Heydər Əliyevlə insanlar arasında energetik kontakt vardı

Heydər Əliyev böyük energetika haqqında nə dedi?

Enerji böhranı ilə əlaqədar Naxçıvanda Heydər Əliyevin qəbulunda olarkən soruşdum ki, milyardlarla dollar investisiya qoyuluşları tələb edən yüksək faydalı iş əmsalı-yəni 52-54% olan elektrik stansiyalarının Azərbaycanda qurulmasına münasibəti necədir? Belə elektrik stansiyaları yanacağı o zaman Azərbaycanda mövcud olan elektrik stansiyalarından 2 dəfə az işlədirlər.
Heydər Əliyev dedi ki, əlbəttə faydalı iş əmsalı yüksək olan elektrik stansiyalarının Azərbaycanda quraşdırılması yaxşı olardı. Amma bu indiki zamanda Azərbaycanın iqtisadi imkanlarından yuxarıda olan bir məsələdir. Həmin elektrik stansiyalarını Azərbaycanda böyük valyuta ehtiyatları toplanan zaman yaratmaq olar. Azərbaycandakı mövcud güc qoyuluşlarını 25-35 il ərzində tədricən yüksək faydalı iş əmsallı elektrik stansiyaları ilə əvəzləmək lazımdır.
Heydər Əliyev dedi ki, ondan əvvəl Naxçıvanda elektrik enerjisi, demək olar ki, tamam kəsilmişdi. O Ali Məclisin sədri olandan sonra İrandan Naxçıvana elektrik enerjisi verildi. Türkiyədən Naxçıvana elektrik enerjisi xətti çəkildi.
Mən Heydər Əliyevə təşəkkür etdim ki, Baş Nazirə mənim Türkiyədən Naxçıvana çəkilən elektrik enerjisi xəttinin sınaq verilişində iştirak etməyim haqqında göstəriş verib.
Heydər Əliyev alternativ energetika haqqında nə dedi?
Mən Heydər Əliyevdən soruşdum ki, Sizin alternativ energetikaya və onun Azərbaycanda inkişaf perspektivlərinə münasibətiniz necədir?
Heydər Əliyev dedi ki, alternativ energetikanın Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirir. O dedi ki, Azərbaycanda günəş energetikasının, külək energetikasının, su energetikasının ehtiyatları böyükdür. Amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək. 30-40 ildən sonra alternativ energetika Azərbaycanın yanacaq-enerji balansında mühüm rol oynayacaq. Azərbaycanda günəşli günlərin sayı çoxdur, Azərbaycanın paytaxtı Bakı küləklər şəhəridir, Azərbaycanın gözəl dağ çayları var. Biz bu sahəni indidən inkişaf etdirməliyik və bu sahənin inkişafını əsl mütəxəssislərə tapşırmalıyıq. Bu sahələri heç nədən xəbəri olmayan insanlara tapşırmaq onları bilərəkdən məhv etməkdən başqa bir şey deyil. İşi -iş bilənə vermək lazımdır!

Heydər Əliyevlə onu dinləyənlər arasında energetik kontakt yaranırdı
Heydər Əliyevi dinləyən hər bir insan onun natiqlik məharətinə, nitqi ilə insanı, insan qruplarını və kütləni ələ alaraq onları cəlb etmək qabiliyyətinə heyran qalırdı. Onun kabinetində də bu effekti gördüm. Biz Heydər Əliyevi heyranlıqla dinləyirdik!
Heydər Əliyev Azərbaycanın prezidenti olandan sonra da eyni effekti dəfələrlə hiss etdim.
Bu effektin kulminasiya nöqtəsi kimi onu deyə bilərəm ki, Heydər Əliyev çıxış edən zaman onunla onu dinləyən kütlə arasında bir energetik bağlılıq-energetik kontakt yaranırdı.
Heydər Əliyev onu dinləyən bir insanın, bir qrupun və bütün kütlənin ondan eşitmək istədiyi sözləri və fikirləri deyirdi.
Ona görə də Heydər Əliyevin eyni çıxışına 4-5-…10… dəfə baxan insan da onu həmişə heyrancasına dinləyirdi. Çünki Heydər Əliyev insanlara onların istədiklərini deyirdi.

Heydər Əliyevlə insanların energetik kontaktına aid əyani bir misal
Heydər Əliyevin ürəyimizdən keçənləri dediyini onun meydanlardakı çıxışlarında, televiziya ilə göstərilən çıxışlarında dəfələrlə eşitmişəm.
Yaxşı yadımdadır ki, Heydər Əliyev ömrünün sonlarına yaxın Naxçıvana getmişdi. O Naxçıvanda hər yerdə oldu, çayxanada çay içdi. Dişləmə çayın ləzzəti, dişləmə çay nədir kimi maraqlı şeylər dedi. Hamı ilə maraqlı söhbətlər etdi. Bütün dost- tanışları, köhnə qohumları ilə görüşdü. O Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan filialının işçiləri ilə də görüşdü. Naxçıvanda elmin inkişaf perspektivləri haqqında gözəl fikirlər söylədi.
Heydər Əliyev AMEA-nın Naxçıvan filialının işçiləri ilə görüşərkən mən də evdə oturub televizora baxırdım. Heydər Əliyevin söhbətlərini dinləyərkən qeyri-ixtiyari olaraq insanların bölgələrdən və Naxçıvandan Bakıya axın etməsi problemi haqqında düşündüm. Fikirləşdim ki, Naxçıvanlı alimlərin Bakıya axınının qarşısını almaq və Naxçıvanda elmin inkişafı üçün AMEA-nın Naxçıvan filialında işləyənlərin əməkhaqqlarını 2 dəfə artırmaq lazımdır. Bunu fikirləşərək qərara aldım ki, prezident Heydər Əliyevə bu təklifimi məktubla çatdıram. Elə bunu fikirləşirdim ki, Heydər Əliyevdən televiziyada mənim fikrimin tam eynisini eşitdim. Heydər Əliyev dedi ki, Naxçıvanlı alimlərin Bakıya axınının qarşısını almaq üçün mən fərmanla sizin əməkhaqqınızı 2 dəfə artıracağam.
Televiziyada çıxış edən Heydər Əliyevlə mənim aramda yaranan bu energetik kontakta heyrət etdim!
Düşündüm ki, Azərbaycanı müstəqil energetika ölkəsinə çevirən Heydər Əliyev bu gücü onunla insanlar arasındakı energetik kontaktdan alıb!
Ardı var

Prof.Dr. Qüdrət İsaqov
Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və
Ekologiya jurnalı baş redaktorunun müavini

COMMENTS