Hövsanda aksiyaçılardan polisə şikayət edən Ağasəlim Əliyev danışdı

Ağasəlim Əliyev: “Maşınımı sındırıblar, mən də həmin şəxslərdən polisə şikayət eləmişəm”

Azad Həsənov: “Bu araşdırma işinin Sevinc Hüseynovaya tapşırılmasının səbəbi direktorun əməllərini ört-basdır və onun əleyhinə olan faktları yox etmək istəyi ilə bağlıdır”

Arzu Abdulla: “Əgər insanlara qarşı təzyiq varsa, mən onlara deyirəm ki, bizə, hüquq müdafiəçilərinə müraciət etsinlər”

Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyevin avtomobilinin məlum aksiya iştirakçıları tərəfindən xəsarət yetirilməsi iddiası ilə bağlı Suraxanı rayonu 30-cu  polis bölməsində dindirmələr davam edir.

Hövsan qəsəbəsinin sakini Azad Həsənov musavat.com-a deyib ki, son olaraq Telman adlı gənc polis idarəsinə çağırılıb və ona avtomobilə xəsarət yetirdiyi və bununla bağlı şahidlərin olduğu bildirilib. Telman isə cavab verib ki, o, dünyasını dəyişən gəncin xəstəxanaya çatdırılması üçün təcili yardım maşını ilə birgə gedib.
 
Məktəb direktoru Qardaşxan Səlimov ilə bağlı aparılan araşdırma işinə gəlincə isə, Azad Həsənov qeyd edib ki, hazırda Təhsil Şöbəsi və Suraxanı rayon icra başçısının humanitar məsələlər üzrə müavini Sevinc Hüseynova məktəbdə araşdırma aparır: “Sevinc Hüseynova ilə Qardaşxan Səlimovun çox yaxşı əlaqələri var. Daha əvvəl də Qardaşxan Səlimovla bağlı şikayətlərə baxılarkən S.Hüseynova direktorun tərəfini saxlamışdı. Biz düşünürük ki, bu araşdırma işinin Sevinc Hüseynovaya tapşırılmasının səbəbi direktorun əməllərini ört-basdır etmək və onun əleyhinə olan faktları yox etmək istəyi ilə bağlıdır”.

Azad Həsənov onu da bildirdi ki, hadisələr başlayandan sonra rayonun deputatı Sevinc Fətəliyeva bir dəfə də olsun, gəlib proseslərlə maraqlanmayıb: “Demək olar ki, S.Fətəliyeva Hövsan qəsəbəsində baş verənlərə reaksiya verməyib. Bir neçə dəfə sakinlər onunla görüşərək, problemləri dilə gətiriblər. Ancaq o, məsələ ilə maraqlanacağını desə də, hələlik bir addım atdığını görməmişik”.
 
Müsahibimiz onu da bildirdi ki, mətbuatda gedən son məlumatlardan sonra təzyiqlər nisbətən səngiyib.
 
Son günlər mətbuatda adı hallanan Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyev də musavat.com-a danışdı.

O, bildirdi ki, yeganə məqsədi avtomobilinə ziyan vuranların cəzalandırılmasıdır: “Birincisi, mən qeyd etmək istəyirəm ki, aksiyada dünyasını dəyişən gənc haqqında yazarkən onun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini də qeyd etmək lazımdır. Çünki bu insanın ölümündə heç kim günahkar deyil”.

Avtomobilinə xəsarət yetirilməsinə gəlincə, A.Əliyev bu məsələnin qanun çərçivəsində həll ediləcəyini söylədi: “Kimlərsə narazıdır və gəlib, aksiya keçirirlər. Mənim avtomobilimin burada nə günahı var? Mənim maşınımı sındırıblar, mən də həmin insanlardan polisə şikayət eləmişəm. Hər insan öz əməllərinə görə cavab verməlidir. Bu, bir xuliqanlıq hərəkətidir. Maşının əzilməsi səhnələri internetdəki  videolarda da var, polis o zaman orada olub və kimlərin bu işi gördüyü aydındır, şahidlər də var. Mən ərizədə 3 nəfərin adını yazıb, vermişəm. O ki, qaldı mənim onlara müxalifətçi deməyimə, onların müxalifətçi olduğunu hamı bilir. Bu insanlar mənim adımı çəkirlər ki, guya Elmarın dünyasını dəyişməsində mən günahkaram. Bu hadisənin mənimlə nə əlaqəsi var?”

