Heydər Əliyevdən müsahibə almış aktrisa: “O film mənə düşərli oldu” – MÜSAHİBƏ

Modern.az-ın müsahibi “Bir ailəm var”, “Qaynana” serialları ilə teletamaşaçı kütləsi arasında yetərincə rəğbət qazanmış Rada Nəsibovadır. 20-yə yaxın filmdə çəkilən gənc aktrisa iki ay öncə “İlin ən yaxşı teleserial aktrisası” nominasiyasının qalibi olub.

 

– Düzü, bu mükafatı almağım gözlənilməz oldu. İnsanın zəhməti qiymətləndiriləndə bu adamda xoş ovqat yaradır…

– Bəlkə də ən azı daha çox yadda qalan “Bir ailəm var”dakı rolunuza görə bu il mükafat almasaydınız, bir çox tamaşaçılar üsyana qalxardı. Amma sakit, həlim, müəyyən anlarda taleyə baş əyən bir azərbaycanlı qız obrazı yaradan aktrisanı “Qayınana”da başqa ampluada görmək bir az təəccüblü görünür.

– Mənim üçün dramatik rol oynamaq daha xoş, rahatdır. Bilmirəm yəqin ki, bu, kövrək insan olduğumdan irəli gəlir.

– Yəni “Bir ailəm var”da kobud desək, aktrisalıq eləmirsiz, özünüzü oynayırsız?

– Özümü oynamıram, obraza öz münasibətimi bildirirəm… Qadın zəif məxluqdur, dərdi olanda, bəxti gətirməyəndə onlar daha tez solur.

– Filmoqrafiyanızda maraqlı bir qeyd gördüm: “Bir anın həqiqəti”. Ramiz Fətəliyevin 2003-cü ildə çəkdiyi, 1994-1995-ci ilin gərgin hadisələri haqda o siyasi məzmunlu filmə baxmışam, amma sizi təəssüf ki, xatırlamıram.

– (gülür) Heç mən də xatırlamıram. Kiçik bir epizod idi. Hələ tələbə idim. 2-ci kurs. “Azdrama”da kütləvi səhnələrə çıxırdım. Həmkarlarımdan biri zəng elədi ki, “Bir anın həqiqəti”nə jurnalist qız roluna adam lazımdır. Mən də razılıq verdim. Həmin filmdə Prezidentdən (Heydər Əliyev – aktyor Aleksandr Baluyev) müsahibə alıram. Sözsüz bir epizoddur. Amma elə düşərli rol oldu ki mənimçün…

– “Düşərli oldu” deyəndə?

– İlk dəfə kamera qabağında işlədim, o qorxunu keçdim, kinoya sevgimi artırdı, bundan sonra filmlərə, teleseriallara dəvət aldım.

– …məsələn “Cavad xan”a. Amma “Gürzə” filmi mənim üçün daha maraqlıdır. Bu film haqda heç bir məlumat tapmadım. Kim çəkib?

– Məhərrəm Bədirzadə. Uzun müddət övladı olmayan ana obrazım var.

– “Zəif qadın” obrazları sizin “alın yazınızdı”. Bununla belə, filmoqrafiyanızda bir maraqlı ada da rast gəldim – “100 min AZN” – qırmızı paltarlı qız rolu…

– “100 min AZN” komediyadır. Filmdə qırmızı paltarlı və ağ paltarlı (aktrisa Zülfiyyə Qurbanova – “Həyat, sən nə qəribəsən” serialında Ağca) iki qız liliput bir milyonçunu qoruyurlar. Bir-biri ilə yola getməyən qızların ucbatından pul it-bata düşür. Sonda da başqa adama nəsib olur.

– Bəs Eldar Quliyevin “İstanbul reysi” filmində?

– Fəndgir qaraçı qız… Baş qəhrəmanların falına baxır, yalan öncəgörmələr deyir…

– Teatr mövsümü qapanıb, ad çəkməyəcəyəm, həmkarlarınızdan biri Antalyada, Bodrumda çəkdiyi fotoları facebook-da paylaşır. Bəs siz istirahətə vaxt tapmadız?

– Yox, düzü bu il istirahət etmədim. Ümumiyyətlə bu yaşıma kimi bircə dəfə istirahət etmişəm. O da ötən il Antaliyada. Bu il oruc tutdum, heç yana getmədim. İndi d serialımızın çəkilişi başlayıb.

– Azərbaycan serialları “ailə” təməlində qurulub. Bizim kino bu dar çərçivədən sizcə niyə çıxa bilmir? Çünki başqa ailələrin qeybətini etmək xoşumuza gəlir, yoxsa ailə bizim üçün hələ də dəyərdir?

– Ümumiyyətlə, belə mövzularda həmişə baxılır. Həm də real həyatda doğrudan da problemli ailələr çoxdur. Azad fikir, azad düşüncə çox azdır. Kiminsə dedi-qodusuna qurban gedir talelər. Nə qədər kənar müdaxilələr olur…

– Bizim kino-serial industriyamızla müqayisədə türk serialında bəzən məncə, əcaib ailə modeli görürsən. Adam holdinq sahibi, iş, pul, ailə, hətta məşuqə, Baham adalarında istirahət, kazinoda bəxtgətirmə. Amma adam özünü bədbəxt sayır və küçədəmi, kafedəmi təsadüfən rastlaşdığı “çirkin bir ördəklə”, yəni kasıb qızla rastlaşıb həyatda hər şeyini tale qumarına qoyub uduzur. Bir tamaşaçı və aktrisa, üstəgəl qadın kimi bu cür “nağılları” necə qəbul edirsiz? Həyatda bu cür “ağ atlı oğlan”la qarşılaşma mümkündürmü?

– Aktrisa kimi yox, elə insan kimi deyim ki, mən özüm həmişə şirin nağıllara inanaraq yaşamışam. Bu yaşdan sonra reallığı öyrəndim. İnsan elə şeylərlə rastlaşır ki, deyirsən gerçək necə dözülməzdir. Kaş hələ də uşaq kimi o şirin nağıllara inanaydım.

COMMENTS