 min manat kompensasiya verirlər: “Mən burda şəhərin mərkəzində yaşayıram. Amma mənə veriləcək 60 min manatla heç Masazırda da iki otaqlı ev ala bilmərəm. Bəs 14 nəfərik ailə harda və necə yaşasın? Evimin qapısını sındırıblar, getməyə yerim yoxdur. Bu gecə harda gecələyəcəyimi də bilmirəm”.
Qeyd edək ki, fevral ayından başlayan köçürülmədə burada yaşayan ailələr zorakılığa məruz qalıblar. Ailələrdən biri Əliyev Camal Əlibala oğlunun da mənzilini başına uçurublar. Adıçəkilən şəxsin vəkili İradə Cavadova mətbuata açıqlamasında şirkət haqqında belə demişdi: ““ELİPS-R LTD” MMC-nin sənədlərində rəhbər kimi başqa adam göstərilsə də, MMC Dövlət Yol Polisinin keçmiş əməkdaşı Aydın Cəfərov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxusudur”.
COMMENTS