Ağasəlim Əliyev aksiyanın məktəbin həyətində keçirilməsi haqqında qərarın necə verilməsi məsələsinə də aydınlıq gətirdi: “Mən yanvarın 19-da səhər tezdən işə gələndə sakinlər gəlib, mənə bildirdilər ki, biz aksiya keçirmək istəyirik. Onlar şənbə günü, yanvarın 17-də ərizə vermişdilər, sonrakı gün – bazar günü iş günü olmayıb, yanvarın 19-da gəliblər ki, aksiya keçiririk. Sonra polis idarəsindən sahə müvəkkili gəldi və dedi ki, qərar çıxana qədər gözləyin. Sakinlər isə bildirdilər ki, biz 3 televiziyanı çağırmışıq, bu gün aksiya olmalıdır. Bu sözləri deyib, məktəbə tərəf getdilər. Mən onlara məktəbə getməyi tapşırmadım. Mən onlara dedim ki, dağılın, ərizənizə baxılsın, araşdırılsın, əgər direktor günahkardırsa, bu haqda tədbir görüləcək. Məktəbdə aparılan araşdırmalara gəlincə, burada şikayətdə deyildiyi kimi, həm məktəb müəllimlərinin bilik səviyyəsi, həm də direktorun işlətdiyi ifadə ilə bağlı araşdırma gedir. Ancaq onu da deyim ki, hətta Qardaşxan Səlimovun bu ifadəni işlətmədiyi və günahsız olduğu sübut edilsə belə, o, artıq Hövsan qəsəbəsində çalışa bilməz. Çünki insanlar arasında hörmətini itirib, yəqin ki, günahsız olduğu sübut olunsa, onu başqa bir yerə təyin edərlər. Daha dəqiq qərar isə, Bakı Şəhər Təhsil Şöbəsinin təşkil etdiyi komissiyanın rəyindən sonra bəlli olacaq”.

Baş verənlərə münasibət bildirən hüquq müdafiəçisi Arzu Abdulla Hövsan sakinlərinə hüquqi yardım göstərməyə hazır olduğunu bildirdi: “Əgər Azərbaycanda ədalətli istintaq, ədalətli məhkəmə sistemi olsaydı, insanların heç bir qorxusu olmazdı və əhali aksiya keçirmək məcburiyyətində qalmazdı. Onların şikayətləri araşdırılardı, qərar verilərdi, əhaliyə açıqlanardı və cəmiyyət də bundan öz nəticəsini çıxarardı. Ancaq hər kəs bilir ki, məhkəmələr də sifarişli olur, istintaq da sifariş əsasında keçirilir. Çalışırlar ki, insanların müqavimətini qırsınlar, qula çevirsinlər. Xüsusən də, rayon məktəblərində şagirdləri bu ruhda tərbiyə edirlər. Məktəblərdə vətəndaş yetişdirilmir, qul yetişdirilir. İndi Hövsanda aksiya keçirən insanları günahlandırırlar ki, avtomobili sındırıblar. Əgər istintaqı aparanlar ədalətli qərar çıxarmaqda maraqlı deyillərsə, həmin sakinlər də qorxu içində olacaqlar. Əgər insanlar qorxacaqsa, o zaman heç nəyə nail ola bilməyəcəklər. Ancaq bütün məktəb ayağa qalxacaqsa, hər kəsi eyni vaxtda tutmaq mümkün olmayacaq. Əgər insanlara qarşı təzyiq varsa, mən onlara deyirəm ki, bizə, hüquq müdafiəçilərinə müraciət etsinlər. Vəkillərlə birgə biz də onlara yardım edə bilərik və həqiqətin üzə çıxarılmasında köməkçi olarıq”.

Yazıda adı çəkilən digər şəxslərin də mövqeyini ictimailəşdirməyə hazırıq. 

COMMENTS