Hüseyn Abdullayev siyasi məhbus elan oluna bilərmi…

Hüseyn Abdullayev siyasi məhbus elan oluna bilərmi…

Mirvari Qəhrəmanlı: “Ona siyasi məhbus deməyə heç bir əsas yoxdur”

Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən “Quska” ləqəbli, biznesmen, sabiq deputat Hüseyn Abdullayevin istintaqı ilə bağlı onun vəkilləri susur. Sabiq deputatın işindəki son durumla bağlı onun vəkili, eləcə də ona yaxın şəxslərdən məlumat öyrənmək mümkün deyil. Sanki “Quska” tərəfindən bu şəxslərə danışmamaq üçün embarqo qoyulub.

Bu da bəzi iddialara yol açıb. Belə iddia olunur ki, 11 il öncə olduğu kimi, H.Abdullayev yenə də “bağışlanması” üçün hərəkətə keçib. Onun anasının bu istiqamətdə addımlar atdığı iddia olunur. “Sonuncu ölən ümidlərdir” düşüncəsi ilə “Quska”nın azadlığa çıxmaq üçün bütün yollara baş vurduğu iddia olunur.

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat ətrafındakı söz-söhbətlər təkcə bunlarla bitmir. Ölkə daxilində fəaliyyət göstərən bəzi hüquq-müdafiə təşkilatlarının, eləcə də hüquqla əlaqələri olmasa da, özlərini hüquq müdafiəçisi adlandıran şəxslərin biznesmenin maliyyəsindən faydalanmaq üçün onu siyasi məhbus elan edə biləcəkləri ehtimal edilir. İndiyə qədər Azərbaycan praktikasında belə təcrübələr çox olub. Hakimiyyətdə təmsil olunub, sonradan korrupsiya hallarına, müxtəlif cinayət əməllərinə yol verdikləri üçün həbs edilən iri ranqlı məmurlar bir anda müxalifət düşərgəsinin “qəhrəmanı”na çevriliblər, onların həbsində insan haqlarının pozulması görüntüsü yaratmağa cəhdlər edilib və sonunda da həmin şəxslər siyasi məhbus elan ediliblər.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı indiki vəziyyətdə H.Abdullayevin siyasi məhbus elan olunması üçün heç bir əsasların olmadığını söylədi: “Kimsə hazırda analiz etmədən, situasiyanı qiymətləndirmədən, bütün proseslər barədə ətraflı məlumat almadan hər hansı bir hüquq müdafiəçisi və ya özünü hüquq müdafiəçisi adlandıran istənilən şəxs Hüseyn Abdullayevi siyasi məhbus elan etsə, bu düzgün olmayacaq. Siyasi məhbus o şəxsdir ki, həbsində, ona verilən cəzada siyasi motivlər olsun. Hüseyn Abdullayev haqqında ötən dəfə sizə verdiyim açıqlamada bildirmişdim ki, onu ilk dəfə həbs ediləndə niyə azadlığa buraxdılar. Burada yaranan əsas müəmma budur. Çox güman ki, o, üzərinə götürdüyü öhdəliyi pozub. Onu yenə əvvəlki ittihamlar üzrə suçlayırlar. Həmçinin Avropadakı ”söyüş müxalifəti”nə dəstək verməkdə günahlandırırlar. Onun öncəliklə cinayəti sübut olunmalıdır. Burada çoxsaylı suallar var. Bu sualların cavabı məhkəmə prosesində tapılacaq. Müşahidələr əsasında bunlar məlum olacaq. Məhkəmə prosesinin monitorinqi aparılmalıdır. Apelyasiya Məhkəməsi də bitəndən sonra məlum olacaq ki, Hüseyn Abdullayev siyasi məhbusdur, ya yox. Çünki ona qarşı müxtəlif yanaşmalar var. Hamımız bilirik ki, vaxtında iqtidarın önəm verdiyi şəxslərdən olub. Mitinqlərdə iştirakçılara zorakılıq etdiyi barədə hər zaman fikirlər səslənir. Bu baxımdan ona siyasi məhbus deməyə heç bir əsas yoxdur. Özü də Hüseyn Abdullayev hələ məhbus deyil, sadəcə, saxlanılıb. İlkin olaraq ittihamlar irəli sürülüb. O zaman məhbus olacaq ki, üzləşdiyi ittihamlar sübut olunsun. Onun məhkəməsində çalışacam ki, iştirak edim. Ondan sonra suallara rahat cavab vermək imkanım olacaq”.

“Yeni Müsavat”

COMMENTS