Top.Mail.Ru

Heydər Əliyev – Müasir Azərbaycan dövlətinin xilaskarı

Heydər Əliyev – Müasir Azərbaycan dövlətinin xilaskarı

Ümummilli lider Heydər Əliyev zəmanəmizin yetişdirdiyi nadir dövlət xadimlərindəndir. H.Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünüb. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınıb. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib. O, ölkəni bəlalardan qurtaran dövlət başçısıdır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə, onun sonrakı taleyi ilə bağlı məsuliyyəti də öz üzərinə götürürlər:

“Məhz bu məsuliyyət hissi 1993-cü ildə dünyanın siyasi xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmiş Azərbaycan adlı dövlətin xilası ilə nəticələndi. Heydər Əliyev xalqın səsinə səs verdi. 1988-1993-cü illərdə Azərbaycanda 5 siyasi hakimiyyət dəyişmişdi. Cəmiyyətdə yaranmış sosial gərginliklərin fonunda respublika rəhbərlərinin problemləri həll etmək əvəzinə canlarını götürüb ölkədən qaçmaları cəmiyyətdə çaşqınlıq yaradır, insanlarda hakimiyyətə və ümumiyyətlə gələcəyə inamsızlıq hissi formalaşdırırdı. Belə vəziyyətdən sui-istifadə edən ermənilər rayonlarımızı bir-birinin ardınca işğal etdilər”.

Deputat qeyd edib ki, Heydər Əliyev bu stereotipləri dağıtdı:

“20 yanvar hadisələrində özünün, ailəsinin həyatını riskə ataraq xalqın faciəsini bütün dünyaya çatdırdı və Moskvanın mərkəzində SSRİ rəhbərliyini ittiham etdi. 93-cü ildə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını aldı. Cənub bölgəsində süni şəkildə yaradılmış “Talış-Muğan Respublikası” adlı qurumun, şimalda baş qaldırmış separatçılığın qarşısını qətiyyətlə almaqla Azərbaycanın parçalanmasının qarşısını aldı. Respublikanın şəhər və kəndlərində insanlar küçəyə çıxmağa belə qorxurdu. Əhalini qorxu, təzyiq altında saxlayan silahlı cinayətkar, kriminal dəstələr ləğv olundu. Atəşkəs rejimi tətbiq olunmaqla minlərlə gəncin həyatı xilas oldu. Xarici destruktiv qüvvələrin dəstəyi ilə dəfələrlə hərbi-siyasi müxalifətin dövlət çevrilişinə cəhdinin, Heydər Əliyevin şəxsinə yönəlik sui-qəsdlərin qarşısı alındı”.

Nəsib Məhəməliyev xatırladıb ki, ümummilli lider müasir dövlət quruculuğuna start verdi: “Bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya qəbul olundu. Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən yeganə ideologiya olan azərbaycançılıq məfkurəsini irəli sürdü. Mürəkkəb geosiyasi şəraitdə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Post-sovet ölkələri arasında ilk olaraq aqrar islahatları həyata keçirməklə, kolxozların, sovxozların əmlakını və torpaqlarını təmənnasız kəndlilərə payladı. Hüquqi, iqtisadi islahatlar apardı. Müasir güclü ordunun əsasını qoydu. Əlində xəritə Qarabağ probleminin mahiyyətini dünya liderlərinə izah etməklə Azərbaycanı dünyaya tanıtdı”.

Millət vəkilinin fikrincə, Heydər Əliyev kimi dahi şəxsiyyətin yarım əsrdən çox dövlətçilik fəaliyyətini sadalamaq üçün aylarla vaxt lazımdır:

“Ancaq həqiqət ondan ibarətdir ki, dövlətçiliyimizin ən çətin, mürəkkəb dövründə Heydər Əliyev olmasaydı, bugünkü güclü Azərbaycan olmayacaqdı. Bu gün Heydər Əliyevin ruhu şaddır. Onun bütün arzuları həyata keçib. Qarabağ azad olunub, Azərbaycan güclü dövlətə çevrilib. Qədirbilən Azərbaycan xalqı bütün bunlara görə öz milli liderinə minnətdarlığını bildirir, onun apardığı siyasəti təbliğ edir və yaşadır. Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi əbədi olaraq xalqın qəlbində yaşayacaq”.

COMMENTS