Hökumət vəd verdi: 2016-cı ildə 22 min müəllimin maaşı artırılacaq

Parlamentdəki büdcə müzakirələrində təhsil işçilərinə də güzəştli ipoteka verilməsi təklif edildi

Oktyabrın 7-də Milli Məclis Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin və hökumət üzvlərinin iştirakı ilə 2016-cı ilin büdcə layihəsi ilə bağlı növbəti müzakirələrini keçirib. Xatırladaq ki, parlament oktyabrın 13-14 tarixlərində büdcə müzakirələrini plenar iclasa çıxaracaq. Seçkilərlə bağlı proses deputatları daha intensiv işləməyə və ölkənin həyatı üçün mühüm əhəmiyyət kəsb edən sənədin müzakirələrini bitirməyə vadar edir.

Komitələrin birgə iclasında iştirak edən ombudsman Elmira Süleymanova QİÇS və narkomaniyadan danışıb. Deyib ki, bunlar sürətlə artan bəlalardır.

 “Preventiv üsullarla, təbliğat aparmaqla bunun qarşısını almaq lazımdır. Çünki onun hələ də müalicəsi yoxdur”- deyən ombudsman vurğulayıb ki, narkomaniyanın qarşısını almaq, müalicəsi mümkündür və buna daha çox fikir verməliyik: “Cəzaçəkmə müəssisələrinə gedərkən müşahidə edirik ki, orada daha çox cavan kişilər narkomaniyaya bulaşıblar. Həm özləri əzab çəkir, həm dövlət üçün çox böyük xərcdir”. E.Süleymanova bəzi ali məktəblərdə təhsil haqlarının yüksək olduğunu da qeyd edib. Onun fikrincə, 3400 manat illik təhsil haqqını ödəmək bu gün Azərbaycan ailələri üçün çətindir. Uşaq evləri haqqında da  danışan ombudsman qeyd edib ki, bunlar təhsilin ilk pilləsidir və onlara fikir vermək lazımdır. E.Süleymanova bildirib ki, burada məqsəd  yeni kurrikulum əsasında dərslər keçirilən zaman uşaqların çətinliyə düşməməsidir. Ombudsman rayonlarda hüquq məsləhətxanalarının olmaması məsələsinə də toxunub: “Rayonlarda insan hüquqlarının pozulması, məmur özbaşınalıqlarının artmasının səbəbi yerlərdə hüquq məsləhətxanalarının olmaması ilə bağlıdır”. E.Süleymanova hərbi qulluqçuların kirayə mənzil pulu məsələsini də vurğulayıb:

“Bakı şəhərində 47,4 manat, rayonlarda 33 manat, digər yaşayış məntəqələrində isə 28 manat hərbçilərə kirayə üçün ev pulu verilir. Bu pulla o, harada ev tapa bilər ki, ailəsinin saxlasın”.

O, tabeliyində olan bəzi işçilərin əmək haqlarının artırılması ilə bağlı çıxış edib. Bildirib ki, 10 nəfər işçi var ki, mütəxəssis kimi işə qəbul olunub və haradasa 200-240 manat əmək haqqı alır: “Hesab edirəm ki, mütəxəssis kimi işə götürülən həmin şəxslərin məsləhətçi ştatı ilə əvəzlənməsi onlara dəstək olardı”.

Deputat Qüdrət Həsənquliyev gələn ilin büdcəsindəki azalmalardan danışıb. “Bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Dövlət universitetlərinin, səhiyyə obyektlərinin özəlləşdirilməsi həm büdcə üçün, həm də özəl universtitelər üçün yaxşı hal ola bilər”-deyən deputat qaçqın və məcburi köçkünlərlə də bağlı məsələyə də toxunub: “Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaltmaq yox, əksinə, artırmaq lazımdır. 20-25 ildir ki, onlar ağır şəraitdə yaşayırlar. Düşünürəm ki, onların problemləri həll olunmalıdır.

Azərbaycanın real artımı  2016-cı ildə 2,5%, Ermənistanda isə bu göstərici 0% olacaq”.

Q.Həsənquliyev Naxçıvana ayrılan maliyyənin azaldılmasından şikayətlənib. Bildirib ki,  Ermənistan 2,6 milyard dollarlıq büdcəsinin 114 milyon dollarını Qarabağa ayırıb: “Azərbaycanda isə strateji cəhətdən əhəmiyyətli bir yer olan Naxçıvana ayrılan dotasiya 15,4 milyon dollar azaldılıb. Buna görə düşünürəm ki, ora ayrılan dotasiyanın azaldılması yaxşı hal deyil. Naxçıvan hər tərəfdən blokada şəraitində olan bir ərazidir. Bunu özüm naxçıvanlı olduğuma görə demirəm, belə bir vəziyyət harda olsa, dilə gətirərdim”. 

Q.Həsənquliyev “Azəristiliktəchizat”, “Azərsu” və “Azərbaycan Hava Yolları” (AZAL) səhmdar cəmiyyətlərinə dövlət tərəfindən dotasiyaların dayandırılması təklifi ilə də çıxış edib. (apa.az) Deputat müzakirələr zamanı maliyyə naziri Samir Şərifova sual ünvanlayıb: “Büdcə zərfi ilə tanış olarkən görürük ki, bəzi səhmdar cəmiyyətlər dövlət zəmanəti hesabına götürdüyü borcları ödəyə bilmir. Halbuki həmin təşkilatların çoxu həm də vergi borclarını tam həcmdə yerinə yetirmirlər. Bundan başqa, görürük ki, ”Azəristiliktəchizat”, “Azərsu” və “Azərbaycan Hava Yolları” kimi səhmdar cəmiyyətlərə həm də dövlət büdcəsindən əlavə pul ayrılır. Təsərrüfat hesablı bu qurumların həm borclarını ödəyəcəyik, həm də pul ayrılacaq? Bu nə dərəcədə doğrudur? Maliyyə Nazirliyi bir araşdırma aparırmı ki, bu vəsaitdən səmərəli istifadə edilir? Niyə bu subyektlərin hazırkı maliyyə durumu bu vəziyyətdədir?”

Maliyyə naziri S.Şərifov deputatın sualına cavab olaraq bildirib ki, bəzi qurumların göstərdiyi xidmətlərin tarifləri sərbəst deyil, bunu Tarif Şurası tənzimləyir: “Tarif müəyyənləşdirilərkən, bunun əhaliyə təsiri, sosial effektivlik nəzərə alınır”. Bununla belə, məsələnin düzgün qoyulduğunu deyən maliyyə naziri qeyd edib ki, bu istiqamətdə tədbirlər görülür.

Deputat  Qənirə Paşayeva güzəştli qaydada ipoteka kreditləşməsindən yararlanan əhali qrupuna müəllimlərin də şamil olunması təklifi ilə çıxış edib. Müzakirələrdə iştirak edən maliyyə naziri  qeyd edib ki, gələcəkdə güzəştli kateqoriyaya aid əhali qrupu artırıla bilər. Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər) və üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları yararlana bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.

 Əlavə edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

Azərbaycanda gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq. Bunu isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, gələn il Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq: “Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb və gələn il müəllimlərin maaşının artırılması nəzərdə tutulub”.

COMMENTS