Novruz Məmmədovun istehzası nədən xəbər verir?
“CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə Emin Hüseynov adlı birisini tapıb söhbət etmək olub”. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün twitter səhifəsində yazıb.
“Gördünüz CNN-in Amanpuru necə ”ədalətli və dahi” jurnalistdir?! Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazanıb. Nəhayət, həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr edib. CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu olub. İndi başlayacaqlar Emin Hüseynovu qəhrəman etməyə. Amanpura isə Nobel mükafatı düşür” – deyə, N. Məmmədov qeyd edib.
“Yeni Müsavat” isə xatırladır ki, bu, E.Hüseynov ölkəni tərk edəndən sonra YAP-çı deputatların açıqlamalarından daha fərqli açıqlamadır. Daha öncə deputat Siyavuş Novruzov E.Hüseynovun qanunu pozduğunu demişdi. İndi isə PA səviyyəsində buna bu cür reaksiya verilir.
Ekspertlər isə hesab edir ki, xüsusən S.Novruzov səviyyəsində deputatın, eləcə də digərlərinin bu cür açıqlamalar verməsi siyasətin tərkib hissəsidir. Yəni onlar məlumatsızlıqdan yox, hökumətin E.Hüseynov məsələsində geri çəkilmədiyini çatdırmağa çalışırlar. Bundan başqa, rəsmi səviyyədə E.Hüseynov məsələsinə aydınlıq gətirilmədiyi üçün hakimiyyət məsələni ictimai rəydə öz xeyrinə yönləndirmək niyyətindədir. Yəni “biz qorxmadıq, çəkinmədik, anlaşmaya getmədik. Emin Hüseynovu qaçırdılar və o, bizim gözümüzdə cinayətkardır”. Cəmiyyətə ötürülmək istəyən mesaj budur.
COMMENTS