Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”

Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”

Məşhur rus yazıçısı Anton Çexov yazırdı: “Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq”.
Bütün dünyanın gözü qarşısında Ermənistanla Azərbaycan arasında tamaşa oyananılırdı. Bu tamaşanın tərtibatından tutmuş rejissorlarına qədər hər biri bəlli idi. Səhnədə asılmış tüfəng hamının gözünə girirdi. Ağlı başında olan hər kəs başa düşürdü ki, əgər Ermənistan daşı ətəyindən töküb Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələbini yerinə yetirməsə, yəni işğal etdiyi torpaqları geri qaytarmasa, müharibə olacaq.
Özü də bu fikir hələ mərhum Heydər Əliyevin dönəmində ortaya qoyulmuşdu. O, çıxışlarının birində deyirdi:” Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!”
Azərbaycan xalqı və rəhbərliyi təmkinlə problemin sülh yolu ilə həllinə çalışırdı. İllər ötdükcə hövsələ daralırdı. Prezident İlham Əliyev “lazım gəlsə, torpaqlarımızı müharibə yolu ilə geri alacağıq”, bəyanatını qarşı tərəf ciddiyə almırdı. Azərbaycan xalqı isə “lazım” nə vaxt gələcək kimi suallarla ölkə rəhbərliyini qəti addımlar atmağa təhrik edirdi. Elə bu yaxınlarda Bakıda xalq küçələrə axışdı və Ermənistana qarşı müharibəyə başlamaq tələbi ilə mitinq keçirildi. Əslində kortəbii şəkildə baş tutan bu mitinqdən sonra Ermənistan rəhbərliyi ciddi düşünməliydi. Bunu düşünmək iqtidarında deyildilər. İndi bədəlini ödəyirlər.
Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə”, bəyanatından sonra müharibənin tezliklə başlayacağı haqqında fikirlər davamlı şəkildə gündəmə gəldi. Baş nazirin “Əgər azərbaycanlıların cəsarəti varsa, bizimlə döyüşsünlər. Onların buna heç vaxt cəsarəti çatmaz. Torpağa görə dilənməsinlər”, kimi sərsəm bəyanatları prosesi partlama nöqtəsinə sürüklədi. Ermənistanın müdafiə naziri David Tonoyan açıq şəkildə Azərbaycanın yeni ərazilərinin işğalının zəruriliyini əsaslandırmağa çalışırdı.
Ermənistanın birinci xanımı əlində silah Azərbaycanı müharibə ilə hədələyirdi. “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan “andiçmə mərasimi”ni Şuşada keçirirdi. Deyirdi ki, Dağlıq Qarabağın paytaxtını Şuşaya köçürəcəyik. Livan və Suriya ermənilərinin işğal altındakı ərazilərə köçü başlamışdı. Nikol Paşinyanın Şuşada yallı getməsini isə Azərbaycan xalqı özünə ünvanlanmış təhqir kimi qəbul etdi.
Və sonda yolunu illər uzunu gözlədiyimiz “Lazım” gəldi. Tamaşa sonuncu hissəyə keçdi, səhnədən asılmış tüfəngdən atəş açıldı. Sayılı günlər ərzində Ermənistanın təkcə Qarabağ planı yox, ümumiyyətlə, yaratdığı bütün miflər iflasa uğradı. İndi Ermənistan atəşkəsə nail olmaq üçün dünya liderlərinə yalvarır. Ancaq onu saya salan yoxdur. Türkiyənin dəstəyini alan Azərbaycanı durdurmaq gücündə olan bir dövlət qalmayıb.
Azərbaycan Ordusunun müzəffər yürüşü nəyinki erməniləri, bütövlükdə dünyanı heyrətdə qoydu. Kimsə ordumuzun bu qədər yüksək döyüş hazırlığına malik olduğunu düşünmürdü. Ancaq bu ordu indi bütün dünyanın gözü qarşısında düşməninin son 30 ildə inşa etdiyi keçilməz sayılan sədləri dağıda-dağıda öz sözünü deyir.
Ancaq Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbələr mütəxəssislər üçün gözlənilməz olmadı. Dünyada ordunun gücünü müəyyən edən mərkəzlər var. “Global Firepower” təşkilatı 2020-ci ilin yekunlarına əsasən müəyyən edib ki, Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü 138 ordusu” reytinqində 64-cü yerdə qərarlaşıb. Həmin siyahıda Ermənistan 111-ci yerdə gedir. Qonşu Gürcüstan isə 89-cu yerdədir. Gördüyünüz kimi, hətta Gürcüstan Ordusu Ermənistan ordusundan ciddi şəkildə irəlidədir. Bəzi beynəlxalq mərkəzlər isə Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha yüksək qiymətləndirir. Elə buna görə də prezident İlham Əliyev çıxışlarının birində “Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır”, demişdi.
Azərbaycan prezidenti İlham Əliyev xeyli müddət əvvəl Ordu quruculuğu ilə bağlı ciddi addımlar atıb. Təkcə bir faktı deyim. Əgər 2005-ci ildə Azərbaycanın hərbi büdcəsi cəmi 300 milyon dollar idisə, 2009-cü ildə bu rəqəm 2.46 milyard dollara yüksəldi. Sonra iş o yerə çatdı ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox oldu.
