“Hücum futbolu ilə xal qazanmaq istəyirik” – Mahmud Qurbanov

Azərbaycan milli komandasının yeni baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi

 

– Yeni təyinat barədə Sizi təbrik edirik. Nə deyə bilərsiniz?

 

– Yığmada çalışmaq şərəfli, amma çətin işdir. Mənə etimad göstərdikləri, inandıqları və şans verdikləri üçün AFFA rəhbərliyinə minnətdaram. Sizin də dəstəyinizlə əlimizdən gələni edəcəyik ki, Norveçlə noyabrın 16-da keçirəcəyimiz oyundan uğurlu nəticə ilə ayrılaq.

 

– Yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz…

 

– Mən heç bir rəqibdən qorxmuram. Hazırda əsas diqqətimiz Norveçlə oyuna yönəlib. Düzdür, gələcək karyeranı düşünən insanam. Amma bu gün növbəti rəqibi düşünməliyik, yaxşı nəticə, futbol üçün əlimizdən gələni edəcəyik.

 

– Foqtsun İtaliya və Xorvatiya ilə qarşılaşmalara Mahir Şükürovla Vaqif Cavadovu çağırmaması xeyli tənqid olundu. Sizin necə, onları qaytarmaq planınız var?

 

– Bu barədə plan qurmamışam. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, çağırılacaq. Xarici çempionatlarda çıxış edən legionerlərimizdən yararlanmaq lazımdır. Bu, xüsusən, klubda oyun praktikası və millidə təcrübəsi olanlara aiddir.

 

– Bəs onların çıxışlarını yerindəcə izləyəcəksiniz?

 

– Yəqin ki, legionerlərimizi izləməyə gedəcəyəm. Hələlik qarşıdakı planlarımı tam müəyyənləşdirməmişəm. Dəqiqləşmə olan kimi konkret addımlar atacağıq.

 

– Foqtsun vaxtında milliyə cəlb olunmuş əcnəbi futbolçuları Siz də yığmaya çağıracaqsınız?

 

– Həmişə demişəm ki, yığmada yerli futbolçular yer almalıdır. Yenə də fikrimdə qalıram. Onlardan hardasa biri çağırıla bilər. Təyinat yeni olduğundan, hələ bu barədə düşünməmişəm.

 

– Norveçlə oyunda yaxşı nəticə üçün çalışacağınızı dediniz. Konkret, hansı nəticəni nəzərdə tutursunuz?

 

– Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Amma hücum futbolu sərgiləyərək, xal qazanmağı düşünürük. (sportnet.az)

COMMENTS