Heç şübhəsiz ki, indi ortada olan və döyüşən bu müzəffər ordunun yaradıcısı İlham Əliyevdir. Məhz o, Azərbaycan Ordusunu dünyanın ən müasir silahları ilə təchiz edib. Ordumuzun qələbələrində bu amil ciddi rol oynayır. Ancaq daha önəmli bir amili də qeyd edək. ABŞ-ın ilk prezidenti (1789-1797) Corc Vaşinqtonun belə bir fikri var: “Nizam-intizam ordunun ruhudur. Ruhsuz can isə ölüdür”. Azərbaycan ordusu həm də ona görə güclüdür ki, bu orduda ciddi nizam-intizam var. Bu amilin nə qədər önəmli olduğunu vurğulamaq üçün bir faktı deyim. Səudiyyə Ərəbistanının hərbi büdcəsi 60 milyard dollar civarındadır. İran ordusunun hərbi büdcəsi isə 6 milyard dollardan bir qədər çoxdur. Ancaq İran ordusu Səudiyyə Ordusundan xeyli güclüdür. Çünki İran ordusunda hərbi nizam-intizam yüksək səviyyədədir. 1990-cı illərdə qarşılaşdığımız biabırçı məğlubiyyətin kökündə başıpozuqluq amilinin xüsusi rol oynaması kimsəyə sirr deyil.
Ordu quruculuğu ilə bağlı bir məqama da toxunum. İndi iqtidara müxalif olan radikallar da ordumuzun uğurlarını etiraf edirlər. Ancaq onlar təkidlə belə bir rəy yaratmağa çalışırlar ki, cəbhədə əldə edilən uğurların müəllifi Azərbaycan əsgəridir və bu işdə Ali Baş komandanın elə bir rolu yoxdur. Belələrinə dünyanın ən böyük fatehi kimi tarixə keçən Böyük İsgəndərin aşağıdakı fikrini xatırlatmaq istədim: “Mən qoyunun rəhbərlik etdiyi şirlərdən ibarət ordudan qorxmuram, mən şirin rəhbərlik etdiyi qoyunlardan ibarət ordudan qorxuram”. Yəni, orduya rəhbərlik bu qədər önəmli bir məsələdir. Azərbaycanın misalında isə şir şirlərdən ibarət ordunun başındadır.
Şübhəsiz ki, İlham Əliyev öz komandası ilə bu ordunun sinxron hərəkət etməsni təmin edir. Əvvəlcədən hazırlanmış bütün döyüş əməliyyatlarının vahid mərkəzdən idarə olunması ordumuzun sürətlə və daha az itkilərlə irəliləməsinə gətirib çıxarır. Üstəlik, bütün fədakarlıqlara hazır olan Azərbaycan xalqı da bütün imkanları ilə ordunun yanındadır. Ordu-Ali Baş Komdan-Xalq birliyi-monolit birlik möhtəşəm şəkildə ortadadır. Azərbaycan Ordusunun əldə etdiyi qələbələrin arxasında məhz bu birlik dayanır.
Vətənimiz taleyi üçün xüsusi önəm daşıyan bir məqamda radikalların Ali Baş komandana qarşı belə qərəzli münasibətinin səbəbi nədir? Son aylarda radikallar sırasında yer alanların neçəsi açıq mətnlə ermənilərin müdafiəsinə qalxmışdı? Aydındır ki, işğal olumuş torpaqlarımızın azadlığı ilə bağlı atasının vəsiyyətinə əməl edən İlham Əliyev erməni separatizmi ilə yanaşı özünə müxalif olan bu tip radikalları da dəfn edir. Xalq arasında olan-qalan nüfuzunu da itirənlərin Ermənistanla savaşdan qalib çıxan prezident qarşısında duruş gətirməsi mümkünsüz görünür. Zatən heç bu möhtəşəm qələbədən öncə də radikalların iqtidara gəlmək şansı sıfırın altında idi. Nə yaxşı ki, Sorosun uşaqlarından biri Azərbaycanda iqtidara gələ bilmədi. Gəlsəydi, Nikol Paşinyan kimi bir sərsəri Azərbaycana rəhbərlik edəcəkdi. Bu isə sonda işğal altındakı torpaqlarımızın böyük bir hissəsinin “sülh naminə” itirilməsinə gətirib çıxaracaqdı. Sorosun uşaqları sentyabrda iqtidarı dəyişəklərini düşünürdülər, neftin qiymətinin düşməsinə yallı gedirdilər, az qala Qərbə yalvarırdılar ki, Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq edin. İş o yerə çatmışdı ki, Sumqayıt hadisələrinə görə ermənilər kimi Azərbaycan xalqını ittiham etməkdən belə çəkinmirdilər. Təbii ki, bu qafada olanlar da erməni separatçılarının basdırıldığı xarabalıqların altında can verəcəklər. Özləri də bunun fərqindədir.
Ümumiyyətlə, Azərbaycan xalqının iradəsindən kənarda olan və ipi yabançıların barmaqlarına keçən içi samanla doldurulmuş oyuncaqlar dövlətimiz üçün bütün dönəmlərdə təhükədir. Hər birimiz bunun fərqində olmalıyıq.
Mən ona da əminəm ki, prezident İlham Əliyevi təkcə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyəcək, o, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi baxımdan çiçəklənməsi üçün ciddi addımlar atacaq. Artıq Suqovuşanda bu prosesə start verilib. Bir azdan bu proses bütün regionu öz ağuşuna alacaq.
DOSYE.ORG

COMMENTS